12246995_10153727072402445_3285975806987537654_n-1-424x400

Xoşbəxtlik, həyat tərzi və… bir az da məntiq – HƏKİM RƏŞAD SULTAN YAZIR

Baxış sayı: 6. 927

Xoşbəxtlik deyən kimi hamının yadına “Bəxt üzüyü” filmində Moşunun qafiyə axtarmağı düşür. Əslində, o filmdə də məhz bu sözə qafiyə axtarılması təsadüfi deyil. Müəllif hamının xoşbəxtliyin rəmzini, qafiyəsini axtardığını göstərir. Xoşbəxtlik insanların özündə, onların arasındakı münasibətdə olduğu halda insanlar bundan xəbərsizdirlər və xoşbəxtliyə qafiyəni tapa bilmirlər, öz yaxınları, qonşuları ilə münasibəti pozaraq xoşbəxtliyi kənarda axtarırlar.

Nədir xoşbəxtlik? Əgər məsələyə tibbi fizioloji cəhətdən baxsaq, müsbət əhval-ruhiyyə beyində ifraz olunan müəyyən maddələrin miqdarı ilə əlaqədardır. Bu maddələrə xoşbəxtlik hormonları da deyilir. Bu hormonların və ya mediatorların ifrazı həm kənarda baş verən hadisələrdən, həm də müəyyən fizioloji aktlardan asıldır. Başqa sözlə desək, eşitdiyimiz bir xoş xəbər bizi xoşbəxt etdiyi kimi, məsələn, qida qəbulu da həmin hormonların ifrazını artıraraq əhval-ruhiyyəmizi yüksəldə bilir. Beləliklə, biz həyatımız boyu bizim kefimizi pozan faktorlardan uzaqlaşıb, əhvalmızı yüksəldən amillərə meyl edirik. Buna görə də “həyat nədir?” sualına “həyat mənfi emosiyadan müsbət emosiyaya doğru istiqamətlənmiş bir düz xətdir” deyə cavab verə bilərik.

Bəs hər şey bu qədər sadə ikən niyə tam hərtərəfli xoşbəxt ola bilmirik? Niyə daim xoşbəxtliyi axtarırıq və bizə elə gəlir ki, onu tapa bilmirik?

Bunun iki səbəbi var:

  1. Bizi bu gün xoşbəxt edən amil bir müddət sonra alışqanlıq əmələ gətirir, bizə adi gəlir.
  2. Bizi xoşbəxt edən amilin dozasını artırmağa çalışırıq. Axı o bizdə müsbət emosiya yaradır, kim istəməz ki, kefi daha da, daha da yaxşı olsun?! Bu da həmin amilin get-gedə zərər verməsinə gətirib çıxarır. Dahi Nizami Gəncəvi demişkən “artıq içiləndə dərd verir o da”.

Bu dediklərimizə misallar göstərməzdən əvvəl bir şeyi qeyd edək. Xoşbəxtliyin bir mütləq sıfır nöqtəsi vardır. Bunu temperaturun sıfır nöqtəsinə bənzətmək olar. Bütün molekulların dayandığı mütləq sıfır Kelvin (-273 dərəcə Selsi) kimi hamının xoşbəxt olduğu bir sıfır nöqtəsi vardır – can sağlığı. Təsadüfi deyil ki, can sağlığına içirik, asqıranda “sağlam ol” deyirik, vidalaşanda “sağ ol” söyləyirik, bir problem olanda “əşşi, canın sağ olsun” deyə təsəlli veririk.

Onu da qeyd edək ki, xoşbəxtliyin birinci şərti əlində olanların dəyərini bilməkdir. Təəssüf ki, əlimizdə olanların dəyərini onları itirəndə bilirik. Eyni şey sağlamlığa da aiddir. Yəni biz sadəcə sağlam olduğumuz üçün xoşbəxt ikən bundan xəbərimiz yoxdur, xoşbəxt olduğumuzu unudub, Moşu kimi xoşbəxtliyi başqa qafiyələrdə axtarırıq.

Əslində, bunu anlamaq üçün yüngül bir xəstəlik keçirmək kifayət edir. Amma sağaldıqdan sonra birinci maddədə qeyd etdiyimiz kimi, buna öyrəşirik və dünən bizi xoşbəxt edən amil, bu gün bizə adi görünür. Eyni hal qadınlar yeni paltar, kişilər yeni maşın alanda da baş verir.

Elə faktorlar var ki, biz onlara öyrəşmirik, hətta daha çox istəyirik. Məsələn, yemək insanın fizioloji ehtiyacıdır, müsbət emosiya yaradır və buna görə də daim ona meyl edirik. Bu, canlı fərdi məhv olmaqdan qoruyan bir şərtsiz refleksdir. Amma müsbət emosiya mənbəyi kimi yeməyi artırmaq həddən artıq kökəlməyə və bir çox xəstəliklərin meydana gəlməsinə səbəb olur.

Hətta insan xoşbəxtliyi süni faktorlarda, beynə xoşbəxtlik hormonu kimi təsir edən yad maddələrdə də axtara bilər. Bu maddələrin ümumi bir adı vardır: narkotiklər. Ən təhlükəlisi də budur. Spirtli içkilərdən tutmuş ən zərərli olanlaradək, bu maddələr psixoloji və fiziki asılılıq yaradaraq getdikcə daha yüksək dozada qəbul edilməyə meyl etdirir, nəticədə insanı həyatdan qopararaq həm psixoloji, həm də fiziki cəhətdən məhv edir.

Buna görə də xoşbəxtliyi axtararkən müəyyən amilləri nəzərə almaq lazımdır:

  1. Əgər canımız sağlamdırsa, avtomatik xoşbəxtik.
  2. Həmişə yadda saxlamalıyıq ki, bu gün çox istədiyimiz, bizi sonsuzadək xoşbəxt edəcəyini zənn etdiyimiz faktor, bir müddət sonra bizim üçün adiləşəcək. Bu o demək deyil ki, istədiyimizi əldə etmək üçün mübarizə aparmayaq. Amma əldə edə bilmədiklərimiz üçün də özünü bədbəxt hiss etmək lazım deyil.
  3. Heç bir müsbət emosiya mənbəyinə aludə olmaq lazım deyil. Hər şeyi qaydasında, normasında, həddini aşmadan etmək lazımdır. Yeməyi də, yuxunu da, idmanı da və s.
  4. İdman demişkən, əgər sağlam adam avtomatik xoşbəxtdir dediksə, xoşbəxtliyinə xoşbəxtlik qatmaq istəyən bir insanın ilk edəcəyi əməl idmandır. Fizioloji faydaları bir yana, psixoloji olaraq da rahatlıq verdiyini hamı bilir.
  5. Keçmişlərdə bizə belə deyirdilər – insanı əmək ucaldır, insanı əmək yaratmışdır, iş insanın cövhəridir.  Yüzdə yüz doğru bir söz. İnsan işi ilə xoşbəxt olur. Mütləq işləmək, təhsilə, peşəyə yiyələnmək lazımdır.
  6. İnsan sosial varlıqdır. Digər heyvanlar belə tək qalmağı sevməzkən, insanın yalnız xoşbəxt olması mümkün deyil. İnsan insanla xoşbəxt olur. İnsan ünsiyyətlə xoşbəxt olur. Danışmaq, söhbət etmək, sevdiyimiz insanlarla mümkün qədər çox vaxt keçirmək lazımdır.
  7. Bir deyim vardır – xoş olanı faydalı olanla birləşdirmək. Əslində xoşbəxtliyin qafiyəsi elə bu deyimdir. İdman, müntəzəm yuxu, insanlarla ünsiyyət, iş, musiqi, rəqs, ədəbiyyat, bunlar hamısı bizi xoşbəxt edən, eyni zamanda da faydalı məşğuliyyətlərdir.
  8. Və bunun əksi, bizi müvəqqəti xoşbəxt etsə də, son nəticədə zərərli olan amillərdən uzaq durmaq – gecə həyatı, hərəkətsiz həyat tərzi, çox yemək, xüsusilə, şirniyyat və un məmulatları ilə qidalanmaq, özünə qapanmaq, spirtli içkilər, siqaret, narkotik vasitələr – bunlar sonunda xəstəlik və bədbəxtlik gətirən amillərdir.

Ən sonda həyatımızı asanlaşdırmaq məqsədilə texnikanın bizə bəxş etdiyi vasitələr barədə: kompyuter, ağıllı telefonlar, internet, sosial media. Bir şeyi qətiyyən unutmamaq lazımdır: bu vasitələr həyatı asanlaşdırmaq üçündür, həyatı əvəz etmək üçün deyil.

Bir söhbət proqramında yazışmaq, hətta canlı görüntülü bağlantı qurmaq doğma bir insanın, köhnə bir dostun canlı varlığının yerini verə bilməz. Deməli, xoşbəxtliyin qafiyəsi nədir? Sağlamlıqdır, sevgidir, bir az da ağıl və məntiqdir.

Bu yazımızda daha çox xoşbəxtlik haqqında, bir az da həyat tərzi haqqında yazdıq. Sonrakı yazılarımızda həyat tərzi və məntiqə daha çox yer verməyə çalışarıq.

Xoşbəxt olun, sağlam olun, sevgiylə qalın!

 

Həkim Rəşad Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir