aile

Ailə münasibətlərində tarazlığı necə qorumalı?

Baxış sayı: 1. 553

Ailə kiçik dövlət sayıldığından bu dövlətdə hər kəsin öz hüquq və vəzifələri olur. Hətta bəzən ailənin kiçik üzvləri sayılan uşaqların belə ən xırda yanlış hərəkəti ailədəki tarazlığı alt-üst edir.

Bəs görəsən, ailə münasibətlərində tarazlığı necə qorumaq olar? Bu məsələdə ən çox yük ailə fərdlərindən kimin üzərinə düşür?

Mövzu ilə bağlı fikirlərini bildirən Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Aqil Layıcov deyir ki, sivil ölkələrdə ailə münasibətləri spesifik qanınvericiliklərlə, yəni ailə-nikah qanunvericiliyi ilə tənzimlənir. Onun sözlərinə görə, bu münasibətləri tənzimləyən qaydalar isə ölkələrin inkişaf səviyyəsinə, sosial ehtiyaca görə fərqlənir: «Əslində ailə münasibətlərinin tarixi inkişaf mərhələsinə baxdıqda bu münasibətlərin ən klassik nümunəsi məhz Roma hüququ üçün xarakterikdir. Roma hüququnda ailə münasibətlərini tənzimləyən normalar olsa da, ancaq uzun müddət ərzində ailə rəisi məhz ata sayılırdı. O öz himayəsində olanlar üzərində sərhədsiz hakimiyyətə malik idi. Bu hakimiyyət patria potestas (atanın gücü) adlanırdı. Lakin sonralar klassik Roma hüququnda dəyişiklik olmağa başladı. Bu isə tədricən ailə xanımının da hüquqlarının yaranması və eyni zamanda, ər-arvadın bir birilərinə qarşı və həmçinin övladlarına qarşı hüquq və vəzifələrinin əmələ gəlməsi ilə nəticələndi. Bu gün hüquq ailə hüquq sistemimizin tərkibinə daxil olan aliment institutu məhz Roma ailə hüquq münasibətlərində baş verən dəyişiklik nəticəsində əmələ gəlib. Azərbaycanda da ailə münasibətlərini tənzimləyən qanunvericilik bazası mövcuddur”.

Yeri gəlmişkən, ərlə arvad arasında əmlak münasibətləri həm Mülki Məcəllə, həm də Ailə Məcəlləsi ilə tənzimlənir. Ailə Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulub ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın mülkiyyətinin müqavilə rejimi isə o deməkdir ki, ər-arvadın əmlak münasibətləri istər nikah dövründə, istərsə də nikah pozulduqda onlar arasında bağlanan sazişlə müəyyənləşir və bu sazişlə razılaşdırılmış şərtlər qanuni rejimin şərtlərindən fərqli ola bilər.

 

Ana və uşaqların mənafeyi müdafiə olunmalıdır

Aqil Layıcov bildirir ki, ailə münasibətləri çərçivəsində valideynlər həm də uşaqların maddi təminatını təmin etməyə borcludurlar. Ailəni “könüllülük və sevgi əsasında yaranan ittifaq” kimi dəyərləndirən həmsöhbətimiz hesab edir ki, ailə münasibətlərinin qanuni tənzimetmə mexanizminin əsas vəzifələri isə ailənin ümumbəşəri prinsiplər əsasında qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi, ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin olunması, ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması və uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsidir. Onun sözlərinə görə, dövlət də öz növbəsində şəxslərin ailə qurmasını öz islahatları ilə təşviq etməli, ər-arvadın ailə münasibətləri çərçivəsində hüquq və vəzifələrinin həyata keçirməsinə nəzarət etməli, zərurət olduqda isə yardım və hüquqlara məhdudlardılıması yönündə adekvat və proporsional müdaxilə etməlidir.

 

“Ailə ictimai inkişafın əsas xüsusiyyətlərindən biridir»

Mövzu ilə bağlı fikirlərini bölüşən Müasir Psixologiya Mərkəzinin eksperti Aidə Nəbiyeva isə bildirir ki, cəmiyyətdə ailə münasibətlərinin tarixi formaları müxtəlif olub. Onun sözlərinə görə, insan birliyinin ilkin formalarından biri olan ailə özündə bilavasitə fərdi və kollektiv başlanğıcları birləşdirir: “Ailə uşağın dünyagörüşünü formalaşdırır, onun əxlaqının, mənəvi aləminin sosial mədəni özəyini yaradır. O, tarixi ənənələrin vacib ünsürlərindən biri olaraq, yeni nəsildə şüur stereotipləri, davranış və hərəkət qaydaları haqqında təsəvvürlər yaradır, sosial təcrübəni nəsildən nəsilə ötürür. Sosial-fəlsəfi fikir tarixində ailə problemi həmişə maraq doğurub. Məsələn, “Kitabi-Dədə Qorqud” eposunda türk xalqlarının ailə-nikah münasibətlərinin təsviri mühüm yer tutur. VII-IX əsrləri əhatə edən bu eposda ailə, kişi-qadın münasibətləri, valideyn, övlad, ailə və cəmiyyət haqqında çox maraqlı ideyalar irəli sürülüb. Bu ideyalarda həm ümumbəşəri, həm də real milli-etnik, o cümlədən dini, hüquqi, məişət problemləri öz əksini tapıb. Burada o dövrün ailə münasibətlərini həm konkret, real hadisələrin təsvirində, həm də ayrı-ayrı qəhrəmanların öyüd nəsihətlərində öyrənmək olur. Yəni tarixin bütün dövrlərində ailə ictimai inkişafın əsas xüsusiyyətlərini özündə əks etdirib».

Ekspert vurğulayır ki, ailənin əsasını ərlə arvad arasında rəsmi qaydada bağlanmış nikah əlaqələri təşkil edir. Belə ki, onların biri digərində öz həyatının tamamlayıcısını tapır və nəticədə ər ilə arvadın həqiqi uyğunlaşması baş verir. Aidə Nəbiyevanın sözlərinə görə, ailədə şəxsiyyətlərarası uyuşma çox çətin və incə məsələdir: “Həyatda, əmək fəaliyyətində, təhsildə, kommunikasiya prosesində bir-biri ilə ünsiyyətdə olan insanların bir-birilə uyuşma səviyyəsi müxtəlif olur. Şəxsiyyətlərarası uyuşma ünsiyyətdə, birgə fəliyyətdə və yaxud ailədə qarşılıqlı qəbuletmə deməkdir. O dəyərlər oriyentasiyasının optimal əlaqələndirilməsinə, sosial və əxlaqi mövqelərə, zövq ümumiliyinə, temperament və xarakter göstəricilərinə, emosional və intellektual tərəflərə əsaslanır. Ailədə ərlə arvadın bir-birilə uyuşması, qarşılıqlı razılıq və qane olma, psixoloji, fizioloji və digər incəliklərlə bağlıdır. Ailədə şəxsiyyətlərarası uyuşma olduqda qarşılıqlı rəğbət, münasibətlərin gələcəkdə də etibarlı olacağını təminat verir».

 

Kifayət qədər qanunvericilik bazası var

Məsələyə münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov isə deyir ki, ailə fərdlərinin münasibətləri həm ölkə Konstitusiyası həm də Ailə Məcəlləsi ilə tənzimlənir. Belə ki, Konstitusiyanın 17-ci maddəsi məhz ailə məsələlərinə həsr olunub: “Konstitusiyanın 17-ci maddəsində ailə ilə dövlətin bir-birilə münasibətləri təcəssüm olunub. Burada cəmiyyətin əsas özəyi olaraq ailənin dövlətin xüsusi himayəsində olduğu göstərilir. Uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur, onun yerinə yetirilməsinə də nəzarəti dövlət həyata keçirir. Bu konkret olaraq bir maddədə öz əksini tapıb. Konstitusiyanın əsas hüquq, azadlıqlar və vəzifələri nəzərdə tutan 3-cü fəslində də vətəndaş hüquqları ilə bağlı konkret müddəalar nəzərdə tutulub. 34-cü maddədə ailə ilə bağlı nikah hüququ nəzərdə tutulur. Nikahın könüllülük prinsipi ilə qurulması, heç kəsin zorla nikaha daxil olmasına imkan verilməməsi kimi müddəalar da yer alıb. Konstitusiyamızın 34-cü maddəsində göstərilib ki, nikah və ailə dövlətin himayəsindədir. Həmin maddənin 3-cü bəndində analıq, atalıq, uşaqlıq hüquqlarının qanunla mühafizə edildiyinin qeyd edilməsi ailənin dövlət tərəfindən tam şəkildə qorunduğunun rəmzidir».

Elgün Cəfərov bildirir ki, Ailə Məcəlləsində ailə və ona bağlı hüquqlar daha da konkretləşərək bəzi mövzulara geniş şəkildə şərh verilib. Onun sözlərinə görə, Ailə Məcəlləsinin ikici fəsli Ailə hüquqlarının həyata keçirilməsi və mübadiləsini özündə etiva edir: “Bu fəslin 6-cı maddəsində göstərilib ki, vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır».

Qurum rəsmisi həmçinin vurğulayır ki, hazırda Ailə Məcəlləsi tam olaraq ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyini qoruyur: “29-cu maddədə göstərilib ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır.Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir