efzeleddin R

Ailə münasibətlərində yanlış qavram – 7-Cİ YAZI

Baxış sayı: 509

Yanlış qavramlardan qaynaqlanan və ailədə cütlüklərin münasibətlərini korlayan bir sıra amillər haqda 10 yanlış düşüncə xətasından yeddisi haqda, yəni; “nəticə almağa tələsmək”, “müsbətləri silmək”, “ifrat ümumiləşdirmə”, “şəxsiləşdirmək”, “iki qütblü düşüncə tərzi”, “fəlakətləşdirmə”, “olmalı ifadələri – malı, məli düşüncə tərzi” haqda ötən yazılarımızda məlumat vermişdik. Hazırkı məqalədə isə xətalı təfəkkür formalarından sayılan “etiketləmə düşüncə şəkli” haqda silsilə məqalələrimizi davam etdiririk:

8- Etiketləmə (Labeling )

Etiketləmək müəyyən bir vəziyyətin və ya insanların heç vaxt dəyişməyəcəyini düşünərək davamlı olaraq onlara qarşı ümumiləşdirici mənfi istinadlar vermək, onu bir növ damğalamaqdır. Yalnız bəzi mənfi sifətləri nəzərə alaraq özünü və ya başqalarını qiymətləndirməkdir. Ya bir neçə nümunəyə əsaslanıb onu hamıya aid etməkdir. Məsələn, “əşi bu ailə düzələn deyil”, “mənim bəxtim yoxdur, mənimki heç gətirmir”, “namaz qılmayanlar hamısı haram yeyir”, “hicablılar hamısı savadsızsır”, “kişilər hamısı xəyanət edir”, “xanımlar hamısı pul düşkünüdür”, “filan rayonun adamları hamısı xəsisdir”, “filan peşəyə məxsus olanlar hamısı rüşvətxordur”, “filan yerin qızları hamısı davakardır”, “filan millətə mənsub olanlar hamısı axmaqdır”, “filan yerin adamları oğru olur” və sair kimi damğalar. Yəni səbəblərinə, real dəyərlərndirmələrinə göz yumaraq bir neçə hərəkət, rəftara görə qarşı tərəfə “ad qoymaq”, yaxud bir neçə nəfərin səhvinə görə bir məntəqəyə hansısa xüsusiyyəti nisbət verməkdir.

Başqa bir ibarətlə desək, “etiketləmə” daha uyğun və reallığı əks etdirən qiymətləndirmə yerinə özünə vəya digərlərinə etiketlər yapışdırmaqdır. Məsələn hansısa bir məsələdə uğursuz olan şəxsin, mən bu işi filan səbəbə bacarmadım deməsi yerinə  “mən bacarıqsız insanam”, oğlu dərsindən aşağı qiymət alan bir ananın “oğlum bu fəndən aşağı qiymət aldı” deməsi yerinə, “mənim oğlum təmbəldir”, deyə düşünməsidir.

Ailədə də bəzən belə olur. Cütlükərin biri, yaxud ikisi də həyat yoldaşından  bir-neçə xoşagəlməz rəftar müşahidə etdiyinə görə bəzi pis əməlləri onun şəxsi xüsusiyyəti olaraq qələmə verir. Məsələn, kişi qadına bir sıra hərəkətlərinə görə “axmaq” deyə damğa vurur, qadın kişiyə “qorxaq” deyir. Bu növ yanlış düşüncələr və təhrif olunmuş idraklar həddindən artıq emossialara qapılaraq qarşı tərəfi etiketləməkdir. Bu yanlış düşüncə və qavramdır. Çünki siz bir şəxsin hansısa bir neçə rəftarına görə onun şəxsiyyəti ilə bu hərəkətləri eyniləşdirə bilməzsiniz.

Məsələn, ər bir neçə dəfə hansısa bir problemə görə evə gec gəlirsə, onu “ailəsinə əhəmiyət verməyən”, “laqeyd insan” adlandırmaq olmaz. Halbuki bu onun xüsusiyyəti deyil, o evinə vaxtında gəlir, sadəcə bir neçə dəfə bəzi səbəblərə əsasən gecikib. Bir şəxs bir iki dəfə yanlış hərəkət edirsə, onu həmin hərəkətlə əlaqədar etiketləmək olmaz. Belə olduqda, qadının düşüncəsində əri “laqeyd” damğası ilə tanındığı üçün onun ailəsi üçün etdiyi səylər ciddi qəbul edilməyəcəkdir.

Həmçinin misal olaraq qeyd edək ki, bəzən qadın ərinin hansısa yaxşı əməlini gözrməzdən gəldiyinə görə ona “naşükür”, yaxud etiraz etdiyinə görə “deyingən” damğası vurmaq da belədir. Bunun ümumi halı da mövcuddur: “Qadınlar həmişə çox danışır, deyingən olur”. Artıq bu damğa vurulduğu zaman kişi öz  xanımının narazılıq və etirazına ciddi yanaşarmı? Əlbəttə ki, xeyir. Elə buna görə də, anlaşılmazlıqlar meydana gələcəkdir.

Nəticə

Təəssüflər olsun ki, ailədə anlaşa bilməyən cütlüklər arasında bu problem həmişə qabarıq olur. Qarşı tərəfin rəftarlarını və xüsusiyyətlərini bir bütün olaraq görmədiyimiz, onun cüzi nöqsanlarını əlimizdə tutub, onun şəxsiyyəti ilə bütünləşdirdiyimiz zaman yanılırıq. Sonra ona vurduğumuz etiketə özümüz də inanırıq və onu həmin etiketlə tanıyırıq. Bu bizim ona qarşı olan düşüncə və rəftarımızda özünə yer edir. Gələcəkdə artıq ona qarşı ön mühakiməli davranır, yaxud hansısa bir çatışmamazlıq ortaya çıxdığı zaman onu bu etiketlə əlaqələndiririk. Halbuki, biz onu yaxşı və pis xüsusiyyətləri ilə bütünlükdə tanımalıyıq. Ümumiyyətlə, insan bir neçə rəftarı və yaxud xüsusiyyətilə tanıya bilmərik. Onu sahib olduğu bütün rəftar və xüsusiyyətlərə baxaraq qiymətləndirməliyik.

Başqa bir cəhətdən də, özümüzə sual verməliyik: Mən doğru və ədalətli düşünürəmmi? Həqiqətən də, onun bütün əməlləri mənim ona vurduğum etiket üzərində tənzimlənib? Mən ədadlətsizlik etmirəmmi? Ona vurduğum “damğanın” əksinə heç bir rəftarı yoxdurmu? Məsələn, naşükür və qədirbilməz adlandırdığım həyat yoldaşım, mənim səylərimin qarşısında heç bir sözlə, yaxud əməllə təşəkkür etmirmi? Onun mənə hazırladığı yeməklər, təmiz və səliqəli ev, ütülədiyi paltarlar bir növ təşəkkür və qədirdanlıq deyilmi? Təşəkkür yalnır dilə gətirildiyi zaman ciddi sayılırmı? Yaxud ərimin mənə qayğı göstərməsi, problemlərimlə maraqlanaraq həll etməsi, istəklərimi təmin etməsi elə özü təşəkkür deyilmi? Bunu dilə gətirmək zəruridirmi? Və bunun kimi suallar sizi dərindən düşünməyə vadar edə bilər.

Diqqət etmək lazımdır ki, etiketləmək, üzərinə ad qoymaq və yaxud hansısa nisbəti verərək damğa vurmaq insanda avtomatik olaraq buna inancın yaranmasına səbəb olur. Bu isə qarşı tərəfə nisbət daim şübhə içində olmanıza səbəbdir. Şübhə ikitərəfli əlaqələrdə ən dağıdıcı və yadlaşdıran xüsusiyyətə malikdir. Bu bağların və etibarın sarsılmasına gətirib çıxarır. Eyni zamanda müəyyən bir xüsusiyyətlə qarşı tərəfi etiketləmək onu haqsız olaraq ittiham etmək mənasınadır. Bu da öz növbəsində onun qəlbində sizə qarşı kin-küdurətin yaranmasına səbəbdir. Kin daim özü ilə qəzəb dayışır. Bir çox səbəbini bilmədiyiniz, xırda məsələlərdə böyüyən davaların kökündə də elə həmin damğaların qığılcımlarının alovunu görə bilərsiniz. Yaxşı olardı ki, sağlam ailə bağlarına malik olmaq naminə cütlüklər etiketləmə kimi əsassız qavramlardan uzaq dursunlar.

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir