aile

Xoşbəxtlik arxasınca qaçan bədbəxtlər

Baxış sayı: 436

Xoşbəxt ailə varmı? Bu sualla demək olar ki, bütün ailələr rastlaşır. Əslində bu sualın cavabı insandan insana dəyişir. Kimisi üçün həqiqətən xoşbəxt ailələr var. Kimisi üçün isə xoşbəxt ailələlər yoxdur və xoşbəxt kimi görünən bütün ailələr rola girir. Kimin nədən və necə xoşbəxt olması insanlar üçün bəlli olsa da, ailə olduqda ortaq maraqlar və ortaq fikirlər bəzən bu xoşbəxtliyi əngəlləyir. Ən azından insanlar belə düşünür. Xoşbəxt olmamaq üçün səbəblər var.

Psixoloqlar hesab edirlər ki, tam xoşbəxt ailə yoxdur. Yəni xoşbəxtlik anlayışı ömür boyu ola bilməz. Anlıq yaşanan xoş hadisələr və insanların o hadisənin təsirində uzun müddət qalması onlara xoşbəxtlik hiss etdirir. Bir müddət sonra alovlanan xoşbəxtlik hissləri soyumağa başlayır və o çılğınlıqdan durğunluğa keçən insan istər-istəməz nəyinsə yolunda getmədiyini düşünür. Kiçik düşüncələr isə sonda böyük narazılıqlar yaradır. İnsanların çoxu xoşbəxtliyin nisbi bir anlayış olduğunu və daimi olmadığını qəbul etmir.

aile

Psixoloq Emil Behrudinin sözlərinə görə, xoşbəxtlik insandan-insana dəyişən bir hissdir. Kimisi bahalı hədiyyələrlə özünü xoşbəxt hiss edir, yoldaşının ona dəyər verdiyini düşünür. Əksər ailələlərdə isə xoşbəxtlik anlayışı sakit və rahat həyatın olması ilə əlaqələndirilir: “Xoşbəxtliyin arxasınca qaçmaq özü ən böyük bədbəxtlikdir. Ümumiyyətlə, insan özünə “mən xoşbəxtəmmi” sualının yerinə “mən nə istəyirəm” sualını versə cavabını çox rahat tapa bilər. Sevgi münasibətlərində mütləq xoşbəxtlik və cütlüklərin birinci hədəfinin bu olmasının vacibliyi hardasa bir ideologiya şəklini alıb. Həyatın bütün sahələrində olduğu kimi, qarşılıqlı münasibətlərdə hər zaman xoşbəxt olmaq üçün formullar yaradılıb. Yəni insan bunun üçün çalışıb. Əlində olanın yox, olmayanın axtarışında olub. İnsanı bədbəxt hiss etməyə məcbur edən də məhz bunlardır. “Pulum olsun, xoşbəxt olacağam” deyən insana demək lazımdır ki, axı sağlam olmayandan, sakit həyat sürməyəndən sonra o pul insanın nəyinə gərəkdir? Maddi deyil, mənəvi xoşbəxtlik axtaran insanlar isə nadir hallarda bədbəxt olduğunu düşünərlər. Çünki onlar itirməkdən qorxmurlar. Elə insanlar daima tutmağa bir əl tapırlar. Təbiidir ki, baş verən, başımıza gələn hər bir hadisəyə müxtəlif cür qiymət vermək olar. Əgər biz müəyyən hadisələrin pessimist tərəflərini düşünərək öz həyatımızı kədərli etmək niyyətindəyiksə, kölgədə qalan, gözümüzə görünməyən xoşbəxtliyin heç bir günahı yoxdur”.

Ötən əsrdən başlayaraq müasir cəmiyyətlər insanın xoşbəxt olması üçün mübarizə aparmağa başlayıb. Bütün hallarda insanın xoşbəxtliyi əsas hədəf olmalıydı. İnsanı bədbəxtliyə sürükləyən bütün səbəblər ortadan qaldırımalıydı. Bunun üçün ortaya yeni ideyalar atıldı. İnsanın xoşbəxtliyi üçün aparılan mübarizədə əsas yeri “evlilik və münasibətlər” tuturdu. Ailə həyatı qurmaq mütləq insanı xoşbəxt etməliydi. Xoşbəxt olmayan cütlüklərə az qala müalicəyə ehtiyacı olan adamlar kimi baxırdılar. Xoşbəxt ailələr üçün formullar, reseptlər hazırlandı. Minlərlə kitab, məqalələr yazıldı bu mövzuda. Xoşbəxt ailələrin qurulması üçün hardasa yeni bir sənaye yaradıldı. Bu gün əksər boşanmaların səbəbi də daha çox xoşbəxtlik axtarışında olan ailələrdir. Həyatlarında daim əskikliklər olan və bu əskikliklərin xoşbəxt olmaqlarına mane olacağını düşünən ailələr hazırda boşanmağa üz tutur. Boşanmaq özü də ayrı bir bədbəxtlikdir.

Psixoloq bildirir ki, insanın maddi tərəfdən özünü əskik hiss edib özünü günahlandırması daha çətindir. Çünki belə insanlar daim daha çox qazanmaq hirsi ilə xoşbəxtlikdən uzaq düşürlər. Mənəvi xoşbəxtlik axtaranlara isə xoşbəxt olmaq elə də çətin deyil: “Ailənin xoşbəxtlik nağılının puç olması qonşu qadının nə geyinməsi ilə bağlı olur. Qonşu qadının bahalı evi, imkanlı şəraiti, bol xəzləri və s. Maddiyyat əsas xoşbəxtlik meyarına çevrilir. Lakin mənəvi xoşbəxt olanlar pulu xoşbəxtlik səbəbləri arasında ən sona saxlayanlardır. Xoşbəxt olmaq üçün gülümsəyin. Tez-tez əldə etdiyiniz uğurlarınızı yadınıza salın, bunlar kiçik olsa belə. Tez-tez öz-özünüzə sizin o qədər də pis vəziyyətdə olmadığınızı söyləyin. Düşünün ki, dünyada sizdən də pis yaşayanlar var. Otağınızda müxtəlif rəngli şəkillər və təqvimlər asmağa çalışın. Çalışın, açıq rəngli paltarlar geyinin. Əgər imkan varsa, evdə it və ya pişik saxlayın. Yaxşı olar ki, hər axşam musiqi dinləyəsiz. Əgər gün ərzində hansısa xoşagəlməz hadisə ilə qarşılaşmısınızsa, onu unutmağa çalışın. Sizin xətrinizə dəyiblərsə, ağlamağa çalışın. Ümumiyyətlə, psixoloji tədqiqatlar göstərir ki, kişilərin 73, qadınların isə 85 faizi ağlamaqla yüngülləşə bilər. Ən əsası düşünün ki, sizin sadiq ailəniz var. Sadiq həyat yoldaşı və sağlam dayaq üstündə qurulan ailələrin ən böyük xoşbəxtliyi budur”.

Xoşbəxtlik yaradan hormon da mövcuddur. Əksər insanlar bütün günahı məhz bu hormonlara yükləyir. Xoşbəxtlik hormonu adlanan endorfin hələ orta əsrlərdən bəlli olub. İnsanda rahatlıq, istirahət, xoşbəxtlik, məmnunluq və razılıq hissləri yaradır. Bu maddə kimyəvi quruluşuna görə narkotik analgetik olan morfinə bənzəyir. Endorfinlər “sevgi” ilə fiziki kontakt nəticəsində baş-beyində yaranaraq qana keçir. Bu hormonun sintezi nə qədər çox olarsa, insan da bir o qədər xoşbəxt olar. Endorfinlər insanı daha güclü və enerjili görünməyə vadar edir. Bu hormonun sintezi idman və ailədə sakit və mehriban həyat sürməklə artır. Bundan əlavə bəzi qidalar da endorfin sintezinə təsir göstərir, məsələn, kartof, banan, bolqar bibəri, düyü, dondurma, balıq, badam, şokolad və dəniz yosunları hormonun artmasına kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir