ders

Tələbəni taleyin ümidinə buraxan universitetlər…

Baxış sayı: 264

“Təhsil Tələbə Kredit Fondu bir ildir ki, fəaliyyət göstərir və bu müddətdə 1500-dək tələbənin təhsil kreditini qarşılayıb. Tələbələr intihar etməkdənsə, təhsili yarımçıq qoymaqdansa, bu fondun fəaliyyətindən yararlanmağa çalışmalıdırlar. Lakin çox yaxşı olardı ki, bu fondla bağlı qaydalarda da dəyişikliklər edilsin”. Bu sözləri təhsil üzrə ekspert Elşən Qafarov son zamanlar təhsil haqqını ödəyə bilmədiyinə görə intihar edən və yaxud da təhsildən uzaqlaşan tələbələrin problemlərindən danışarkən dedi.

O, qeyd olunan halların yaranmaması üçün təklif edir ki, ali təhsilin ilk ilindən güzəştlər edilsin, tələbələr təhsillərinin birinci ilində də ödənişləri yarı-yarıya versinlər:

“Çünki o qədər təhsil haqqını ödəyə bilməyib ali təhsil almaq istəyən tələbələrimiz var ki, onları da nəzərə almalıyıq. Universitetlər də tələbələrə müəyyən güzəştlər tətbiq etməlidirlər. Birinci ildə ödəniş tələb olunarsa, ikinci ildən isə daha yaxşı oxuyanların təhsil haqlarında güzəştlər olarsa, bu zaman tələbələrin böyük qismi fürsətdən yararlanar və belə arzuolunmaz hallar baş verməz”.

ders

Digər problem isə təhsil haqqının yüksək olmasıdır

E.Qafarov onu da bildirir ki, ümumiyyətlə ölkədə təhsil ödənişləri də kifayət qədər yüksəkdir, ali təhsillə bağlı ciddi islahatlara ehtiyac var. Ekspert düşünür ki, universietlərin maliyyə sisteminə yenidən baxılması üçün fərqli model düşünülməlidir. Burada ilk olaraq təhsil alanların mənafeyi düşünülməlidir”.

O bildirir ki, müəyyən güzəştli təbəqə ilə yanaşı sosial statusu aşağı olan ailələrə də güzəştlər olmalıdır:

“Əhalinin bir hissəsi DOST agentliyi və Dövlət Məşğulluq Xidmətində qeydiyyatdadır. Bu ailələrin övladlarına da güzəştlər olmalıdır”.

Keçmiş MDB ölkələri arasında Azərbaycanın ali təhsillilərinin sayına görə axırıncı yerdə qərarlaşdığını, ölkədə hər yüz nəfərə cəmi 17 ali təhsillinin düşdüyünü deyən ekspert bildirir ki, vəziyyət onsuz da ürəkaçan deyil, belə olan halda da tələbələrin təhsil haqlarına görə təhsillərini yarımçıq qoymalarının qarşısı alınmalıdır.

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvi Etibar Əliyev isə bildirir ki, Təhsil və Tələbə Krediti Fondunun kifayət qədər vəsaiti var ki, tələbələrə kredit versin:

ders

“Lakin əsas problem təhsil haqlarınıın yüksək olmasıdır. Elə ali təhsil müəssisələri var ki, orada təhsil haqqı 4 500 manatdır. Təhsilin keyfiyyətinə müvafiq olaraq təhsil haqları aşağı salınmalıdır. Ali təhsil müəssisələrinin rəhbərləri imkansız tələbələrlə ünsiyyət qurmalı, onların problemlərini öyrənməyə çalışmalıdır”.

Deputat vuröulayır ki, hər bir universitet öz tələbəsinin qeydinə qalmalıdır:

“Nə üçün qərb ölkələri inkişaf edir?! Çünki onlar tələbələrinin qeydinə qalırlar. Biz isə tələbələri buraxmışıq taleyin ümidinə. Dekan, müəllim də tələbənin vəziyyəti ilə maraqlanmalıdır. Bəlkə heç tələbənin geyimi də yoxdur. Yaxud da, bəlkə hansısa kiçik qayğıya ehtiyacı var?! Lakin təəssüflər olsun ki, Azərbaycanda ali təhsil müəssisələrinin rəhbərləri bu problemlərlə maraqlanmırlar. Bu səbəbdən də belə intihar hadisələrinə rast gəlirik. Son zamanlar mən iki tələbə intiharı xəbərini eşitmişəm”.

Millət vəkili onu da deyir ki, ali məktəblərin hamısında psixologiya kafedrası olmalıdır:

“Universitetlərin əksəriyyətində psixologiya kafedrası yoxdur. Psixologiya kafedrası olan universitetlərdə isə müəllimlərin bilik səviyyəsi çox aşağıdır”.

E.Əliyev bildirir ki, tələbə həyatı daha maraqlı olmalıdır və hər şey pulun üzərində qurulmamalıdır:

“Ölkədə yataqxanaların tikintisi gecikdi. Elə ali təhsil məktəbləri var ki, onların yataqxanaları yoxdur”.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir