8 mart

8 Mart niyə qeyd olunur?

Baxış sayı: 185

Qadınlar insanlığın davamı üçün əvəzolunmaz varlıqlardır. Böyük bəlaların cəfakeşi, böyük xoşbəxtliyin arxasında duran qəhrəmanlardır. Sabah 8 Mart Beynəlxalq Qadınlar Bayramıdır. Hər ilin bu tarixi dünyanın bir çox ölkəsində qadınlara məxsus gün kimi qeyd edilir. Bəzilərində isə bu gün etiraz günü kimi qəbul olunur…

Beynəlxalq Qadınlar Gününün qeyd olunmasında xüsusi məna var. İlk baxışdan elə təsir bağışlayır ki, sanki bu bayram xanımlara çiçək və hədiyyə almaq üçün təsis edilib. Ancaq günün tarixinə nəzər salsaq, görərik ki, 8 Mart heç də romantik hadisələr nəticəsində yaranmayıb. Bu günün əsasında qadının cəmiyyətdəki rolu və hüquqları uğrunda apardığı mübarizə dayanır.

 

Zəhmətkeş qadınların həmrəylik günü

1857-ci il martın 8-i ABŞ-ın Nyu-York şəhərində tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxıblar. Onlar 10 saatlıq iş günü, işıqlı və rahat iş yeri, kişilərlə eyni maaş tələb edirdilər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində isə qəpik-quruş alırdılar. Polislər nümayişi dağıtmaq üçün işçilərə hücum edərək, fabrikin qapılarını bağlayıblar. Beləliklə yanğın başlayıb və işçilər fabrikin qarşısında qurulan barrikadalardan keçərək qaça bilməyiblər. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirib. Bununla da qadınların haqları uğrunda apardıqları mübarizəyə qanla yekun vurulub. İşçilərin cənazə mərasiminə 100 mindən çox insan qatılıb.

Bu hadisədən 53 il sonra, 1910-cu ildə Kopenhagendə İşçi Qadınların II Beynəlxalq Konfransı keçirilib. Almaniya Sosial Demokrat Partiyasının qadın qrupunun lideri Klara Setkin Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi ideyasını irəli sürüb.

Qadınlar günü ilk dəfə 1911-ci ilin martın 19-da Avstriya, Danimarka, Almaniya və İsveçrədə qeyd edilib. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak edib. 1917-ci ildə isə rusiyalı qadınlar “Çörək və Sülh” şüarı ilə küçələrə çıxıblar. 4 gün sonra çar II Nikolay devrilib və müvəqqəti hökumət qadınlara səsvermə hüququ verib. Bu hadisə 8 mart tarixinə təsadüf edir.

Azərbaycanda 8 mart ilk dəfə 1917-ci ildə qeyd edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edib. İki il sonra isə qurumun ümumi qurultayında 8 mart – Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq rəsmiləşib.

 

Bayramın qadağan olunduğu ölkələr

Qeyd edək ki, Beynəlxalq Qadınlar Günü bir çox müsəlman ölkələrində qadağan olunub. Bunu onunla əsaslandırırlar ki, əslində 8 Mart yəhudilər tərəfindən ortalığa atılan bir bayramdır və yəhudilərin PURİM adlanan bayram günü ilə üst-üstə düşdüyü iddia olunur.

 

Dünya ölkələrində 8 Mart necə qeyd olunur?

Fransada 8 mart qadınlar günü bir o qədər də dəbdəbəli şəkildə qeyd olunmur. Fransızların xanımlarla bağlı əsas bayramı martın 7-də keçirilir. “Nənələr bayramı” adlandırılan bu gündə bəylər öz xanımlarını hədiyyələrlə sevindirirlər.

İsveçdə qadınlar bayramı günündə xanımlara bəxş olunan əsas hədiyyə gül və yaylıqdır. Məhz 8 mart günündə bu hədiyyələrdən əldə olunan gəlir ölkədəki çoxuşaqlı anaların hesabına köçürülür.

İtaliyada xanımlar öz bayramlarını xüsusi təntənə ilə keçirirlər. Onlar müxtəlif əyləncə məkanlarında istirahət etdikdən sonra axşam əsasən kişilərin toplaşdığı restoranlara gedirlər. Həmin gün restoranlara giriş xanımlar üçün pulsuz olur.

Yunanıstanda “Babos” adlandırılan qadınlar bayramında gün ərzində bütün ixtiyar xanımlara verilir. Ənənəyə görə bayram günündə müvəqqəti səlahiyyətə sahib olan xanımlar öz sevgililərini və həyat yoldaşlarını su şırnağına tuturlar.

Çində 8 Mart Qadınlar Bayramı daha maraqlı qeyd olunur. Bayram günü qadınlar üçün qeyri-iş günü sayılır. Kişilər isə həmin gün həmişə olduğu kimi işə gedirlər. Ancaq kişilərin işi bununla bitmir. Bayram günündə bütün mətbəx  işləri, ən başlıcası isə xörək hazırlamaq kişilərin birbaşa vəzifəsi və borcu sayılır.

Tacikistanda 8 mart günü rəsmi olaraq “Analar günü” kimi qeyd edilir. Qeyri-iş günü sayılan bayram zəngin süfrə və hədiyyələrlə müşaiyət olunur.

Litvada 8 mart günü çox az qeyd edilir. Bu bayram ölkənin əsas etibarı ilə rusdilli əhalisi tərəfindən qeyd edilir. Litva başqa dövlətlərdən fərqli olaraq ümumiyyətlə, analar və qadınlar gününü qeyd etmir.

8 Mart gününü ən təntənəli formada qeyd edən ölkələr sırasında Vyetnam birinci sıralardadır. Belə ki, Vyetnamda bu günün qədim tarixi var. Vyetnam xalqı 8 martı Çınq bacılarının şərəfinə qeyd edirlər. Uzun illər əvvəl Çınq bacıları çinlilərə əsir düşməmək üçün özlərini çaya ataraq qəhrəmanlıq göstərib və adlarını tarixə yazdırıblar.

Qadınlar bayramı Rusiyada da böyük təmtəraqla keçirilir. Restoranlar və əyləncə mərkəzləri martın 8-də xanımların hesabına kifayət qədər böyük gəlir əldə edir.

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili ulu öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2000-ci ildə qadın siyasəti ilə bağlı imzalanan müvafiq Fərman ölkəmizdə qadınların imkanlarını daha da artırdı. Bu da dövlət idarəçiliyində, təhsil, səhiyyə və mədəniyyət sahələrində qadınların sayının artmasına gətirib çıxardı.

Bu gün həmin siyasət Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cəmiyyətimizdə böyük missiyası olan qadınların hüquqları yüksək səviyyədə qorunur, onlar seçib-seçilmək hüququna malikdirlər. Azərbaycan 1995-ci ildən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın üzvüdür. Ölkəmiz bu Konvensiyanın həyata keçirilməsi haqqında öhdəlikləri öz üzərinə götürərək, bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq edib.

 

Yeganə BAYRAMOVA

Şahanə XANKİŞİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir