feminizm

Mühafizəkarlığa qarşı feminizm? -ARAŞDIRMA

Baxış sayı: 448

Feminizm və feministlər bu gün çox müzakirə edilən mövzulardandır, insanlar onların məqsədlərini və istəklərini birmənalı qarşılamır. Bunun bir səbəbi feminizmin ifrat dərəcədə istiqamət dəyişdirməsidirsə, digər səbəbi də özünü feminist adlandıran bəzi qadınların, sözün əsl mənasında, “kişi düşməni”nə çevrilməsidir.

 

Feminizm nədir, necə yaranıb?

Feminizm sözü həm latınca “femina”, yəni “qadın” sözündən, həm də “Femida” sözündən qaynaqlanır, qədim yunan mifologiyasına görə Zefsin həyat yoldaşı olan ilahənin adı Femida olub. Qeyd edək ki, feminizm XVIII əsrdə əvvəlcə Şimali Amerikada, sonralar isə müstəqillik uğrunda mübarizə illərində, 1775-1783-cü illərdə “Böyük Fransız inqilabı” zamanı Fransada yaranan qadın hərəkatı olub. Həmin illərdə feminizm hərəkatına qoşulan qadınlar ilk növbədə haqq-ədalətin bərqərar olması üçün və qadın haqlarının heç bir halda pozulmaması naminə fərqli qadın təşkilatlarında birləşməyə başladılar.

Amma maraqlıdır ki, o vaxtlar bu hərəkatın adı “feminizm” deyildi, bu ad hərəkata yalnız çılğın və qorxmaz fransız qadın yazıçısı Olimpiya de Qucun “Qadınların hüquq deklorasiyası”ından sonra ona haqq verən və yazıçının ətrafında birləşən qadınlara “feministlər” deməyə başladılar. Çünki yazıçı yazısında qadının da “feme”, yəni insan olduğunu deyirdi.

Lakin maraqlı olan bir şey də var, bütün bu sadaladıqlarımız feminizmin yalnız görünən tərəfidir. Tarixi mənbələrdə yazılır ki, kişi cinsindən olan fərdlərdə ikinci dərəcəli qadın cinsiyyəti orqanlarının inkişaf etməsi prosesi feminizasiya adlanır. Eyni zamanda, feminisliyi təkcə insanda deyil, eyni zamanda quşlarda və heyvanlarda müşahidə etmək olar. Bizim yazımızla bir o qədər əlaqəsi olmasa da qeyd etməliyik ki, feminizasiyanın əksi də var, o “maskulinizasiya” adlanır. Maskulinizasiya qadın cinsindən olan fərdlərdə ikinci dərəcəli kişi cinsiyyət orqanlarının inkişafı prosesidir.

Feminizmin bir problem olaraq tarixən həll edilməmiş qalması son dövrlərdə ona yardımçı sahələrin də yaranmasına səbəb oldu. “Gender” proqramı bu baxımdan ən çox uğur qazanandır. Bu proqram feminizmin dayaqlarını, özülünü araşdırmağa və həlli istiqmətində müəyyən nailiyyətlər əldə etməyə stimul verdi.

 

Feministlər və problemləri

Əgər kimsə feminizmin mahiyyətini sizə tam olaraq anlatmaq fikrinə düşsə, inanmayın, çünki bu hərəkat sözün bütün anlamlarında qarışıq bir durumdur, feministləri bəzən bioloji və psixi pozğunluqları olan kəslər də adlandırırlar. Hətta bir çox feminist qadının ərə getməsini, uşaq doğmasını köləlik edir.

Feministlər düşünürlər ki, cəmiyyətin kişi və qadına münasibətdə tətbiq etdiyi rasional nəzarət sxemi bir-birindən fərqlənir, kişilərə birincilik tanınır, qadın mənəviyyatı təmin olunmamış qalır. Elə bu səbəbdən də feminizmin məqsədi qadın mənəviyyatının “susmaq sferasından” birdəfəlik çıxarılması və kişi ilə eyni cərgədə, eyni statustda qərarlaşmasıdır.

Bir az öncə qeyd etdiyimiz kimi, feminizm o qədər qəliz və həll olunmamış mövzudur ki, onun öz daxilində bir neçə qola ayrılması da bunu təsdiq edir. Feminizmin bu qollarından olan “anarxofeminizm”, “konservativ feminizm”, “humanist feminizm” az tanınıb. Amma bəzi qismi isə bu gün dünyada, eləcə də Azərbaycanda kifayət qədər geniş arenada müzakirə olunandır – “burjua feminizmi”, “radikal feminizm”, “liberal feminizm”, “qara feminizm” də bu qismə aid edilir.

Sosioloqlar, adətən, belə hərəkatların öz daxilində bir neçə qola ayrılmasını da problemli olması ilə əlaqələndirirlər. Çünki hərəkatın qəlizliyi onun bir aspektdən həll edilməsinin mümkün olmamasından xəbər verir ki, bunun da altından hərəkatı bir neçə qola bölməklə çıxırlar, amma yenə də feminizm anlayışını tam olaraq çözə bilmirlər.

 

Azadlığı cinsi orqanla ölçən qadınlar

Bir neçə il bundan öncə Bakıda feministlərin bir yürüşü keçirildi. Buna feminizm yürüşü əvəzinə əxlaqsızlığın leqallaşdırılmasının tələb edilməsi desək, daha düzgün ifadə etmiş olarıq. Çünki o yürüşdə özünə feminist deyən onlarla qız-qadın “vagina mənimdir, kimə istəsəm verərəm” kimi şüarlarla azadlıqlarının ölçüsünü göstərmiş oldular. Azadlığı önünə gələnlə cinsi münasibət yaşamaq qədər ucuzlaşdıran yerli feministlər feminizm anlayışını nə qədər doğru anlayıblar? Cinsi istəyini təmin etmək üçün hissiz-duyğusuz cinsi münasibət yaşayan qadın azad deyil, bunun adı başqadır.

Ümumiyyətlə, həyatımızda tez-tez hansısa anlayışları səhv qəbul edirik və ya bəzi faktları həqiqətən də təhrif edirik. Azadlıq və feminizm bu faktlardan yalnız ikisidir. Ölkəmizdə qadınların azadlığı anlayışı həmişə feminizm anlayışı ilə qoşa xatırlanır. Feminizmin kişi düşmənçiliyi kimi tanındığı günümüzdə qadının hansı haqqı məhdudlaşdırılıb deyə sual versək, çoxumuz durub düşünərik. Axı müasir cəmiyyətimizdə qadınların kişilərdən bir çox üstünlüyü də təmin edilib. Azərbaycan qadının alçaldıldığı, xor görüldüyü, kölə olduğu ölkələrdən deyil, burada qadınların kişilərlə bərabər hüququ var və bütün haqları təmin edilib.

Hakimiyyət anlayışı cəmiyyətin bütün təbəqələrində və bütün quruluşlarda mövcud sistemdir. Dövlətdə hakimiyyət olur, cəmiyyətdə hakim qüvvə olur, ailədə hakimiyyət uğrunda qovğalar olur. Çünki hakimiyyət, ən sadə formada ifadə etsək, bir qrupu və ya bir şəxsi cəmiyyətin digər hissəsindən üstün edən güc deməkdir. Qadınlar qarşı cinsdən heç bir əskikləri olmadığı halda ikinci planda qalmaq istəmirlər, ailədə, cəmiyyətdə onların fikri də dinlənilsin, dəyər verilsin istəyirlər. Bunun adı bərabərlikdir. Sadəcə, bərabərlik.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir