Samir Aliyev 1

Samir Əliyev: “Həyat yoldaşım məni futbolçu kimi tanımırdı” – MÜSAHİBƏ

Baxış sayı: 5. 391

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı milli komandamızın və iddialı elita klublarımızın sabiq üzvü, “Neftçi” komandasının əvəzedici komandasının baş məşqçisi Samir Əliyevdir.

 

-Valideynlərinizin futbolçu olmanıza münasibəti necə idi?

– Valideynlərim daha çox oxumağımın və başqa sənət sahbi olmağımın tərəfdarı idilər. Əslində, 8-ci sinifə kimi yaxşı oxuyurdum, amma hələ məktəbi bitirməmiş U-18 yığmasına, 18 yaşımda isə əsas milliyə dəvət olunandan sonra mənim üçün futbolsuz həyatın mümkünsüzlüyü anlaşıldı.

 

-Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Düzü, heç bu barədə düşünməmişəm, çünki uşaqlıqdan yeganə istəyim futbolçu olmaq idi.

Samir

-Bir futbolçu üçün ailə qurmağın mənfi və müsbət tərəfləri hansılardır?

– Mənfi cəhəti təlim-məşq toplanışları, gündəlik məşqlər və oyunlar üzündən ailəyə yetərincə vaxt ayırmaq imkanının olmamasıdır. Müsbət tərəfi isə insanın həyatı daha yaxşı dərk etməsi, daha məsuliyyətli olmasıdır.

 

-Futbol adamları adətən evdən kənarda olur. İndinin özündə də sizdə vəziyyət fərqli deyil. Ailənizdən uzaqda olmaq sizin üçün hansı problemləri yaradır?

-Mən artıq 22 yaşımda həmin problemlərlə üzləşmişdim. Legioner həyatı yaşayanda ailəmdən uzaqda idim və bu səbəbdən çox çətinlik çəkirdim. Sonralar isə artıq bu duruma alışmışdım. İndinin özündə də bu artıq mənimçün adi haldır. Düzdür, indi əvvəlki qədər evdən kənarda olmuram, ancaq istənilən halda, öyrənmişəm.

 

-Yeri gəlmişkən, ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

-Yox, tərəddüd etməmişdi. Düzü, həyat yoldaşım məni futbolçu kimi tanımırdı, futbola marağı da yoxdur.

 

-Səmimi deyin, evdə “komandir” kimdir?

-Əlbəttə ki, mən.

samir eliyev

-Övladlarınızın futbolçu olmasını istərdinizmi?

Təbii ki, istərdim. Övladlarımı futbola aparmağı düşünürəm. İstəyirəm ki, yavaş-yavaş futbolun sirlərini öyrənsinlər. Amma özlərinin futbola marağının olması da əsas şərtlərdəndir.

 

-Bir probleminiz olanda ailədə kiminlə bölüşürsünüz?

– İndi hansısa problemlə qarşılaşanda valideynlərimlə məsləhətləşirəm, amma futbolçu karyeramı davam etdirəndə daha çox təkbaşına həll etməyə çalışırdım. Yaş ötdükcə əvvəllər səhv etdiyimi anlayıram.

 

-Ölkədə tanınmış sima olmağınız ən çox hansı məqamlarda köməyinzə çatır?

– Açığı, o qədər də tanınmış sima olduğumu düşünmürəm. Bu səbəbdən hansısa məqamda məşurluğun köməyimə çatdığını deyə bilmərəm. Onu da deyim ki, heç vaxt futbolçu olmağımdan istifadə etməmişəm.

 

-Futbolçu karyeranızla bağlı ən çox hansı məqama görə təəssüflənirsiniz?

– Bu baxımdan ən çox legioner həyatı yaşadığım dövrlərdə Azərbaycana qayıtmağıma təəssüflənirəm. Tam səmimi deyirəm ki, Ukrayna və Rusiyada çıxış edəndə dəfələrlə karyeramı məhz xaricdə davam etdirmək imkanım olmuşdu. Bundan başqa, təəssüfləndiyim məqamlardan biri də ağır zədədən sonra toparlana bilməməyim oldu. Həmin zədədən sonra mənim üçün demək olar ki, futbolçu karyerası başa çatdı.

Samir Aliyev 2

-Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

-Kamal Quliyevlə birlikdə Ukrayna “Volın”ına yenicə transfer olunduğumuz vaxt maraqlı bir hadisə olmuşdu. Həmin vaxt məşqlər çox ağır idi və biz həddindən artıq yorulurduq. Təsəvvür edin ki, məşqdən sonra yemək vaxtı qaşığı tutmağa da taqətimiz qalmırdı. Üstəlik də yay ayları idi. Belə günlərin birində məşqdən qayıdanda liftə mindik. Başladıq söhbət etməyə. Liftin güzgüsündə Kamal mənə baxıb deyir “nə gündəsən”, mən ona deyirəm “sən bir özünə bax” və s. Həmin vaxt elə yorğun idik ki, liftin düyməsini basmağı unutmuşduq. Təxminən, 5-6 dəqiqə liftin içində dayandıqdan sonra bir neçə adamın liftə daxil olduğunu gördük.Onda başa düşdük ki, biz liftin düyməsini basmamışıq.

 

 

Söhbətləşdi: Tural Məmmədov

 

Samir Aliyev

samir Aliyev 3

 

samir eliyev 1

 

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir