aile

Uşaq doğumu azalır, əhalimiz qocalır: Nə etməli? – ARAŞDIRMA

Baxış sayı: 404

Azərbaycanda uzun əsrlər demoqrafik artımla bağlı heç bir çətinlik yaşanmayıb. Amma son onilliklərdə vəziyyət dəyişir və bizdə artıq doğumun azalması və əhalinin qocalması tendensiyası yaranıb. Bu prosesi necə dayandırmaq və ya yavaşlatmaq olar? Bu yazıda bu məsələni araşdırmağa çalışmışıq.

Əhalinin qocalması dövrümüzün aktual problemlərindən biridir. İnkişaf etmiş ölkələr əhalinin qocalması ilə digərlərinə nisbətən daha tez qarşılaşdılar. İndi bu, dünya miqyasında bir tendensiyaya çevrilib. Keyfiyyətli tibbi xidmət sayəsində insanlar daha uzun yaşamağa başladı, uşaq ölümü azaldı, amma doğum nisbəti getdikcə azaldı. Getdikcə daha çox ailə uşaq sahibi olmağı gecikdirir, ilk növbədə, daha yaxşı yaşayışını təmin etmək istəyir. Çoxuşaqlı ailələr nadir hala çevrilib. “Bir uşaq üçün layiqli həyat təmin etmək daha asandır” deyə bir çox gənc belə düşünür və təəssüf ki, burada o qədər də haqsız deyillər. Hazırda, 3 və daha çox uşağı saxlayıb böyütmək əksəriyyət üçün çox çətindir. Ona görə də müasir ailələr 1 və ya 2 uşaqdan ibarət olur.

Əhalinin azalmasını təmin etmək üçün ölkədə doğum səviyyəsi hər ailəyə görə 3 uşaq olmalıdır. İnkişaf etmiş ölkələrdə miqrasiya bu işə öz töhfəsini verir – gənclər daha yaxşı həyat üçün bu ölkələrə gedir, yaşlılar isə qalır inkişaf etməmiş ölkələrdə qalır.

BMT-nin araşdırmasına görə, dünyada 65 və daha yuxarı yaşda olan insanların sayı yaxın üç onillikdə iki dəfə artaraq 2050-ci ildə 1,6 milyarda çatacaq. Avropada bu proses ən çox İtaliya, İspaniya, Yunanıstan və Portuqaliyaya təsir edəcək. Honq-Konq, Cənubi Koreya və Yaponiya kimi inkişaf etmiş Asiya ölkələrində 65 yaşdan yuxarı əhali təxminən 40% təşkil edəcək.

aile

Bəs Azərbaycanı nə gözləyir?

Ölkəmizdə, proqnozlara görə, yaşlı əhalinin xüsusi çəkisi də xeyli artacaq. Artıq qocalma prosesi müşahidə olunur: son 10 il ərzində yaşlı vətəndaşların sayı 6,2%-dən 7,1%-ə yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə 580,8 min nəfər 60-64 yaş, 396,7 min nəfər 65-69 yaş, 462,7 min nəfər 70 yaşdan yuxarı vətəndaş yaşayır.

Belə bir vəziyyətin təhlükəsi nədir? Əvvəla, dövlətin sosial yükü artır. Səbəbsiz deyil ki, bir çox ölkələrdə, o cümlədən bizdə pensiya yaşını qaldırırlar. Baxmayaraq ki, indi insanlar daha fəaldır, əhalinin qocalması ilə işçi qüvvəsi çatışmazlığı qaçılmazdır və iqtisadiyyat durğunlaşa bilər. Səhiyyə sisteminə daha çox təzyiqbaş verir.

AİLE

Bəs nə etməli?

Əhalinin qocalmasına qarşı mübarizədə doğum səviyyəsinin stimullaşdırılması əsas tədbirlərdən biridir. Norveçdə uşaq dünyaya gələnə qədər işləmiş yeni analar bir il maaşının 80%-ni və ya 42 həftəlik tam maaş alırlar. Atalar üçün atalıq məzuniyyəti də var. Uzun müddətdir ki, “Bir ailə-bir uşaq” siyasəti yürüdən Çində indi ikinci və sonrakı uşaqlar üçün nağd ödənişlər var. Rusiyada doğum nisbəti ilə bağlı çətin vəziyyət var. Bunu ailələrin, əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına xərclədiyi analıq kapitalı ilə və aylıq uşaqpulu verməklə düzəltməyə çalışırlar.

Uzun müddət Azərbaycanda doğum səviyyəsi ilə bağlı problem yox idi və çoxları hesab edirdi ki, bunu stimullaşdırmağa ehtiyac yoxdur. Amma indi statistika narahatlıq yaratmağa başlayıb. Dəstək tədbirlərindən yalnız uşaq doğulanda 500 manat birdəfəlik müavinət verilir. Bu, kifayət deyil, çünki həmin vəsait uşağım doğum xərcini belə ödəmir.

Nəticədə, ailələrdə uşaq sayı minimuma enib. Beynəlxalq təşkilatların proqnozları və müşahidə etdiyimiz tendensiyalar vəziyyətin ciddiliyini açıq şəkildə göstərir. Artıq biruşaqlı ailə modelinə keçmişik, iki-üç uşaqlı ailələr getdikcə azalır. Bir millətin varlığını davam etdirməsi üçün orta hesabla hər ailədə ən azı 3 uşaq olmalıdır. Son 5-6 il ərzində uşaqların sayı 4%, əhalinin ümumi tərkibindəki payı isə 6% azalıb.

Əhali qocalır və bu, təkcə mənəvi-psixoloji problem deyil, həm də sosial-iqtisadi problemdir. Yaşlı əhalinin xüsusi çəkisinin artması dövlətin üzərinə əlavə maliyyə yükü, əmək qabiliyyətli vətəndaşların sayının azalması, hər 1000 işçiyə düşən pensiyaçıların sayının artması, əmək haqqının azalması, sosial xərclərin artmasıdır. Bu səbəbdən əksər ölkələr öz əhalisini və uşaq və gənclərin nisbətini artırmaq üçün bir çox tədbirlər görürlər. Buraya uşaq üçün aylıq müavinət, ev, torpaq sahəsi, avtomobil də daxil olmaqla çoxsaylı təşviq və güzəştlər daxildir.

aile

Uzun illərdir ki, biz jurnalistlər, sosioloqlar, eləcə də bəzi deputatlar, ictimai xadimlər Azərbaycanda uşaq müavinətlərinin bərpası ilə bağlı hökumətə və parlamentə təkliflər veririk. Bunun üçün kifayət qədər maliyyə və iqtisadi imkanlar var. Amma hələlik, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Hesab edirəm ki, ilkin mərhələdə hər uşağa ayda ən azı 100 manat, doğuşa görə isə 5 min manat verilə bilər. Heç olmasa, aylıq gəliri adambaşına 500 manatdan aşağı olan ailələr üçün bunu etmək olardı.

Arqument kimi qeyd olunur ki, aztəminatlı ailələrə guya ünvanlı sosial yardım ödənilir. Amma buna baxmayaraq, qeyri-qənaətbəxş şəraitdə yaşayan uşaqlar var. Uşaq müavinəti daha məqsədyönlü və şəffaf olardı.

Buna baxmayaraq, etiraf etmək lazımdır ki, ailələrdə uşaqların sayının kəskin azalması təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil. Varlı ailələrin əksəriyyətinin bir və ya iki uşaqdan çoxu yoxdur. Həyat tərzi, mənəvi dəyərlər, psixologiya- hər şey dəyişib. Çoxları artıq özlərini uşaqlara həsr etmək istəmirlər. Bir sıra başqa obyektiv səbəblər də var: nikahların sayı azalıb, sonsuzluq artıb. Bütün bu səbəblər bizi demoqrafik fəlakətə sürükləyir. İndi tədbir görməsək, sonra gec olacaq.

 

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir