gunvurma

Günvurmadan necə qorunmaq lazımdır?

Baxış sayı: 419

Yay aylarında yüksək temperatur səbəbilə günvurma hallarına rast gəlinir. Uşaqlar və körpələr də daxil olmaqla, hər yaşdan insana təsir edə bilən günvurma yüksək hərarət, ürəkbulanma, qusma və huşunu itirmə kimi əlamətlərlə özünü göstərir. Günvuran insanlara dərhal ilk yardım edilərsə, qalıcı zərərin qarşısı alına bilər.

Terapevt Məlahət Abbasova bildirir ki, xüsusilə günəş şüalarının ən yüksək səviyyədə olduğu zamanlarda yüksək temperaturda günəş işığına həddindən artıq məruz qalma nəticəsində bədən hərarətinin anormal səviyyəyə yüksəlməsinə günvurma deyilir. Bədən mexanizminə və sistemlərinə mənfi təsir göstərən yüksək hərarət xüsusilə günorta saatlarında daha çox müşahidə olunur. Külək olmayan havada daha təsirli olan istilik bədənin tərləmə və ya su itkisi mexanizmini pozaraq, qalıcı ziyana və hətta ölümə səbəb ola bilər. Çox isti havalarda orqanizm hazırkı temperaturunu saxlamaq üçün tərləyir. Az tərləmə orqanizmdə natrium və xlor itkisinə səbəb olur, nəticədə günvurma yaranır. Günəş vurmasının ən əhəmiyyətli səbəbi yüksək hərarət olsa da, rütubət də təsirli faktorlardan biridir.

Məlahət Abbasova

“Ümumiyyətlə 40°C-dən yuxarı temperaturda müşahidə olunan günəş vurması, aşağı temperaturda yüksək rütubət səbəbindən təsir edir. Bundan əlavə, isti havalarda qalın paltarlardan istifadə etmək, günəş altında spirtli içki qəbul etmək və bir anda çox yemək yemək də gün vurmasına səbəb ola bilər”- deyən həkim bildirib ki, günvurma bütün yaş qruplarında müşahidə edilsə də, bəzi yaş qrupları risk qrupundadır. Belə ki, günvurma hallarına daha çox 4 yaşdan kiçik uşaqlar və 65 yaşdan yuxarı şəxslər məruz qalır. Eyni zamanda böyrək çatışmazlığı, yüksək təzyiq, xərçəng, piylənmə xəstələri, xroniki xəstəlikləri olanlar və müxtəlif psixoloji pozğunluğu olan şəxslər də risk qrupundadır.

Həkimin sözlərinə görə, hamilə qadınlar da yüksək temperaturda günəş vurmasına qarşı tədbir görməlidirlər.

“Günvurma özünü ilk mərhələdə tez-tez müşahidə edilən ürəkbulanma, qusma, yüksək hərarət və baş ağrısı kimi əlamətlərlə büruzə verir. Müdaxilə edilmədiyi hallarda fərqli və daha şiddətli günvurma əlamətləri meydana çıxır. Xüsusilə, hərarət 40°C-dən yuxarı qalxdıqda qıcolmalar, dəridə səpgilər və tənəffüs çətinliyi kimi əlamətlər isti koma adlanır.

40°C-dən yuxarı qızdırma, dəri səpməsi, bədəndə tərləmə olmaması, ürək döyüntüsü, ürəkbulanma və qusma, şiddətli baş ağrısı, nəfəs almada çətinlik, şüur itkisi, yatmaq istəyi,ağızda və dodaqlarda quruluq, dəridə quruluq, balans pozğunluqları, yeriməkdə çətinlik və ən sonda isə koma gün vurmanın əlamətləridir”-deyə Abbasova əlavə edib.

Həkim bildirir ki, 4-5 yaşdan kiçik uşaq və körpələrdə günvurma əlamətləri arasında ürəkbulanma, qusma, yatmaq istəyi və yüksək hərarət tez-tez rast gəlinir.

Məlahət Abbasova qeyd edir ki, günvurmadan sonrakı ilk 30 dəqiqə xəstələr üçün çox vacibdir. Çox yüksək bədən istiliyi olan xəstələrin temperaturunu ən azı 38,5°C-ə endirilə bilmədiyi hallarda xəstələr ölə bilər. Sağ qalan xəstələrdə qaraciyər və böyrək funksiyalarında daimi itkilər də müşahidə edilir.

Günvurma keçirən insanların əksəriyyətində qusma əlamətləri olduğu üçün ilk tibbi yardım zamanı xəstələrin yan yatması da vacib məqamlardan biridir. Xəstələr sərin yerə köçürüldükdən sonra onların bədən hərarəti aşağı salınmalıdır. Bunun üçün baş, sinə, qoltuqaltı kimi nahiyələrə soyuq kompreslər tətbiq oluna bilər. Qan axınının istiqamətini və təzyiqi artırmaq üçün ayaqları yerdən yüksək nöqtəyə qaldırmaq faydalıdır. Hələ huşunu itirməmiş xəstələrə maye, xüsusilə su verilməlidir. Huşunu itirmiş xəstələrə maye verilməməli və dərhal həkimə çatdırılmalıdır.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir