QULANCAR

Zülalla zəngin olan quzu əti, yoxsa qulançar?

Baxış sayı: 422

Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur.

Qulançar azyayılmış, qiymətli və çoxillik bitkidir. Zülalla ən çox zəngin olan tərəvəzlərdən sayılır.

İndi qulançarın yığım vaxtıdır. Məhsul əl ilə yığılır və 200-250 qramlıq dəstələrə bağlanıb, bazarlarda satışa çıxarılır. Bu bitkiyə tələbat çox olduğundan qiyməti də bahadır. Qulançar quzu ətinin qiymətinə – 16-17 manata, bəzən də ondan baha satılır.

Tovuz sakinlərinin əksəriyyəti qulançarı sahələrdən özləri toplayır. Xüsusən də bu işə ailəvi qoşulurlar.

Bişirilməsinə cəmi 5-10 dəqiqə vaxt sərf olunduğunu deyən Əyyublu kənd sakini Qənirə Bayramova, yaz aylarında qulançarı tez-tez bişirdiyini və ailə üzvləri tərəfindən də sevildiyini deyir.

“Qulançara “quşqonmaz” da deyirlər. Bərk hissələrini qırıb, sonra doğrayıb suda qaynadırıq. Suyunu süzəndən sonra soğanla qızardırıq. Müxtəlif cür bişirmək olur. İstəyən zövqə görə üzərinə yumurta da vura bilər, yumurtasız, uzun halda qızardıla da bilər. Yaxud yarı bölüb yenə də yağ-soğanla qızartmaq mümkündür”, – Qənirə Bayramova bildirir.

Qulançar müalicəvi xüsusiyyətə malikdir, tərkibində “asparagin” və bir sıra vitaminlər – A, C, B1, B2 var. Tovuz-Qazax bölgəsində sakinlər qulançarın yığımına əsasən aprel-may aylarında başlayır.

Qeyd edək ki, gəlirli bitki olan qulançarın çoxlu seleksiya sortları da yaradılıb. Bunlardan ölkəmizdə “Arfanteylskaya rannaya”, “Meri Vaşinqton” və “Hollandskaya” sortları becərilməkdədi. Lakin rayon sakinləri əsasən təbii şəraitdə bitən qulançarları toplayıb istifadə etməyə üstünlük verirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir