aliment

Alimenti ancaq kişi ödəməlidir?

Baxış sayı: 355

Ərlə arvad boşandıqdan sonra uşaq, demək olar ki, ənənəvi olaraq, anası ilə birlikdə yaşamağa davam edir. Qanunvericiliyə görə, ər və arvad boşandıqdan sonra da yetkinlik yaşına çatmayan uşaqlarına maddi dəstək verməyə borcludur. Bu cür dəstəkdən imtina edilərsə, ərdən və ya arvaddan aliment ödəməsi tələb oluna bilər.

Bizim cəmiyyətdə belə bir fikir var ki, alimenti kişi ödəməlidir. Yəni ata boşandıqdan sonra qadından ayrı yaşasa belə, övladının maddi rifahını təmin etməlidir. Lakin gender bərabərliyi prinsiplərini nəzərə alsaq, qadınların gəlirindən aliment tutulması nəinki məntiqli sayılır, hətta bu hal qanunvericiliklə tənzimlənir. Ekspertlər kişilərin də maddi dəstək hüququnun olduğunu bildirirlər. Ancaq kişilər çox vaxt aliment tələb etmirlər. Onların aliment istəməsinə bəzən qürurları mane olur.

 

Beynəlxalq təcrübə də bərabərliyi əsas tutur

Xarici ölkələrin təcrübəsinə nəzər salsaq, Rusiya Federasiyasının Ailə Məcəlləsində kişilərin aliment almaq hüquqi tanınır. Qonşu ölkənin Ailə Məcəlləsinə görə, ana ilə bərabər ata da aliment almaqla bağlı iddia qaldıra bilər.

ABŞ-nin Kaliforniya ştatında da əgər boşanma zamanı həyat yoldaşlarından biri digərindən qat-qat çox qazanırsa, digər həyat yoldaşı ondan aliment tələb edə bilər. Və ya əgər həyat yoldaşlarından biri uşaqlarına və ya evə qulluq etmək üçün işindən imtina edərsə, evdə qalan həyat yoldaşı boşanma halında aliment tələb etmək hüququna malikdir. Xarici ölkələrin təcrübəsindəki bu hallar bizim Ailə Məcəlləmizdə də yer alıb.

Təəssüf ki, Azərbaycanda məhkəmə qərarından sonra nə qədər uşağın ana, nə qədər uşağın ata öhdəliyində qalması ilə bağlı statistikanı nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, nə də Ədliyyə Nazirliyindən əldə edə bildik.

 

Bu məsələnin ciddi ictimai müzakirəsi keçirilməlidir

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafanın fikrincə, bu məsələdə məhkəmənin qərarı çox önəmlidir. Çünki situasiyaya görə qərar verilməlidir: “Elə hallar var ki, alimentin qadın, istisna hallarda kişi üçün də ödənməsi nəzərdə tutula bilər. Çünki uşağı kimin himayə etməsi və saxlaması, bunun hansı çətin şərtlərdə gerçəkləşməsi problemi var”. Millət vəkili hesab edir ki, bu sahədə məhkəmənin müstəqil qərarvermə mexanizmini inkişaf etdirmək lazımdır: “Bu mexanizm inkişaf edərsə, problem də qalmaz. Hər halda, bu məsələnin ciddi şəkildə ictimai müzakirədən keçməyinin tərəfdarıyam. Biz Aliment Fondunun yaradılması məsələsini də həll edə bilmədik. Bu fond olsaydı, dövlətin bu cür uşaqlara qayğısını daha çevik şəkildə gerçəkləşdirmək mümkün ola bilərdi. Ümumiyyətlə, bu sahədə bir çox problem var. Biz onların həlli istiqamətində düşünməliyik”.

Qanunvericilikdə ata-ana ayrı-seçkiliyi yoxdur

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Ruslan Vəliyev məsələ ilə bağlı qanunvericilikdə ayrı-seçkiliyin olmadığını bildirir: “Ailə Məcəlləsində konkret olaraq hansı valideynə aliment ödənilməsi göstərilməyib. Məcəllədə “Uşağı saxlayan valideyn digər valideyndən aliment ala bilər” və ya “Uşaqdan ayrı yaşayan valideyn onun saxlanması üçün aliment ödəməlidir”, – deyə qeyd edilib: “Yəni uşaqla yaşamayan valideyn uşaqla yaşayan valideynə aliment ödəməlidir. Təcrübədə də kifayət qədər işlər olur ki, məhkəmə qaydasında anadan aliment tutulur. Bu, Azərbaycanda geniş yayılmasa da, normal haldır. Mənim icraatımda olan 3-4 işdə konkret olaraq ataya verilməsi üçün anadan aliment almışıq”. Vəkil bildirir ki, uşaqların daha çox ana nəvazişinə ehtiyacı olduğu üçün məhkəmələrdə adətən onların analarının yanında qalması ilə bağlı qərarlar qəbul edilir:

“Qanunvericilik daha çox uşaqların analarının yanında qalmasını təşviq edir. Amma müəyyən səbəblərdən məhkəmələr uşağın atanın yanında qalması ilə bağlı da qərar çıxarırlar. Həmçinin, uşağın özünün kimin yanında qalmaq istəməsi də məhkəmənin qərarına təsir edir. yeddi yaşına qədər olan uşaqlar əksər hallarda ananın öhdəsinə verilir və ata aliment ödəməli olur. Ona görə də cəmiyyətdə daha çox atanın aliment verməsi fikirləri hallanır. Tək-tük hallarda atanın yanında qalan uşaq üçün ana tərəfindən aliment ödənilir. Səhv olaraq insanlarda belə fikir formalaşır ki, yalnız ata aliment ödəməlidir. Ancaq əgər uşaq atanın yanında qalırsa, onda ana aliment ödəməlidir”. Vəkil “Aliment daha çox anaya verilir” fikirlərinin geniş yayılmasına da aydınlıq gətirdi: “Məhkəmə qaydasında uşaqların ataya verilməsi uzun bir prosedurdur. Qanun daha çox ananın tərəfində olduğu üçün əksər hallarda anaları qoruyur. Bizim kişilərimiz bəzi hallarda “özüm uşağın ehtiyaclarını qarşılayacam” deyə aliment tələb eləmirlər. Bu, mentalitetə uyğun addımdır. Onlar daha çox gəlirə malik olduqlarını düşünüb qadını öhdəlikdən azad edirlər”.

“Qadından niyə aliment alırlar?”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri  Mehriban Zeynalova da ailə qanunvericiliyində ataya da alimentin verilməsinin mümkünlüyünün yer aldığını qeyd etdi: “Ana işləməyəndə, uşağa baxmaq öhdəliyi, məsuliyyəti, yaşayış yeri olmayanda məhkəmə uşağın mənafeyinə uyğun qərar çıxarır və bəzi hallarda onu ataya verir. Əgər ata uşağa baxırsa, qadından aliment alınması tələbi irəli sürür. Əslində, kişilər bəzi hallarda bunu qadını asılı vəziyyətə salmaqdan ötrü edirlər. Qadınlar işləməyəndə borc yığılır və məhkəmə qarşısında cavab verməli olurlar. Belə müzakirələr olanda cəmiyyət də “niyə qadından aliment alırlar?” – deyə kişiləri qınayır”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir