Efsane R

Vaxtımı dondururam – “NATAMAM”

Baxış sayı: 414

Fərqli bir konsultasiya olacağı deyilmişdi bu gün günə başlayanda. Saat 15:00-da gələn qonağımın qeydiyyatı üçün müraciət edən adam bildirmişmiş bunu. Mənə də maraqlıdır işin açığı. Axı onsuz da mən hər saat fərqli hekayə eşidən biriyəm. Nəisə, gözləyək və görək deyib başladım günə. Amma ağlımın bir ucunda bu fərqə dair də yeni versiyalar canlanır. 14:30-da seans bitdi, 30 dəqiqəlik fasilədən sonra gələcək fərqli adam. Ona qədər otağı havalandıraq deyə köməkçimə rica edib özümə çay süzdüm. Otağımın önündə səs-küy…  Bir az uzun davam etdi deyə özüm çıxıb baxmalı oldum. Qapının ağzında fəslə uyğun olmayan geyim tərzində sanki bütün qarderobunu üstündə daşıyırmış kimi. Dilənçi zənn edib qapıdan çıxarmağa çalışan personal məni də inandırmağa çalışırdı ki, narahat olacaq bir şey yoxdur. Gözüm saata sataşdı.

15:00

Fərqli qonaq…

Xanımı otağa dəvət edəndə kənardakıların mənə necə baxdığını görürdüm.

– Buyurun, Qumru xanım, qızlar yəqin sizi tanımayıblar. İndi bir çay ilə təlafi edərik.

Gördüyü münasibətdən heyrətə düşsə də, bu an üçün tək çıxış yolu mənə tabe olmaq idi. O da belə elədi onsuz da. İçəri keçdik. Mən adəti üzrə pəncərəni bağlayıb əyləşdim.

– Adətən mən harasa gedəndə pəncərələr açılır. Siz niyə bağladınız ki?!

– Qumru, biz hər seansdan sonra otağı havalandırırıq ki, digər şəxs gələnə qədər otaqda qarışıq iylər qalmasın. Amma sənə istidirsə, aça bilərəm. (Sanki heç onun dediyi anlamı başa düşməmişəm kimi sakit tərzdə izah etdim )

– (Üstünəki qalın paltarların yaxasını bir-birinə birləşdirib) Yox, açmayın.

-Yaxşı, sən necə istəyirsən elə də olacaq.

Qapı açıldı, xanım əlində iki çayla otağa daxil oldu. Gözü ilə mənə baxıb başını yellədi, sanki siz bu otaqda bu iydən necə oturursunuz deyirmişcəsinə…

– Çay üçün təşəkkürlər. Hə, Qumru, heç biz soruşmadıq, ən necə çay xoşlayırsan.

– İsti…

– (Həyatın seçim vermədiyi insanlara xas yavan, amma ağrılı cavablar verirdi Qumru) Bax, gör, xoşuna gəlməsə dəyişək.

– Sizin görmənizdə prolem var?

-Yox, niyə belə düşündün ki?

– (Uzaqlara baxaraq susdu)

Çaydan bir qurtum aldıqca əli cinsiyyət orqanına gedir və özünü sıxırdı. Nəisə onu narahat edirdi. Amma nə?! Kim idi görəsən Qumru? Onu mənə yönləndirən adamı hardan tanıyırdı? Nə tapmaq üçün gəlmişdi görəsən yanıma.. Ağlımdakı suallarla mən də onun uzaqlara baxmağına şərik oldum. Axırıncı qurtumla birlikdə tualetə getmək istəyən uşaqlar kimi büzüldü bir anda. Otaqda hamam otağının olduğunu gözümlə işarə elədim.

– Yox, ehtiyacım yoxdur deyib başını aşağı saldı.

– (Nəyin utancını yaşayırdı görəsən? Daha cəsarətli davranmaq lazım idi) Uzun müddət məcburi cinsəllik yaşamağın nəticəsi kimi görünür bu davranışın. (Səs tonum özündən çox əmin şəkildə idi və bu onu cəsarətləndirə bilərdi, çünki nə ona yazığım gəlmirdi, nə iyrənmirdim)

– Hə.

– Çətin bir mövzudan başladıq deyəsən, bağışla.

– 10 ildən çoxdur ki, üzünü belə görmədiyim insanların cinsəl istismarına məruz qalıram, incidilirəm, alçalılıram. Amma 39 yaşımda ilk dəfədir kimsə məndən üzr istəyir. Qəribə həyatdır. Mənim rızam olmayan münasibətlərdəki tərəf olanda heç kəs mənə insan kimi davranmazkən, öz rızamla gəldiyim otaqda insani münasibət görürəm.

– Özünü çox gözəl ifadə etdiyinin fərqindəsənmi, Qumru?

-Təhsilliyəm mən. Ali təhsilli. İndi belə davrandığıma baxmayın siz. (Cibindən şəkillər çıxardı) Baxın, burda universitetə hələ təzə girmişəm, burda isə artıq 2-ci kursdayam, burda yay tətilidir. Burda isə Kənanla yeni tanış olmuşduq. (deyib əli ilə ayağını elə sıxdı ki. O anki ağrını üzündə yox, ürəyində hiss etmək olurdu. Udqunub davam etdi) Bəlkə pəncərəni açaq.

– İstidirsə, üstündəkilərdən birini çıxart.

-Yox, başım ağrıdı.

-Nədən?

-İydən.

-Nə iyi?

– Məndən gələn iy… Özüm fərqindəyəm, doktor. Siz necə reaksiyasız qalırsınız anlamıram. Kişilər mənə yaxınlaşa bilməsin deyə son 3 ildir belə gəzirəm. Çimmədən, yuyunmadan, təmizlənmədən.

– Anlayıram.

– Sizdən üzr istəyərək getmək istəyirəm deyib ayağa durdu, tez-tələsik yaxasın düzəldib otaqdan çıxdı. Yaratdığınız güvən hissi ilə indi sizə hər şeyi danışa biləcək yerdəyəm, amma qərar verə bilmirəm. Bunu danışmaq mənim həyatımda nəyi dəyişəcək?! Gedim düşünüm. Sabaha cəsarət toplasam, gələcəm. Gəlməsəm də, bağışlayın.

– Həyatını dəyişmək üçün danışmayacağıq, Qumru. Səni səndən eşitməkdi istəyim. Yoxsa mən özüm üçün yazdığım bir ssenaridə səni yerləşdirəcəyəm, bunu da istəmirəm.

– Xahiş edirəm, mənə dair heç nə fikirləşməyin sabaha qədər. Sabah danışarıq.

(Doğurdan da həmin gün Qumruya dair heç nə düşünməməyi seçdim. Hekayəsin özü danışana qədər beynimi dondururam. )

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir