evlilik

“Pulun var?”… alaram – II YAZI

Baxış sayı: 692

Bundan əvvəlki yazımda “Pulun var, gələrəm” demişdik. Bəzi qızlarımızın pullu, maşını, evi olan oğlanlar axtarmasından bəhs etmişdik. Onları qınamışdıq, ötən illərin sağlam dəyərlər üzərində qurulan ailələrini onlara misal çəkmişdik. Kirayələrdə səadət içərisində yaşayan, hər ikisi işləyərək sonrakı illərdə özlərinə mənzil də, maşın da alan ailələrdən söhbət açmışdıq.

Pulun heç də hər zaman məsələnin həlli olmadığını da vurğulayaraq bəzən səadəti alt-üst etdiyini qeyd etmişdik. Bütün bunların fonunda isə qızlarımızı qarşılıqlı sevgi, sayğı və hörmət hissləri əsasında ailə qurmağa çağırmış, qalan məsələlərin zaman-zaman həll olunacağına şübhə etməmələrini tövsiyə etmişdik.

Bugünkü mövzumuz isə müasir dövrümüzdə həm də bəzi oğlanların varlı-pullu kişilərin qızlarını axtarması, onlarla ailə qurmağa cəhd etməsi barədədir. Deməli, ortaya qoyduğumuz məsələ tək qızlarımıza deyil, həm də oğlanlara aid imiş. Belə isə söhbətimizə başlayaq.

 

Necə oldu ki…

Həqiqətən də dərindən fikirləşəndə adam ürək ağrısı keçirir. Necə oldu ki, biz bu düşüncələrə qərq olduq? Necə oldu ki, əsl kişiliyin yerini, zəhmətlə çalışıb ailə dolandıranların yerini, gecə-gündüz işləyib heç kimin qarşısında əyilməyən oğlanların yerini belə cılız düşüncəyə sahib gənclər alır? Adam bunları fikirləşdikcə heyrət etməyə bilmir.

Hara gedir cəmiyyətimiz? Axı bütün bunlar bizim xalqa məxsus olmayan fikirlərdir. Bəs biz hazırda kimə oxşayırıq? Hanı o ailə dəyərlərimiz ki, təməlində ülvi hisslər dayanırdı. Hanı o gənclər ki, bir-birini böyük məhəbbətlə sevirdi, onları heç bir qüvvə bir-birindən ayıra bilməzdi. Hanı o illər ki, ailə quran cütlüyün ağlına harada yaşayacaqları, nə yeyib-içəcəkləri belə gəlmirdi onlar yalnız bir-birilərinə olan sevgini düşünürdülər.

İndi eşidirsən ki, bəzi oğlanlar da maddi imkanı yaxşı olan ailənin qızı ilə evlənmək istəyir ki, necə deyərlər, yağ-bal içərisində yaşasın. Həm də bunu gizli şəkildə, ürəklərində düşünmürlər, sosial şəbəkələrdə elan edirlər ki, biz belə qız axtarırıq.

***

Bu yaxınlarda avtobusla uzaq bir yol gedirdim. Arxada iki gənc oğlanın söhbətində də elə bu məsələdən bəhs olunurdu. Deməli, bunların bir dostu dediyimiz kimi, imkanlı qız axtarırmış özünə. Bu fikrə gəlməzdən əvvəl isə anası xalası qızı ilə bunlara söz kəsibmiş. Oğlan da anasının sözündən çıxmayıb, razılıq verib. Lakin ürəyində maddi vəziyyəti yaxşı olan bir qızla evlənmək arzusu varmış. Günlərin bir günü belə bir qız çıxır qarşısına. İşlədiyi yerdə müdirinin qızı ilə rastlaşır. Və deyir ki, axtardığım elə bu imiş. Sonra tanış olurlar. Qız onu sevməyə başlayır. Atası əvvəl razı olmasa da, sonra qızının istəyinə qarşı çıxmaq istəmir. Beləliklə, razılaşırlar və oğlan öz xalası qızı ilə kəsilən sözü pozur və həmin qızla nişanlanır. Oğlanların söhbətinə görə dostları hələ evlənməyib. Lakin artıq orada çalışmır. Qayınatası olacaq adam onun iş yerini dəyişdirib. Hazırda oğlan yaxşı bir yerdə işləyir.

Anası ilə xalası isə bir-birinə düşmən kəsiliblər. Çünki hamının gözü qarşısında bacısı və oğlu onun qızının hissləri ilə oynayıb.

Təəssüf ediləcək hal ondan ibarətdir ki, tək qızlar, oğlanlar deyil, bəzi ailələr də var ki, oğlanlarına və qızlarına yetkinlik yaşına çatar-çatmaz elan edirlər ki, bax, bilməzsən kasıb-kusuba ürək verərsən ha. Biz səni imkanı olmayan adama verməyəcəyik və ya biz sənə imkanı olmayan ailədən qız almayacağıq, deyirlər. Beləliklə də övladlarının hissləri ilə oynayır, onları öz seçimləri qarşısında tərəddüdlə üz-üzə qoyurlar. Belə ailələr oğlan və ya qızlarından biri onların sözünün əksinə çıxıb istədiyi, sevdiyi adamla ailə qurmağa cəhd edirsə, onu bir dəfəlik silir, nə qapısını açır, nə də evlərinə gedir, maraqlanırlar.

Lakin onların sözü ilə oturub-duran övladları olur gözlərinin işığı. Onun üçün hər şey edirlər. Lakin onlar anlamırlar ki, pul da, var-dövlət də gəldi-gedərdir. Sevgi, sayğı və hörmət isə milyonlara bərabərdir.

 

Tanıdığım iki ailə…

Yaxından tanıdığım iki ailənin övladlarının həyat hekayəsi yaddaşıma elə iz salıb ki, onları əsla unuda bilmirəm. Deməli, mən o ailələri tanıdığım kimi, onlar da bir-birilərini tanıyırdılar. Ailələrin hər birində bir qız, bir oğlan böyüyürdü. Həm də ailələrin biri maddi imkanı çox yaxşı olan, digəri isə orta vəziyyətdə idi. Bunların qızları həmyaşıd idilər. Məktəbi də bir oxudular, universiteti də. Gün o gün oldu ki, bunlar sevib-sevilməyə başladılar. İmkanlı ailə qızını kasıba verməməyi planlayıbmış. Ortabab ailə isə əsla bu barədə söhbət etmirdi. Günlərin birində məlum oldu ki, həmin orta səviyyədə yaşayan ailənin qızına elçi gəlib, sözünü veriblər. Bu zaman imkanlı ailənin qadını başladı qızın anasını danlamağa ki, onlar nə ailə idi, sən onlara qız verdin, o oğlan sənin qızına hansı həyatı yaşadacaq, görəcəksən.

Lakin qızın anası bu cür düşünmədiyi üçün deyirdi: Elə demə, sən Allah, taleyi yazan da, ruzi-bərəkəti verən də Allahdır. İnşallah yaxşı olar. Hər ikisi təhsillidir, əl-ələ verib, özlərinə yurd-yuva quracaqlar. Və bu söhbəti əsla qızına danışmadı.

Gün o gün oldu ki, imkanlı ailənin qızı gəlib anasına dedi ki, bəs mənim sevdiyim var, elçi gəlmək istəyirlər. Oğlan da tanıdığımız ailənin oğlu idi. Təhsil almış, mədəni oğlandı, lakin ailələri bunlar qədər imkanlı deyildi. Bunu eşidən ana az qaldı ki, dəli olsun: ay qız, sən nə danışırsan? Atanın qarşısına “H” kişini gətirəcəksən? Heç gör, onlar bizim ailəyə uyğun adamdırlar? Atan bunu bilər, səni biryolluq silər. Bir daş altdan, bir daş üstdən, bu məsələni bağla, at bir kənara. Ondan sənə ər çıxmaz.

Qız da beləliklə, anasının sözünə qulaq asdı və oğlana ailəsinin razı olmadığını bildirdi. Gənclərin hər ikisi çox acı çəkdilər ayrılanadək. Lakin ana onları ayırdı. Aradan bir az vaxt keçmişdi. Eşitdik ki, qızı atasının dostunun oğlu ilə nişanlayıblar. Onların da ailəsi bunlar kimi imkanlıdır.

Nə isə, qızların toyları iki həftə aralığı ilə oldu, hərəsi öz yuvasına köçdü. Aradan 2-3 il keçməmişdi hələ, görün, nələr oldu? Eşitdik ki, həmin imkanlı ailənin qızı gəlib oturub atasıgildə. Ona görə ki, həyat yoldaşı gecə-gündüz evə gəlmir. Harada olur, kimlə birlikdədir, hesabat belə vermək fikrində deyil. Soruşulanda isə, “sənə nə var”, “nəyin əskikdir ki?” cavabını verir və yenə də həyatına olduğu kimi davam edir. Bir qız övladları da olmuşdu. Qız atası evinə qayıtdı və bir daha dönmədi. Ailələri dağıldı.

Ortabab səviyyədə yaşayan ailənin qızı isə yoldaşı da işlədi, özü də, onların da bir qız övladları oldu. Sonra qız evdə uşağına qulluq etdi, işləmədi. Həyat yoldaşı isə qısa zamanda yaxşı bir işə düzəldi. İndi evləri də, maşınları da, hər cür imkanları da var. Həmin imkanlı ailənin qızını sevən, ananın təkidlə ayırdığı oğlan da bu oğlanla birlikdə işləyir. Onun da hər cür imkanı var…

Bax, bu, o qədər maraqlı bir həyat hekayəsidir ki, hər kəsin oxuyub bilməsini istədim. Çünki bəzən yanlış addımlarımız övladlarımızın bədbəxtliyi, sevgisiz-ruhsuz yaşaması ilə nəticələnir. Söz yox ki, bu kimi hadisələrlə yüzlərlə adam qarşılaşır. Hələ bundan da acınacaqlıları ilə… Düşünürəm ki, hər kəs də cəmiyyətin belə nümayəndələrinə eyni sualı verir: nə üçün biz belə olduq?..

 

Hansı ki…

Bəli, hansı ki, bu gün maddi vəziyyəti çox yaxşı olan ailələrin əksəriyyətinin kirayələrdən başlayan bir həyatı olub. Əksəriyyət kimi, onlar da əmək haqqı ilə dolanıblar, bu ayın başından o ayın başınadək olmazın çətinlikləri ilə üzləşiblər. Lakin həyatlarının sonrakı mərhələlərində maddi vəziyyətləri yaxşılaşandan sonra o günləri dərhal unudur, sanki elə əvvəldən belə imişlər kimi həyata davam edirlər. Keçmişlərini unutduqları üçün də övladlarının həyatını məhv edirlər. Onların pulu, evi, maşını olmayan adamla ailə qurmasına qarşı çıxırlar. Düşüncələrinə görə xoşbəxt həyat məhz pulla, evlə, maşınla, yaxşı gəlirlə bağlıdır. Lakin belə deyil axı. Bəzən dəstə-dəstə pulumuz ola bilər, lakin onun tək manatı belə üzümüzü güldürməyi bacarmaz. Bəzən 250-300 kvadratmetr evimiz ola bilər, lakin 50-60 kvadratmetrlik evlərdəki səadəti o böyük evlərdə tapa bilmərik. Maşınımız ola bilər, lakin evdən işə, işdən evə qədər olan məsafəni piyada gəzintimizdə aldığımız zövqü o maşınla həyatımız boyu gəzməklə ala bilmərik.

Deməli, bu qənaətə gəlmək olar ki, pul səadət, ev xoşbəxtlik, maşın rahatlıq deyil. Pul o zaman səadət gətirir ki, bir-birini sevən, hörmət edən iki nəfər onu birgə xərcləyir. Ev o zaman xoşbəxtlik saçır ki, onun içərisində bir-birini sevən, bir-biri ilə yaşamaq istəyən iki nəfər olur. Maşın o zaman adama rahatlıq gətirir ki, onun içindəki insanla bir neçə kvadratlıq yer sənə təbiətin geniş qoynu kim gəlir. Belə isə…

 

Dünya malı dünyada qalır

Bu misalı tam mənası ilə anlamayanlar yüzlərlədir. Hələ bəzən “bu dünyada bir gün görməyək ki, dünya malı dünyada qalacaq”,- deyənlərə də rast gəlirik. Lakin dərindən düşünəndə, bu, belədir. Adamlar var ki, neçə-neçə evi, maşını var. Pulu xərcləməyə yer tapa bilmir. Lakin iç dünyası boşdur. Heç bir maddi gəlir bu mənəvi dünyanın zənginləşməsinə xidmət edə bilmir. O evlərin heç biri bu sağalmaz yaranın əlacı ola bilmir. O maşınların heç biri onu maddi dünyadan mənəvi dünyaya çatdıra bilmir. Xərclədiyi pulla hər şey alır, sevgidən, səadətdən, xoşbəxtlikdən savayı…

Bəlkə onlarla belə adamlar var ətrafımızda. Hər birimiz onlara şahid olmuşuq. Lakin bu adamların tam əksi olanlar da var aramızda. Bir evi, bir maşını, bir işi var. Eyni zamanda gözəl ailəsi, övladları, sevdiyi qadın, kişi var yanında. Hara baxırsa, səadət yağır, sevinc əhatə edir onu. İşdən çıxan kimi 50-60 kvadratmetrlik evi onu maqnit kimi çəkir özünə. Çünki onu bu evdə sevdiyi, sayğı duyduğu insan gözləyir. Qazancı da ailəsinin tələbatını ödəyir. Çünki bu qazanca evdəki düzgün həyat tərzi yoldaşlıq edir. Bu qazanca ailədəki hörmət hissi bərəkət gətirir.

Belə ailələrin maşınlarının də içərisi səadətlə doludur. Çünki o maşın bu sevgi dolu ailəyə xidmət edir. Onları istədikləri yerə aparır, gətirir: səmimi, birgə, firavan şəkildə.

Deməli, “dünya malı dünyada qalır” deyənlər, heç də yanılmayıblar. Həqiqətən də insana qalan sevgi, hörmət və sayğıdır.

 

Aldatmayaq, aldanmayaq…

Nə kimisə aldatmağa çalışaq, nə də kiməsə aldanmağa, əziz oxucular. Yüzlərlə aldanmışlar var aramızda, yüzlərlə də aldadan. Nə üçün bəzi oğlanlar imkanlı ailələrin qızları ilə evlənmək istəyirlər. Bunu dərindən düşünmüşükmü? Bunun arxasında hansı planların olduğunu anlamışıqmı? Axı kişi Koroğlu, Babək kimi əli qılınclı olar. Axı kişi Fərhad kimi əli külünglü olar. Kişi ata-babalarımız kimi əli dırmıqlı, belli, kərəntili olar. Bəs belə isə kiminsə kölgəsinə sığınanların adı nədir? Belələrini tanımaq üçün çox əziyyət çəkmək lazım deyil, sadəcə bir qədər düşünmək yetər. Onların bu istəyinin arxasında nəyin olduğu gün kimi aydındır. Qayınata hesabına arzularını həyata keçirmək, vəzifəyə getmək, ev, maşın sahibi olmaq və yaxud da çirkin həyat tərzi yaşamaq. Bütün bunlara görə də aldanmayaq.

Və aldatmayaq. Qoy kimsə kimsəni şəxsi istəklərinə görə aldatmasın. Onsuz da tez, gec, hər şey ortaya çıxacaq. Bu zaman isə ortada qalan gənc qızlar və onların övladları olur. Bu məsələlərə valideynlər daha həssaslıqla yanaşmalıdır. Qızlarının həyat quracağı insanın insanlığını axtarmalıdırlar. Əgər bu, varsa, inanın ki, bütün maddiyyat onun kölgəsində qalacaqdır. Biz insan olduğumuz üçün bizə insani dəyərlər daha çox gərəkdir, nəinki maddi dəyərlər…

“Pulun var”, alaram. Nə qədər utandırıcıdır, deyilmi?..

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir