efsane rustemova

“Arifə bir işarə” – “NATAMAM”

Baxış sayı: 1. 424

Qarşımda bədəncə zəif bir oğlan uşağı… Bütün bədəni əzilmiş kimi ana bətnindəki tək büzüşüb. Kiminsə ona toxunub zərər verəcəkmiş kimi çəkingən… Ya da artıq zərər verilib… Bu sualların cavabın tək başına tapa bilmərəm, mütləq o da danışmalıdır, lakin o buna heç həvəsli görünmür. Amma onu danışdırmağın bir yolu olmalıdır. Məcbur edə bilmərəm, amma işimi şansa buraxmaq da məni qane etmir… Müşahidə üçün özünə bir az zaman ver-dedim özümə və başladım “fikir verməyə”.

Yaşı? lap olsun 23.

23 yaşlı oğlan. Kapuşonun belə başından çıxarmır. Deməli gizlətmək istədiyi nəsə var.

Onu bura gəlməyə dostu təkid edib. Dostu kimidi?

Tural.

Hə, elə Turalın da 23-24 yaşı olar. O bir az qəribə uşaqdır, düzü. Hələ özü heç nə deməyib, amma bilirəm ki, onun mənə etiraf etmək istədiyi nəsə var. Keşkə heç olmasa üzün və qolların gör biləydim, ondadaha ürəkli suallarla başlaya bilərdim sözə.

– Məncə, bu sükutu birimiz pozmalıyıq, Arif.

– Arifə!

– (Bu səs tonun tanıyıram. Yaxşı yerdən başladıq) Bağışla, mənim qarşımda adın elə yazılıb, yəqin xanımlar səhv qeydiyyat götürüb. Həm də belə şeylərin nə qədər önəmli olduğunu onlara min dəfə demişəm. Bir daha üzrlü say, Arifə. Mən onlara bildirəcəyəm düzəltsin səhvlərini. (Əslində məsələnin nə olduğunu bilirəm, amma təxmin yox, etiraf üzərindən davam edək belə davam edirəm. )

– Yox, onların bir günahı yoxdur, sənədlərim hələ dəyişməyib. (kapuşonun aşağı endirdi. İp kimi nazik qaşı, gözünün altına yayılmış karandaşı, nahamar dodağı ilə “qadınlığı” yanlış anlamış biri var idi qarşımda.)

– Bir az uzun çəkir sənəd işləri (Gedişatda məni təəccübləndirən heç nə yox imiş kimi olduqca sakit tərzdə davam edirəm)

– Qəribədir. Bilirəm e, psixoloqsunuz, siz də reaksiya versəniz daha nə olacaq ki?! Amma yenə də heç səs tonunuzu belə pozmamağınız qəribə gəldi mənə. O qədər alışmışam ki, bu dialoqun sonun lağlağı və ya şiddətlə bitməsinə…

– Arifə… Burda elə bir şey olmayacaq. Ən azından mənim tərəfimdən ( gülümsəyirəm). Mənim mərkəzimdə olduğun müddətcə heç kəs sənə zərər verə bilməz!

– (Elə bil bu cümləni gözləyirdi, yığılmış bədəni açıldı, üstündəki böyük papaqlı geyimi soyundu, çox zərif ipəkdən çəhrayı bir geyim var idi əynində. Sinəsinin tükləri tam tökülməmişdi, döşləri yox idi, amma alt paltarı geyinmişdi içinə.) Bəlkə də ilk dəfədir bu kimliyimdən utanmadan, qorxmadan normal bir mühitdə var oluram.

– (Var olmaq?! Arif-Ə kimi insanlar ən çox bu tərz danışıq və düşüncə üslubunu seçir) Maraqlı tərzin var, nə vaxtdan belə geyinirsən?

– Ruhumun geyindiyi libası deyirsiniz, anlayıram. Məni incitmədən sual verməyiniz o qədər xoşuma gəlir ki… İstəyirəm bitməsin burda olma müddətim… Bir az danışım o zaman özüm haqqında. Çox yaxşı maddi imkanı olan bir ailənin ikinci qızıyam mən. Övladıyam yəni. Bilmirəm, necə izah edim özümü. Bacım evin böyük qızı və ilk övladı idi, ailəmizin sevimlisi, daima özünü doğruldan. Heç vaxt səhv etməyən, yaxşı təhsil həyatı olub uğurlu iş kariyerası ilə ömrünü davam etdirən… Mən isə… Kölgədə qalan, özünü təsdiq etməyi bacara bilməyən, məktəbi yarıda qoyan, bütün pis vərdişlərə “zamanında” başlayan… Həyatımı düzəltmək üçün bacımı örnək almaq istəyərkən bir anda özümü burda (bu ruh halında) tapdım. Siz soruşmadan deyim, bu intiqam duyğusu deyil, bu xaosun içində çırpınmaqır, özünü tapa bilməmək, çarəsizlik… Nə istəyirsiniz, deyə bilərik. Mənə kömək eləyin! Özümü tapa bilmirəm! Mən özümdən əvvəl valideynlərimin mənə baxanda hiss etdiyi duyğunu dəyişmək istəyirəm!

– (Bir insan bütün həyatını necə özünütəsdiqə həsr edər? Bir insan fərqinə varılmağın uğrunda necə özündən keçər? Necə bu qədər çarəsizliyi tək başına yüklənər?! Arifə bir işarə lazım imiş sən demə, yenidən “özünə” qayıtmaq üçün.) Öncəliklə mənə güvənib bu duyğunu paylaşdığın üçün təşəkkür edirəm. Düşünürəm ki, sən də mənə dəstək olsan, biz birlikdə bu yolu davam edə bilərik.  Amma indi çox yorğunsan. Get, istirahət elə. İki gün sonra görüşək. Gələndə ruhuna ən uyğun paltarı geyin. Onun rəngindən aslı olaraq yolumuza necə davam etməyimizə qərar verərik.

– Çox təşəkkür edirəm, diqqətiniz və qayğıkeş yanaşmanız üçün. Bu günə qədər heç kəs mənim hansısa duyğumun fərqinə varmamışdı. Siz isə hətta yorğunluğumu belə hiss etdiniz. Xahiş edirəm, mənlə görüşməkdən imtina etməyin.

– Rəngarəng bir söhbət bizi gözləyir. Məni bu yolda yoldaş olaraq görməyin çox dəyərlidir mənə.

Kapuşonunu üstünə keçirib otaqdan gülümsəyərək çıxdı. Çiyinləri daha geniş açılmışdı. Məncə, rəngimiz bəllidir,amma gələn dəfə kapuşonun altından çıxacaq rəngin seçiminə müdaxilə eləməyək. Görək nə olacaq?!

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir