derman

Onlayn dərman satışına aldanmayın – Sosial şəbəkələrdə təhlükə

Baxış sayı: 548

Son günlər sosial şəbəkələrdə, xüsusən “Instagram”da dərman satışı genişlənib. Bu yolla müxtəlif vitaminlər satılır. Kökəlmək, arıqlamaq üçün dərmanlar satılır.

Maraqlıdır, bəziləri dərmanların keyfiyyətli, bəziləri keyfiyyətsiz olduğunu deyərək onu içdikdən sonra müəyyən fəsadlarla qarşılaşdıqlarını söyləyirlər.

Müxtəlif ölkələrdən gətirilən belə dərmanlar apteklərdə satılan bənzər dərmanlarla müqayisədə daha ucuzdur.

“Instagram” üzərində müxtəlif dərmanların satışını edən şəxs bu dərmanları Amerikadan gətirdiyini iddia edir. Maraqlıdır, bu yolla, yəni, sosial şəbəkələrdə satılan dərmanlar təhlükəli deyilmi?

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, bununla bağlı hər zaman vətəndaşlara çağırış edilir, bildirilir ki, onlayn şəkildə satılan dərmanları almasınlar:

Derman

“Onlayn şəkildə satılan dərmanlara nəzarət olmadığından, sonradan kimisə məsuliyyətə cəlb eləmək olmur”.

Həkim-mütəxəssis Nərgiz Kərimova həm onlayn apteklər, həm də sosial şəbəkələrdə satılan belə dərmanlardan danışıb, bildirib ki, son illərdə Azərbaycanda dərmanların onlayn satışı, eyni zamanda onlayn apteklərin sayı artıb:

“Belə apteklərdə dərman preparatlarını reseptsiz almaq olur. Onlar arasında ağrıkəsicilər, vitaminlər, gözəllik naminə istifadə edilən dərman və preparatlar üstünlük təşkil edir”.

Həkim bildirir ki, onlayn dərman alarkən mütləq şəkildə onun tərkibi haqda məlumat almaq lazımdır:

“Əsas dərmanın tərkibi, onun istehsalçısı olan ölkədir”.

Həkim vurğulayır ki, elə dərman preparatları var ki, onlar xüsusi qaydada daşınmalıdırlar, bu səbəbdən dərman alarkən diqqətli olmaq lazımdır: “Elə dərmanlar var ki, buz üzərində daşınmalıdırlar. Həmin dərman preparatlarını onlayn aptekdən belə, almağı tövsiyə etməzdim. Onlayn qaydada sifariş verdiyiniz dərmanları əldə edərkən mütləq şəkildə son istifadə tarixinə, qutunun tamlığına nəzər yetirmək lazımdır”.

Nərgiz xanım bildirir ki, onlayn apteklərdən fərqli olaraq sosial şəbəkələr vasitəsilə satılan dərmanları almaq tövsiyə edilmir:

“Onlayn satılan dərmanlarla bağlı hüquqi icazə yoxdursa, dərmanların geni məlum deyilsə, o zaman həmin dərmanları almağı tövsiyə etmirəm. Çünki belə olan halda dərmanın tərkibindən məlumatsız oluruq. Bir hadisə baş verərsə, həmin “Instagram” səhifəsi sonra bağlanarsa, nə etmək olar?

derman

Maraqlıdır, belə dərmanlardan nə qədər zəhərlənmə faktı baş verib?

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirir ki, sırf sosial şəbəkələrdə satılan dərmanlardan zəhərlənmə ilə bağlı hansısa statistika aparılmayıb. A.Maqsudov qeyd edir ki, sosial şəbəkələr vasitəsilə satılan dərman vasitələrinin gərək ki, lisenziyası olsun:

“Dərmanların istifadə müddəti önəmlidir. Tərkibə də həmçinin baxılmalıdır. Çünki əksər halda reklam zamanı dərmanın tərkib hissəsi açıqlanmır. Lakin dərmanın tərkibi elə ola bilər ki, o, müəyyən fəsad verər”.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir