zorakiliq

Qadınlara aqressiyanın səbəbi: “Yox” sözü qanmayan oğlanlar, yaxşı ana-bacı “ponyatka”sı

Baxış sayı: 165

Paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində qardaş bacısını bıçaqlayıb. Suraxanıda isə qardaş bacısını döyüb, sonra bıçaqlayaraq ağır xəsarətlər yetirib.

Bundan başqa, Cəlilabadda qardaş-bacı münaqişəsi ölümlə nəticələnib. Qardaş qısqanclıq zəminində telefonda biri ilə danışan bacısını qətlə yetirib.

Bir başqa cinayət isə yenə Suraxanıda, dənizə getmək istəyən qızın başına gəlib. Qardaş bacısına dörd bıçaq zərbəsi vurub.

Bütün bu hadisələr son bir ay ərzində baş verib. Cəmiyyətdə kişilərin qadınlara qarşı zorakılıq hərəkətlərinin azalmamasının səbəbi bəlkə də oğlan uşaqlarının sərbəst, qız uşaqlarının isə daha məhdud şəraitdə, çərçivə daxilində böyüdülməsidir.

Psixoloqlar bu problemin kökündə ailələrin, ailədaxili münasibətlərin dayandığını bildirir.

 

Psixoloq Aytən Ələkbərova deyir ki, indi ailələr övladlarına “yox” deməyi və bunun mahiyyətini izah etməyi bilmirlər:

“Bizim ailə modelimiz korlanıb. İndi insanlar övladlarına “yox” deyə bilmirlər. Əsasən də oğlan uşaqlarına. Sonda uşaqlar hər şeyin özləri üçün əlçatan olduqlarını düşünürlər”.

A.Ələkbərova qeyd edir ki, ümumiyyətlə, uşaqların tərbiyəsi ilə ana məşğul olmalıdır və buna hələ hamiləlik dövründən başlamalıdır:

“Bu gün cəmiyyətin 70 faizi övladlarını sağlam təfəkkürdə yetişdirə bilmir. Uşaqlara bir şeyi qadağan edirsinizsə, mahiyyətini izah etməlisiniz. Müxtəlif nağıllardan, filmlərdən misallar çəkərək başa salmaq lazımdır ki, nə üçün siz onlara bu addımı atmağı qadağan edirsiniz.

Oğlan övladını tərbiyə edən ata qadınlar barədə ona neqativ fikirlər deyir. Məsələn, qadınların salona getməsi, saçlarını gündə bir rəngə boyaması, qısa geyinməsi, oğlanlarla danışması onun yaxşı “qız”, “qadın”, “bacı”, “ana” olmadığını göstərir. Bu fikir oğlanların beynində qalır və onlar böyüdükcə analarına, bacılarına, gələcəkdə həyat yoldaşlarına bu prizmadan yanaşaraq onları incitməyə başlayırlar. Bu, çox səhv yanaşmadır. Subyektiv fikirdir və ümumiyyətlə, kişilər qəbul etməlidir ki, gözəllik salonları və s. qadınlar üçündür”.

Psixoloq əlavə edir ki, qardaşın bacısını, anasını, həyat yoldaşını öldürməsi əksər hallarda uşaqlıq travmalarının acı nəticəsidir:

“Kişilər öz xasiyyətlərini çox yaxşı bilirlər. Danışdıqları qızlara qarşı hər zaman müsbət fikirdə olmurlar. Bu səbəbdən də cəmiyyətdə oğlanlar qəbul edə bilmir ki, bacıları da hansısa bir oğlanı istəyə (təbii ki, bacısını da bir oğlan istəyə bilər), onunla ailə qura bilər. Bir zamanlar qızlara pis niyyətlə yaxınlaşdıqlarını nəzərə alaraq, avtomatik olaraq sərt şəkildə “mühafizə” metoduna keçirlər.

Əslində, qardaş-bacı, ər-arvad arasında münasibətlər o qədər mehriban, etibarlı olmalıdır ki, bacı öz qardaşı ilə dərdləşə bilsin, problemlərini ona deyə bilsin. Bu zaman qızların kənar oğlanlarla söhbətə belə ehtiyacı qalmayacaq. Amma təəssüf ki, bizim cəmiyyət bunu başa düşmək istəmir. Oğlanlar “yox” cavabını qəbul edə bilmir. Qardaş nəinki bacısını, anasını da bıçaqlayır, xəsarət yetirir. Hətta xoşlarına gələn qız onlara yox cavabı verəndə də, bunu qəbul edə bilmir, onlara xəsarətlər yetirirlər. Bu, təbii ki, normal hal deyil. Ona görə də uşaqların tərbiyəsi ilə analar məşğul olamlıdır”.

Mütəxəsis bildirir ki, təlim-tərbiyə zamanı uşaqları şiddətə, dar düşüncəli olmağa sövq etmək olmaz:

“Bir ailədə oğlan öz bacısının yalnız namus-qeyrətini deyil, mənəviyyatını da qorumalıdır. Ona hər mövzuda dəstək olmalıdır”.

 

Psixoloq Təranə Kazımlı isə əvvəlki illərdə mövcud olan ailə modelinin artıq unudulduğunu deyib:

“Valideynlərin uşaqlara münasibəti onların cəmiyyətdə şəxsiyyət kimi formalaşmasına böyük təsir edir. Təəssüf ki, bu gün ailələr oğlan övladlarını sərbəst böyüdür, onlara “yox” deməyə çətinlik çəkirlər. Təhlil etsək görərik ki, uşaq yaşlarından oğlanların davranışlarına limit qoyulmur, ədəb-ərkan qaydaları lazımi səviyyədə öyrədilmir. Amma vaxtilə əksər ailələrdə oğlan uşağına kişi əqidəsi, davranışı, ədəb-ərkanı elə kiçik yaşlarından aşılanırdı”.

T.Kazımlı bildirir ki, cəmiyyətin korlanmasına səbəb ailə modelinin ilbəil korlanmasıdır:

“Vaxtilə kişi qadına əl qaldırmağı özünə ar bilirdi, indi isə tam əksinə, bunu güc simvolu kimi qələmə verirlər. Kişilər ətrafda qadın olanda söyüşlə danışmazdılar, hər hansı yerdə içəri böyük girəndə hər kəs ayağa qalxardı və s. Ancaq bu gün bu və digər dəyərlər uşaqlara aşılanmır.

Get-gedə nəsillər cırlaşır. Uşaqları cəmiyyət içərisində bir-birindən üstün olduqlarını demək, əsaslı-əsassız tərifləmək lazım deyil”.

Psixoloq qeyd edir ki, yaponlar uşaqları bərabər şəkildə görürlər, 3, 5 və 7 yaşı olan uşaqlar üçün ümumi ad günü keçirirlər. Onlar düşünürlər ki, özləri övladları ilə necə davransa, onlar da digər insanlarla o cür davranacaqlar:

“Uşaqların tərbiyəsini qətiyyən dayəyə, nənəyə, babaya həvalə etmirlər. Ən əsası isə yaponlar öz uşaqlarını heç vaxt ictimaiyyət qarşısında tərifləmirlər. Onlar hesab edirlər ki, cəmiyyətdə heç bir uşaq digər uşaqdan fərqlənmir. Hər kəs ağıllı və istedadlıdır. Eyni zamanda, hər kəs öz uşağının uğur qazanması üçün çalışır. Bu isə cəmiyyətə sağlam düşüncəli şəxsiyyətlər qazandırır”.

 

Sosioloq Əhməd Mansurov isə düşünür ki, insanların sosial rolları kökündən səhv gəlib və belə də davam edir:

“Cəmiyyətin standart sosial rolları var. İnsanlar sərbəst həyata atılan zaman bu rollara yiyələnir və belə də davam edirlər. Bu ilk olaraq uşaq yaşlarından başlayır. Ailədə, məktəbdə, universitetdə və nəhayət, sərbəst şəkildə cəmiyyətdə. Ailələrdə qız və oğlan uşaqları arasında qoyulan fərq gələcəkdə kişilərin qadınlara qarşı olan “fərqli” münasibətinə gətirib çıxarır”.

O hesab edir ki, oğlanlar cəmiyyətdə sosial münasibətlər sistemində özlərini inkişaf etdirərkən bu, qadınlara olan münasibətdə də özünü büruzə verir:

“Məsələn, cəmiyyətdəki sosial rola əsasən, kişilər daha aktiv, güclü və söz sahibi olmalıdır. Qadınlar isə nisbətən daha çəkincən olmalı, etiraz haqqı olmamalı, ölənə qədər bir ailədə qalmağı bacarmalıdırlar. Bu problem onları iş, karyera, eləcə də ailə həyatında da izləyir və rahat yaşamağa imkan vermir.

Bu, bir növ məişət zorakılığına daxil olan problemdir. Təəssüf ki, bəzən bunun kökündə valideynlərin davranışı dayanır. Belə ki, kişi övladının gözü qarşısında qadınına qarşı zorakılıq tətbiq edir, kobud davranırsa, oğlan da sabah eyni davranışı həm bacısına, həm də həyat yoldaşına tətbiq edəcək. Cəmiyyətdə yaranan kişi obrazına görə, kişi öz qadınını təsir altında saxlaya, hətta yeri gəldikdə ona öz əşyası kimi yanaşa bilər. Bu isə düzgün deyil”.

Sosioloq problemin həllini qadınların öz hüquqlarını öyrənməsində görür:

“Qadınlar cəmiyyətdə öz hüquqlarını bilməli və tələb etmək gücünə malik olmalıdırlar. Cəmiyyətin bu istiqamətdə ciddi maariflənməyə ehtiyacı var. Gələcək nəsillərdə bu cür ailə-məişət problemlərinin yaşanmaması üçün insanları bu obrazlardan çıxarmaq lazımdır”.

 

 

Könül Cəfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir