lazer

Dərini gözəlləşdirən prosedur

Baxış sayı: 429

Hələ qədim zamanlardan insanlar, xüsusən də, xanımlar müxtəlif vasitələrdən yararlanaraq dərilərinə qulluq ediblər. Bu cür qulluq sayəsində gözəl görünmək, yəni gözəl və hamar dəriyə sahib olmaq ən vacib şərtlərdən biri idi. Qədim Misir, Roma və Hindistanda xanımlar dərilərinin gözəl olmağına xüsusi diqqət ayırır, ilk növbədə arzuolunmaz tüklərdən qurtulmağın yollarını axtarırdılar. Orta əsrlərin dəbli xanım və bəyləri sap, daş, şəkər pastası, süngər daşı, balıqqulağı və s. ilə tükləri yox edirdilər. O vaxtdan bu vaxta çox sular axıb və üsullar dəyişib, müasirləşib, əlbəttə ki, bu sahə də çox inkişaf edib.  Günümüzdə lazer epilyasiyası kimi məşhur olan prosedurdan nəinki xanımlar, elə bəylər də geniş istifadə edirlər. Bəylər son zamanlarda daha çox qulaq, burun, saç və saqqal kantları üçün lazer epilyasiyasına müraciət edirlər.

 

Lazer epilyasiyası nədir?

Lazer epilyasiyasının nə olduğunu demək olar ki, hamı bilir. Amma bu prosedurun necə işlədiyindən çoxları məlumatsızdır. Epilyasiya zamanı tükün soğanağında olan melanin piqmenti lazerin işıq enerjisini özünə çəkir, istilik enerjisinə çevirir və follikul isinərək məhv olur.
Tüklərin dəridən təmizlənmə dövrü 14 gün sayılır.

Bu prosedur dəfələrlə təkrarlanandan sonra (sayı individual olaraq orqanizm və dəridən asılıdır) tük həmin yerlərdə daha bitmir. Bu da müasir xanımların (eləcə də bəylərin) arzusuna tam uyğundur. Axı lazer epilyasiyası olmayana qədər, yəni elə son dövrlərə kimi mum, sap, müxtəlif kremlərdən, pastalardan istifadə etməklə ağrılı, eyni zamanda da qısa müddətli təmizliyə nail olan insanlar, indi buna daha rahat və uzunmüddətli nail olurlar. Bu cür prosedurlar həm qızıldan qiymətli vaxta qənaət edir, həm də rahat başa gəlir. Epilyasiya prosedurunda bir neçə cür lazerdən istifadə olunur: aleksandrit, diod, yaqut, sapfir və s. Yaqut lazer bunların ən ilkin mərhələsidir.

Depilyasiyayla epilyasiyanın da fərqi var. Epilyasiya tükləri kökündən təmizləyir. Depilyasiya isə, tüklərin dərinin üst tərəfindən, follikuluna toxunmadan təmizlənməsidir. Bu metod (pinset, mum, ülgüc, sap və s. ilə) istənilən halda dərinin üst təbəqəsini zədələyir.

lazer epilyasiyasi
“Usta əvvəlcə pasiyentin sağlamlığı ilə maraqlanmalıdır”

Epilyasiya ustası Nuriyə Adıgözəlova deyir ki, hamıya lazer epilyasiyası etmək olmaz: “Hər bir savadlı usta əvvəlcə pasiyentin sağlamlığı ilə maraqlanmalıdır. Belə ki, dəridə açıq və ya tam sağalmamış yara, çox sayda anadangəlmə ləkələr və xallar, bədxassəli şiş varsa lazer epilyasiyası etmək qadağandır. Bundan başqa, herpes (aktiv mərhələsində), hamiləlik və uşaq əmizdirmə dövründə də bu prosedur məsləhət deyil. Epilepsiya və digər xəstəliklərin daşıyıcıları da epilyasiya etməkdən çəkinməlidirlər. Ona görə də, biz mütləq şəkildə əvvəl pasiyentimizin sağlamlığı ilə maraqlanır, sonra işə başlayırıq”.

“Lazer epilyasiyası bir çox insanların gözəllik baxımından dadına çatsa da, bəzən onun mənfi tərəfləri ilə də rastlaşırıq”, – deyir Nuriyə xanım: “Məsələn, ağdərili və nazik tükləri olan xanımların dərisində epilyasiyadan sonra qızarma, qabıqlanma və s. ola bilir. Bəzən epilyasiyadan sonra piqment ləkələri və ya şişkinlik də yaranır. Bu halda həkimə müraciət etməyə ehtiyac olmur. Adətən onlar qısa bir zamandan sonra özü-özünə, heç bir müalicəsiz keçib gedirlər”.

 

“Prosedurdan sonrakı birinci gün…”

Epiliyasiya ustası lazer epilyasiyasından sonra nələrə diqqət etməli olduğumuza da aydınlıq gətirdi: “Prosedurdan sonra birinci gün masaja getmək olmaz. Bir-iki gün müddətində hamam və saunaya getmək də məsləhət deyil. Çünki yüksək temperatur dərini qıcıqlandıra bilər. Bunun da nəticəsində dəriyə infeksiya düşə bilər. Həmçinin, solyarinin də dərini qıcıqlandırma ehtimalı var. Dərisinin əsmər olmasını sevən xanımlar bundan ötrü də bir-iki gün səbir etsələr yaxşı olar. Prosedurun ilk günündə çox isti vanna və ya duş qəbul etmək də yaxşı deyil. Skrab, müxtəlif yağlar, kremlərdən istifadə etməsələr yaxşıdır. Bir şeyi də mütləq qeyd etmək istəyirəm ki, lazer epilyasiyasından sonra çıxan tükləri qoparmaq üçün mumdan, epilyasiya kremlərindən istifadə etmək olmaz. Bunlar əks göstərişdir”. Nuriyə xanım “bəs lazer epilyasiyasının dəriyə, orqanizmə bir ziyanı, fəsadı varmı?” sualına isə “qətiyyən yox” cavabını verdi. Bildirdi ki, peşəkar tərəfindən reallaşdırılan epilyasiyadan dəri ziyan görə bilməz.

 

Dəri tipinə və rənginə görə enerji seçimində diqqətli olaq

Dermatoloq Fərhad Qarayev də deyir ki, düzgün olunmuş lazer epilyasiyasının insana heç bir ziyanı yoxdur:

“Dəri tipinə və rənginə görə enerji seçimində diqqətli olmaq lazımdır. Dəri tündləşdikcə daha aşağı enerji ilə işləmək lazımdır ki, yanıq olmasın. Lazer tünd tüklərə təsir edir, açıq rənglərə təsiri azalır. Çünki mexanizm tükün özünə görə deyil, rənginə görə işləyir. Dəri tünd olduqca isə enerjini daha çox udur və belə olanda gərək aşağı enerjidən istifadə olunsun. Bəzən yanıq və ya depiqmentasiya olur, amma bunlar da keçicidir. Ümumi götürəndə hər şey düzgün olunanda heç bir ziyanı olmur. Bu radioaktiv şüa deyil, lazerdir, dəriyə heç bir fəsad vermir”.
Xanım Aydın

P.S. Epilyasiya ustası və həkimin məsləhətlərini dinləyəndən sonra maraq üçün Bakıdakı bir neçə gözəllik salonuna zəng vurduq. Onlardan heç birində sağlamlıq durumumuzla maraqlanmadılar və dərhal prosedur üçün vaxt təyin etməyə cəhd göstərdilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir