13432294_10154253962407445_9013388510999819736_n

Xeyirli olsun və ya həm ziyarət, həm ticarət

Baxış sayı: 4. 535

Həkim Rəşad Sultan yazır

Bu isti yay günlərində bütün problemləri unudub, hamı dincəlmək haqqında düşünür. 11 ay işlədikdən sonra məzuniyyətə çıxanlar stress atmağın həm effektiv, həm də sərfəli yollarını nəzərdən keçirir.

Müxtəlif yerlərə səyahət edərkən hərə öz zövqünə, maraq dairəsinə, ağız dadına və maddi imkanına görə məkanlar seçir. Kimini tarixi yerlər maraqlandırır, kimini dənizli, günəşli, qumlu sahillər. Kimi yeməkləri düşünür, kimi də ekzotik insanları.  Kimi gözəl təbiəti,  kimi möhtəşəm şəhərləri gəzmək istəyir. Və bunlarln hamısını da daha az pul ödəyərək əldə etmək istəyirik. Və mümkünsə, çox da uzağa getmədən. Sən demə, mümkünmüş.

Şəki – tarixi abidələr, gözəl təbiət, dadlı yeməklər, rahat istirahət mərkəzləri, xoş insanlar. Və bunlar hamısı burda, Bakıdan 5 saatlıq məsafədə.

Məzuniyyətimi daha əvvəlki aylarda xərcləsəm də, işdən Şəkiyə ezam olunmağım lap yerinə düşdü. Necə deyərlər, həm ziyarət, həm ticarət.

Şəkiyə gəlişim ilk dəfə olmasa da, bu səfər daha uzun müddət qalası oldum və daha ətraflı dəyərləndirmə şansım oldu.

Hələ şəhərə yaxınlaşırkən yaşıl meşə ilə örtülmüş dağların mənzərəsi yolun yorğunluğunu unutdurur.  Dağların ətəyində yerləşən bu şəhər təbiətin qoynuna gömülmüş tarixi özündə yaşadır.

Yəqin bizim ağız dadımız belə formalaşıb, ya nədəndirsə, mənə elə gəlir ki, ən ləzzətli yeməklər elə bizim yeməklərimizdir. Yəqin ki, bildiz, söhbət Şəki pitisindən gedir. Şəkinin ən məşhur pitixanalarından birində ofisiantdan pitinin necə hazırlandığını soruşduq, mən bu qənaətə gəldim ki, piti bişirmək bir sənətdir. Şəkidə piti yeyənlər yəqin razılaşar ki, Şəki pitisi, doğrudan da bir sənət əsəridir. Yeməyənlər də mütləq dadına baxsınlar. Amma bu, o demək deyil ki, Şəkidə başqa yeməklər olmur. Qovurmalar, dolmalar, kabablar, hamısı öz yerində. Meyvələrdən hazırlanmış xüsusi bir soyuq qəlyanaltı var ki, deməsələr, turşu zənn edəcəkdim.

Bir də bu ləziz yeməkləri təbiətin qoynunda nuş etmək var. Bakıdan qovurucu isti xəbərlərini aldıqca, biz meşənin sərinliyində nə qədər şanslı olduğumuzu anladıq. Şəkinin özəlliyi odur ki, dağ və meşə, istirahət zonaları şəhər mərkəzinə çox yaxındır. Bu, həm nəqliyyatı asanlaşdırır, həm də mərkəzdə olanda adama elə gəlir ki, şəhərin sanki yaşıl xalçalı bir divarı var. Mərkəzdəki tarixi obyektləri gəzəndə müasir dünyanın stressini unudub, tamamən orta əsrlərin dünyasına qərq olunur. Xan sarayının yanında quraşdırılmış yay teatrındakı kamera musiqisi konserti isə təəssüratlarımızı daha da gözəlləşdirdi.

Buranın insanlarının qonaqpərvərliyini və şirindilliyini isə xatırlatmaq artıq olar. Zarafatcıllıqları hər söhbətə ayrı məzə qatır və hər söhbətin axırında ürəkdən edilən bir dua: “xeyirli olsun!”

Turist axınına alışmış bu ərazidə qiymətlər heç də gözlənildiyi kimi yüksək deyil.

Tarixi abidə və təbiətin gözəlliyindən bəhs edərkən bu gözəlliyə xələl gətirməyəcək şəkildə salınmış müasir otelləri və əyləncə məkanlarını da qeyd edək. Hər yaşda insanların istirahət edə biləcəyi bu şəhərdən ancaq müsbət və rəngarəng təəssüratla qayıtdıq.

Bu yazını da həmin gözəlliklərin əhvalımızda hələ də qalan xoş təsiri ilə yazdım. Digər tərəfdən, xarici ölkələrdə uzaq yollar qət edərək valyuta xərcləyən həmvətənlərimə öz ölkəmizin cənnətində qısa bir bələdçilik etmək istədim.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir