Koronavirus

Koronavirus vaksini nə dərəcə effektli olacaq?

Baxış sayı: 825

Uzun müddətdir dünyanı cənginə alan COVİD-19 pandemiyası insanların sağlamlığını ciddi təhlükə altına alıb. Statistikaya nəzər yetirsək, hər gün dünyada xeyli sayda insanın bu virusa yoluxduğunu və ya öldüyünü görərik. Alimlər çıxış yolunu vaksinin tapılmağında görür. Bu səbəbdən də hazırda dünya ölkələri vaksin hazırlanması istiqamətində müəyyən işlər görürlər, hətta, yarışa giriblər desək, daha doğru olar. İlk addım Çindən olsa da, artıq bir çox Avropa ölkələri və ABŞ-da bu işə qarışıb. Hər gün mediada “Vaksin tapıldı”, “Filan ölkədə vaksin üzərində işlər gedir” və s. başlıqlı xəbərlərə rast gəlirik. Hətta bir müddət əvvəl Böyük Britaniyada koronavirusa qarşı hazırlanmaqda olan vaksinin gələcək pandemiyalarla da səmərəli mübarizə apara biləcək gücə sahib olacağı qeyd olunan məlumat yayıldı. Xəbərə əsasən, yeni texnologiya bir neçə həftə ərzində milyonlarla doza vaksin hazırlamağa imkan verəcək. Digər nümunələrdən fərqli olaraq bu vaksin sintetik yolla hazırlanır. London İmperial Kollecinin professoru Robin Şattok bildirib ki, yeni vaksinin hazırlanması texnologiyası universaldır. Başqa sözlə, bu vaksini gələcəkdə digər epidemiyalara uyğunlaşdırmaq və onlarla mübarizədə istifadə etmək olar. Professor həmçinin qeyd edib ki, əzələdaxili inyeksiyadan sonra bu preparat RNT-ni gücləndirir və orqanizmin infeksiyaya reaksiyasını stimullaşdırır. Vaksinin test nümunələrinin isə avqustun ortalarınadək hazır olacağı gözlənilir.

Ən sonuncu xəbər isə Rusiyadandır. Belə ki, Rusiyada yeni növ koronavirus infeksiyasına qarşı ilk peyvənd artıq hazırdır. Bu barədə Rusiya müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov “Arqumentı i faktı” nəşrinə müsahibəsində bildirib. O, hərbi mütəxəssislərin və Hamaley adına Milli Tədqiqat Mərkəzinin alimlərinin iştirakı ilə yaradılan koronavirusa qarşı ilk peyvəndin hazır olduğunu qeyd edib: “Mütəxəssislərimiz və Milli Tədqiqat Mərkəzinin alimləri tərəfindən test nəticələrinin son qiymətləndirmələri aparıldı. Bütün könüllülər, istisnasız olaraq, koronavirusdan immunitet qazanaraq özlərini yaxşı hiss ediblər. Beləliklə, yeni koronavirus infeksiyasına qarşı ilk yerli peyvənd hazırdır”.

Maraqlıdır, hələ ki, dünyanın ən müasir və inkişaf etmiş ölkələrində vaksinin hazırlanması üzərində işlər getdiyi halda, necə oldu Rusiya qısa zamanda peyvəndi artıq hazır etdi. Belə bir peyvəndin olmağı nə dərəcədə realdır, əgər peyvənd varsa, onun ölkəmizə gətirilməsi virusa qarşı mübarizədə bizə kömək edə bilərmi?

Tibb üzrə ekspert Adil Qeybulla məsələyə ciddi yanaşmadığını və Rusiyanın virusa qarşı peyvənd hazırlayacaq texniki gücə sahib olmadığını deyir: “Rusiya hazırda fürsətdən istifadə edərək sözün həqiqi mənasında alverlə məşğuldur. Məsələn, “Arbidol” adlı dərmandan 1.4 milyard pul qazandı, daha sonra COVİD-19 üçün xüsusi testlər istehsal etdi. Hansı ki, özü həmin testləri yerli səhiyyə sistemində istifadə etməyib, başqa ölkələrə satdı, özü isə testləri Almaniyadan aldı. İndi də peyvənd söhbəti ortaya düşüb. Qeyd edim ki, vaksin hazırlamaq elə də asan məsələ deyil. Onu hazırlamaq texniki baxımdan çox çətin bir prosesdir. Rusiyada isə texnoloji proseslər hələ o səviyyədə inkişaf etməyib. Ona görə də sözü gedən məsələyə elə də ciddi yanaşmıram. Çox güman ki, bu vaksini də istehsal edib, dünya ölkələrinə satmağı planlayır”.

Ekspert qeyd edir ki, virus artıq mutasiyaya uğradığı üçün bir müddət sonra vaksinə ehtiyac qalmayacaq: “Vaksin istehsal edildikdən sonra müəyyən qrup əhali arasında testlər aparılmalıdır, hansı orqanizmdə necə reaksiya verir onu ölçmək, olacaqlara əvvəlcədən hazırlıqlı olmaq lazımdır. Bu isə uzunmüddətli prosesdir. Ümumiyyətlə hesab edirəm ki, peyvənd mövzusu illüziyadır. Düzdür, bir çox ölkələrdə bu istiqamətdə işlər görülür, amma vaksin kəşf olunub, sınaqdan keçirilənədək virus yox olacaq. Çünki virus artıq mutasiyaya uğrayır”.

 

İnfeksionist Vüqar Cavadzadənin sözlərinə görə, vaksin hazırlandıqdan sonra mütləq sınaqdan keçirilməli və nə dərəcədə effekt verəcəyi sözdə yox, klinik təcrübədə özünü göstərilməlidir: “Vaksin hazırlandıqdan sonra, o, mütləq sınaqdan keçirilməli və bir müddətdən sonra effektivliyi ölçülməlidir. İnsan vaksinasiya olunduqdan sonra nəzarətdə saxlanmalıdır ki, yenidən koronavirusa yoluxma halı baş verir, ya yox. Bu cür sınaqlar nəticəsində peyvəndin effektivliyi sübuta yetirilir. Mediada gedən məlumatlara əsasən, Rusiyada vaksin hazırlanıb, amma onun virusla mübarizədə nə dərəcədə effekt verəcəyi sözdə yox, klinik təcrübədə özünü göstərəcək. Ona görə indidən həmin peyvəndin əhəmiyyətindən danışmaq tezdir. Amma ümumilikdə, mənim fikrim isə belədir ki, vaksinin tapılmağı mümkün olmayacaq. Çünki virus mutasiyaya uğrayır. Mutasiya olan halda isə hazırlanan peyvəndlər effektli olmur. Hesab edirəm ki, hazırlanan vaksinlərin effekti olmayacaq. Bu, təkcə COVİD-19-da belə deyil, bütün mutasiyaya uğrayan mikroorqanizmlərdə vaksinasiya kömək etmir”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir