zorakiliq

Psixoloji zorakılıq – onu necə sübut etmək olar?

Baxış sayı: 452

Günümüzdə məişət zorakılığı ilə bağlı məlumatlarla tez-tez rastlaşırıq. Məişət zorakılığı müxtəlif formalarda olur. Çox vaxt rastlaşdığımız məlumatlarda adətən fiziki zorakılığın nə vaxt və necə baş verdiyi barədə danışılır. Döymək, həyat yoldaşını, tərəfdaşını incitmək – bir çox qadın bunu yaşayır, baxmayaraq ki, kişilərin də eyni vəziyyətdən əziyyət çəkdiyi hallar olur. Bu cür zorakılıq asan üzə çıxır – göyərmələr, sınıqlar, yanıqlar bunu göstərir və bu faktları tibbi müayinədən keçirməklə sübut etmək olar.

Cəmiyyətdə iqtisadi və psixoloji zorakılıq faktları da az deyil, lakin günahkarlar buna görə heç bir cəza çəkmirlər və kiminsə günahkar olduğunu sübut etmək kifayət qədər problemlidir. İqtisadi zorakılıq faktı zamanı insan maliyyədən məhrum olur, məsələn, qazandığı hər şeyi əlindən alırlar və ya evdar qadından danışırıqsa, ən zəruri şeylərə belə, pul vermirlər. Yəni təzyiq göstərən tərəf maliyyədən qurbanına qarşı təsir vasitəsi kimi istifadə edir.

Psixoloji zorakılığa isə təhqir, alçaldılma, özünə hörmətin aşağı salınması, hədələmə, total nəzarət və s. daxil ola bilər. Bu kimi hallarla təkcə ailədə deyil, gündəlik həyatda, xüsusilə iş yerlərdində tez-tez qarşılaşmaq mümkündür. Məsələn, bir şəxsi hədəf götürüb lağa qoymaq, onun bəzi xüsusiyyətlərini ələ salmaq, utandırmaq iş mühitində rast gəlinən hadisələrdəndir. Xüsusilə alçaldılmaq adətən insanda dərin və uzun müddət sağalmayan mənəvi yaralara səbəb olur. Bu, insanın özünə olan inamını zədələyir, sonradan onu bərpa etmək isə çox çətin olur. Beləcə, həm içimiz bizə bu cür münasibət göstərən insana qarşı qəzəblə dolur, həm də get-gedə özümüzə yadlaşır, özümüzü dəyərsiz hiss edirik.

Ekspertlər hesab edirlər ki, əslində qarşı tərəfin aqressiyasının başqasının üzərinə tökülməsi zorakılıqdır. Hər bir insanın daxilində sevinc, nifrət, sevgi, kin, hörmət, ehtiram hissləriylə yanaşı, aqressiya hissi də var. Aqressiya dedikdə insanın başqa adamlarla problem yaratması, onlara fiziki, maddi və mənəvi ziyan vurması başa düşülür. Aqressivlik insanlara bilərəkdən xələl yetirmək cəhdidir.

Bu gün aqressiyanın hamı tərəfindən qəbul edilən izahı yoxdur. Hamı aqressiyanı öz psixikasına, öz şəxsi həyat təcrübəsinə görə izah edir. Sübut olunub ki, zorakılığın kökündə də aqressiya durur. Zorakılıq da insanın aqressiyasının müəyyən şəraitdə və ya situasiyada mənfi reaksiya olaraq büruzə verilməsidir.

Mütəxəssislərin fikrincə, zorakılıq növü çox olsa da, bunların arasında insana ən acı və daha təsirli olanı da elə psixioloji zorakılıqdır. Psixoloqlar bu qənaətdədir ki, istər fiziki zorakılıq, istərsə də sosial zorakılıq az müddətdə keçir. Psixoloji zorakılıq isə digərlərindən fərqli olaraq qalıcı və uzunmüddətli təsirə malikdir. Travmaların yaranmasının bilavasitə kökündə psixoloji zorakılıq dayanır. Zorakılığa meyilli olan insanların keçmişdə yaşadıqları zorakılığı gələcəkdə tətbiq etməsinə heç kimin şübhəsi olmasın. Başqa sözlə, keçmişdə ətrafındakı insanlarda hansısa formada zorakılıq görən şəxs gələcəkdə zorakılığa meyilli olur. Ümumiyyətlə isə zorakılığın bütün formalarının psixoloji aspekti var. Məqsəd qarşındakının ləyaqətinə zərər verməkdir. Psixoloji zorakılıq isə insanları təkcə psixi sağlamlıqdan yox, həm də gələcəkdə şəxsi, sosial və iqtisadi inkişaf imkanlarından məhrum edir. Bura təcridetmə, şifahi təcavüz, hədələmə, nəzarət, təhqir və böhtan kimi hərəkətlər daxildir.

Aparılan araşdırmalara görə, əks cinsin nümayəndələri qadınları daha çox psixoloji zorakılığa məruz qoyur. Yəni kişilər fiziki zorakılıqdan daha çox psixoloji zorakılığa üstünlük verir. Qeyd etmək lazımdır ki, qadınlara qarşı zorakılıq tarix boyu kişilərlə zəif cins arasında aparılan qeyri-bərabər bölgünün nəticəsində yaranan ədalətsizlik səbəbindən yaranır və müasir dövr də daxil olmaqla, bütün dövrlərdə kişilər onlara verilən güc və səlahiyyətlərdən qadınlara qarşı sui-istifadə edib. Zəif məxluqlara qarşı yönəldilən ədalətsizliyin əsasən ailə daxilində baş verməsi faktı bu gün artıq dünya ictimaiyyətinin gündəmində duran əsas aktual məsələlərdəndir. Psixoloji zorakılıq nəticəsində qadınlarda daha çox özünə qəsd etmək fikirləri yaranır. Depressiya, qorxu, yuxusuzluq, özünəqapanma kimi problemi ortaya çıxır. Eyni zamanda, bəzən qadınların həddən artıq kökəlməsi də psixoloji zorakılığın təzahürüdür. Ola bilsin ki, insan öz həyat yoldaşına heç əl qaldırmasın, ancaq öz hərəkətləri, davranışları ilə psixoloji zorakılığa səbəb ola bilər.

Psixoloji zorakılığın əlamətlərinə gəlincə, bunlar aşağıdakılardır:

Başqalarının qarşısında alçaltmaq;

“Axmaq”, “iyrənc” və ya “dəyərsiz” kimi təhqiredici adlarla çağırmaq;

Qorxudacaq şəkildə qəzəblənmək;

Qayğı göstərdiyi insanları və ya ev heyvanını incitməklə hədələmək;

“Mən sənə sahib ola bilməsəm, heç kim ola bilməz” kimi ifadələrdən istifadə;

Əvəzinə qərar vermək. Bu, nə geyindiyi və ya yediyilə bağlı ola bilər;

Qısqanc davranmaq, daim aldatmaqda ittiham etmək;

Nə dediyini başa düşmürmüş kimi davranmaq;

Özünü “axmaq” kimi hiss etdirmək;

Fikirlərini dinləməkdən imtina;

Hadisələr haqqında yaddaşını sorğu-sual etmək və ya bir hadisənin onun dediyi kimi baş verdiyini inkar etmək (hətta onun haqlı olduğunu bilsə də);

Başqaları ilə söhbətə başlamağa çalışdığı zaman mövzunu dəyişmək;

Ehtiyaclarını və ya hisslərini özününkündən əhəmiyyətsiz hesab etmək.

Mehriban Zeynalova

Mövzu ilə bağlı fikirlərini bölüşən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, hazırda məişət zorakılığının əsas görünən tərəfi fiziki zorakılıqdır: “Bu gün danışılanlar və statistika yalnız məişət zorakılığının bu tərəfini göstərir. Amma reallıqda məişət zorakılığı təkcə fiziki zorakılıqdan ibarət deyil, burada psixoloji, cinsi, iqtisadi və digər hallar var.

Birlik sədri söyləyib ki, psixoloji zorakılıq hətta iqtisadi zorakılıqdan da böyük fəsadlara gətirib çıxarır: “İqtisadi zorakılığın da fəsadları kifayət qədər dağıdıcıdır. Hələ ki, biz məişət zorakılığının yalnız bir tərəfini araşdırırıq. Bu sahədə problemlər qalmaqdadır. Bununla bağlı çoxlu işlər görülməlidir. Təəssüf ki, bizim cəmiyyətdə daha çox fiziki zorakılıqla mübarizə aparır. Psixoloji zorakılıq isə bütün ailələrdə müəyyən qədər var. Ancaq psixoloji zorakılığın ən dəhşətli forması insanı özünü öldürmə həddinə çatdırmaqdır və ya şəxsiyyət olaraq yoxa çıxmasına gətirib çıxartmaqdır. Psixoloji zorakılıq həm də  qarşı tərəfin zorakılığa əl atmasına səbəb olur, qisasçılıq hissi formalaşdırır. Yəni bu zorakılıq növünün də belə fəsadları var. Biz bu gün yalnız fiziki zorakılıqla mübarizə aparırıq, çünki ona qarşı cəza imkanları var. Əgər hansısa bədən xəsarətləri varsa, bunu məhkəmədə sübuta yetirmək imkanı olur. Psixoloji zorakılıq isə gözlə görünən zorakılıq deyil. Hətta intihar həddinə çatdırma olsa belə, biz intihar etmiş şəxsin psixoloji zorakılığın qurbanı olduğunu sübuta yetirə bilmirik. Çox az hallarda onu sübut etmək imkanı olur. Ona görə də, biz ailədaxili zorakılığın digər formalarına qarşı da mübarizə aparıb, onu edənləri cəzalandırmaq üçün kifayət qədər çalışmalıyıq. Mən bununla bağlı bir çox ölkələrin təcrübəsinə baxdım. Baxmayraq ki, bu zorakılıq növlərinin cəzalandırılması  ilə bağlı qanunvericilikdə maddələr var, ancaq cəzanın tətbiq edilməsi üçün kifayət qədər indiqatorlar, üsullar yoxdur. Bu da onu göstərir ki, bütün dünyada psixoloji zorakılığa əl atan şəxslərin cəzalandırılması metodu tam işlənməyib. Halbuki nə qədər psixoloji zorakılığa məruz qalanlar var və ən çox bu hala kişilər məruz qalır. Fiziki zorakılıqla bağlı isə sübutları təqdim etmək bir qədər asandır. Müəyyən xəsarət və izləri polisə, yaxud məhkəməyə təqdim etmək olur. Psixoloji zorakılıqda iz qalmadığından zorakılığa məruz qalan tərəf əsəb və gərginliklə bağlı tibbi yardım çağırmalı, yaxud baş verənlərlə bağlı videomateriallar olmalıdır. Gərginliklə bağlı psixiatr və ya psixoloq rəy verməlidir. Amma rəy vermək üçün də psixiatra və ya psixoloqa status verilməlidir. Bu kimi çətinliklər sözügedən məsələnin işləkliyinə maneə yaradacaq. Zorakılıq isə bir dəfə olmur. Amerika psixoloqları hesab edir ki, ən azı 3 dəfə ardıcılıq zorakılıq baş verəndən sonra bu faktı təsdiqləmək lazımdır. Bunu qiymətləndirmək üçün isə meyarlar qoyulmalıdır”.

 

Sevinc Osmanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir