evler

Qanunsuz tikili hansı halda və necə sökülə bilər?

Baxış sayı: 885

Son dövrlərdə vaxtaşırı ölkə ərazisində qanunsuz tikilmiş evlərin sökülməsinə şahidlik edirik. Etiraf edək ki, qanunsuz tikinti tikilinin icazəsiz olaraq tikilməsi demək deyil. Hamıya məlumdur ki, bəzi nəzarətedici qurumlar vətəndaşların sənədi olmasa belə, onlara müəyyən şərtlərlə tikinti aparmağa icazə verir. Həmin tikililər söküldükdə isə zərər ancaq vətəndaşa dəyir. Məsələn, Binəqədi rayon ərazisində “neftin torpağı” deyilən və SOCAR-ın balansında olan torpaqlarda işbazlar tərəfindən fərdi evlər tikilib, “bələdiyyə sənədi” ilə vətəndaşlara münasib qiymətə satılır. Məlumatsız vətəndaş düşünmədən əlindəki son pulunu belə, verərək, ev sahibi olmağa çalışır. Amma sonda olan yenə vətəndaşa olur. Həm pulu “batır”, həm də ev sahibi olmaq arzusu “gözündə qalır”.

İndi vətəndaşlar üçün maraqlıdır ki, qanunsuz tikililər hansı halda sökülə bilər? Ümumiyyətlə, müvafiq qurum hansı qərarla qanunsuz tikilini sökə bilər?

Sualımıza ilk olaraq münasibət bildirən “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, vətəndaşın mülkiyyətində olan əmlakın məhvi yalnız məhkəmə qərarı və yaxud özünün istəyi ilə ola bilər. Vətəndaş icazəsiz tiksə belə, onun həmin əmlak üzərində sahiblik hüququ var: “Mənim fikrimcə, bütün qanunsuz tikililər hansısa bir sənəd əsasında sökülməlidir. Məsələn, Nazirlər Kabinetinin ərazi üzrə bir qərarı və ya məhkəmə qərarı olmalıdır. Vətəndaş mənzil tikibsə, orada yaşayırsa, artıq bu zaman vətəndaşın həmin əmlak üzərində hüququ yaranır”.

“Vətəndaş 30 il və ya 30 ildən artıq qanunsuz tikilən mənzildə yaşayırsa, artıq vətəndaşın həmin əmlaka hüququ yaranır. Hər hansı bir səhv sənədlə, yəni sənədin səhv olduğunu özü də bilmirsə, həmin mənzildə 10 ildən artıq yaşayırsa, artıq vətəndaşın həmin mənzil üzərində hüququ əmələ gəlir. Bütün bunlar Mülki Məcəllədə qeyd olunub” – deyə ekspert vurğulayıb.

N.İbrahimov bildirir ki, ölkədə qanunsuz olaraq tikinti aparmaq mümkündür, amma icazə olmadan tikinti işləri ilə məşğul olmaq qeyri-mümkündür: “Nəzarət qurumları göz yumduğu üçün belə tikilər artır. Həmin qurumlarda olan şəxslər dostluq, qohumluq və ya pul müqabilində qanunsuz tikililərin tikilməsinə göz yumurlar. Qanunsuz tikililər sökülən zaman isə nəzarətedici qurumlar və şəxslər məsuliyyət daşıyır”.

Meriya Binəqədi rayonundakı zeytunluq ərazisini sökdü

Prosesin hüquqi tərəflərini isə hüquqşünas Səməd Vəkilov izah etdi. O bildirdi ki, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, şifahi göstəriş əsasında tikintini sökmək və dayandırmaq mümkün deyil: “Müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir. Tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir”.

S.Vəkilov qeyd etdi ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində isə bəzi tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: “Məsələn, kiçik memarlıq formalarının, açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin və s. tikintisi zamanı xüsusi icazə lazım deyil”.

Hüquqşünas vurğuladı ki, hər hansı bir tikintinin söküntüsü zamanı isə məhkəmə qərarı olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir