dieta

Sosial şəbəkələrdə qorxulu “dietoloq biznesi”

Baxış sayı: 361

Son vaxtlar sosial şəbəkələrdə “dietoloq biznesi”nin çiçəkləndiyinin şahidi oluruq. Belə ki, xüsusən də “İnstagram” (“X”), “TikTok” sosial şəbəkəsində ən müxtəlif pəhrizlər, arıqlamaq üçün dərman preparatları, çaylar təklif olunur. Onları təklif edən dietoloqların isə peşəkar olub-olmadığı heç kəsə məlum deyil.

Bu cür “dietoloq biznesi”nin can aldığı da artıq məlumdur. İnsanlar təklif olunan pəhrizlərə əsasən bəzən günlərlə az qalır, ac qarına limonlu su, müxtəlif detokslar qəbul edir ki, bu da əksər hallarda müxtəlif xəstəliklərə, ölümə gətirib çıxarır.

Bugünlərdə sosial şəbəkələrdə pəhriz saxlayan və arıqlamaq üçün müxtəlif dərmanlar qəbul edən 18 yaşlı qızın ölüm xəbəri geniş müzakirə edilir. İlkin ehtimallara görə, qız evdə kömür həbləri qəbul edib və ölüb. Bunun kimi yüzlərlə hadisəni misal gətirmək olar. Beləcə, sürətlə çiçəklənən “dietoloq biznesi” can almağa davam edir. Halbuki mütəxəssislər bildirir ki, qısa zamanda arıqlamaq istəyi insan orqanizmində ciddi fəsadlar törədə, hətta psixi dəyişikliklər yarada bilir.

Arıqlama proqramlarında limon, darçın, alma, zəncəfil tərkibli müxtəlif detokslar hazırlanır. Bunlar insanın orqanizminə görə təyin edilir. Məsələn, mədə turşuluğu çox olan insana birbaşa limonlu su təyin edilə bilməz. Bunları peşəkar həkim orqanizmin xüsusiyyətindən, kökəlməyin növündən, başqa xəstəliklərin olmasından asılı olaraq, analizlərlə, müayinələrlə yoxladıqdan sonra təyin edir.

Mütəxəssislər həmçinin qeyd edir ki, yanlış pəhrizlər üzündən insanda iştahanın reflektor itməsi baş verir ki, nəticədə anoreksiya xəstəliyi yaranır.

Dietoloq Ləman Süleymanova: “Azyaşlı uşaqlar arasında piylənmə halları artıb” - Azinforum.az İnformasiya Portalı

Mövzu ilə bağlı həkim-dietoloq Ləman Süleymanova ilk öncə sosial şəbəkələrdə özlərini dietoloq kimi təqdim edən şəxslərdən söz açdı: “Son vaxtlar sosial şəbəkələrdə heç bir həkimlik diplomu, fəaliyyət göstərmək üçün sertifikatı olmayan, müxtəlif yollarla özləri üçün dietoloq imici yaradıb, həkimlik edən şəxslərin sayı kəskin surətdə artıb. Bu cür insanlar iki kateqoriyaya bölünür. Birinci kateqoriyadan olan insanlar, sadəcə, özəl fəaliyyət göstərirlər, yəni heç bir şirkətlə əlaqələri olmur. Onlar heç bir həkimlik diplomu, işləmək üçün icazəsi olmayan, hətta hansısa evdar qadın,  vaxtının çox hissəsini sosial şəbəkədə keçirən insanlardır.

İkinci kateqoriya insanların da heç bir həkimlik diplomu olmur və onlar əsasən dərman şirkətləri ilə birgə çalışırlar. Bu cür fəaliyyət cinayətdir, çünki insanların sağlamlıqlarına təhlükə yaradılır. Bunun üçün aidiyyəti orqanlar məsələni dərindən araşdırmalı, həmin şəxsləri məsuliyyətə cəlb etməlidirlər. Həm dünya, həm də ölkəmizin səhiyyə qanunlarına əsasən tibb universitetini bitirmədən həkim, dietoloq kimi işləmək qadağandır. Bununla yanaşı, həm də 5 illik iş təcrübəsi  tələb olunur. Çox təəssüflər olsun ki, bu qanunlara məhəl qoyulmur. Sosial şəbəkələrdə özlərinə dietoloq imici yaradan şəxslər marafonlar təşkil edir, hər kəsə eyni pəhriz, arıqladıcı dərman təklif edirlər. Xeyli sayda pasiyent mənə müraciət edib, bildiriblər ki, mədə-bağırsağında problem olduqları halda marafona qoşulublar, nəticədə mədə-bağırsaqlarında qanaxmalar, ciddi problemlər yaranıb”.

Həkim qeyd edir ki, hər insan individualdır və onun qida rasionu orqanizmə uyğun tərtib edilməlidir: “Hər bir insanın özünə xas fizioloji xüsusiyyətləri, genetik xəstəlikləri və yaxud xəstəlikdən sonra müalicə prosesləri var. Biz həkim olaraq pasiyenti qəbul edəndə hərtərəfli müayinə edir, testdən, analizdən keçirir, daha sonra müalicəyə  başlayırıq. Amma sosial şəbəkələrdə hamıya eyni pəhrizi verirlər. Ola bilər ki, həmin pəhriz sayəsində insan əvvəldə 5 kq çəki atsın, amma müəyyən vaxtdan sonra çəki ikiqat artmağa başlayır və başqa problemlərə gətirib çıxarır”.

Ləman Süleymanova görə, uzun müddət ac qalmaqla arıqlamaq çox təhlükəlidir: “Müəyyən bir müddət lazımdır ki, sağlam şəkildə bu çəkini atasan. Uzun illər yığılan çəkini bir anda atmaq sağlamlığa ciddi ziyan vura bilər. Ac qalmaqla pəhriz olmaz. İnsan orqanizminin tələb etdiyi mikroelementlər var ki, gün ərzində qəbul etdiyimiz qidaların tərkibində bunlar orqanizmə daxil olur. Kərə yağı, duz, ət, çörək və s. bütün bunlar hamısı yeyilməlidir. Biz, sadəcə, bu proqramı balanslaşdırırıq”.

Həkimin fikrincə, dərman preparatlarından qəti şəkildə istifadə etmək olmaz: “İstənilən arıqlama dərmanlarının tərkibində asılılıq yaradan xüsusi narkotik maddələr var. Kokteyllərdən tutmuş digər preparatlara qədər hər birinin tərkibində bu maddə var və zamanla insan orqanizmini zəhərləyir. Nəticədə, xərçəng xəstəliyi və ağlınıza gələcək ən qorxunc xəstəliklər, hətta ölümlə sonlana bilər. Heç yerdə qeyd edilməsə də, həmin maddə “maxuan ephedra” adlanır. İnsan orqanizmində müxtəlif problemlər yaradır, xüsusilə də qadınlarda rast gəlinən bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bu məsələ araşdırılsa, görərsiniz ki, həmin qadınların 90 faizi bu arıqlama preparatlarından istifadə edib”.

Əlavə edək ki, artıq ABŞ və bir sıra Avropa ölkələrində aparılan araşdırmalar zamanı arıqlamaq üçün istifadə olunan çoxsaylı preparatların tərkibində sağlamlığa ziyan vuran maddələr aşkarlandığı üçün onların satışına qadağa qoyulub. Həkimlər belə dərmanların infarkt və insult xəstəliklərinin inkişafına şərait yaratdığını bildirir.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir