sosial sebeke

Ər öz arvadına sözünü “votsap”la deyir

Baxış sayı: 379

Sosial şəbəkələr ailə dağıdır?

İnsan xarakterləri müxtəlifdir və hər kəsin sosial şəbəkələrə münasibəti birmənalı deyil. Amma konkret olaraq sosial şəbəkələrin zərərlərini sadalasaq, internet insanları fərdiləşdirir deyə bilərik. Sosial şəbəkələr bizi canlı ünsiyyətdən çəkindirir, fərdlər üzbəüz deyə bilmədiklərini internet vasitəsi ilə çatdırırlar, hisslərə qapılaraq öz düşüncələrində çarəsiz olduğunu düşünürlər ki, bunun da sonu çox vaxt intihar olur. İntihar edən şəxs bir cox hallarda, əslində, ölmək istəmir, intihardan öncə hər hansısa bir mesaj verir və bu mesajı da çox vaxt sosial şəbəkədə yazır.

 

Sosial şəbəkələr ailə dağıda bilərmi?

Bu suala birmənalı yanaşmaq olmaz. Əgər cütlükdən hər hansı biri ittiham edirsə ki, digəri internetdə kiminləsə yazışırdı və bu səbəbdən ayrıldıq, bu, qismən doğru olar. Çünki kifayət qədər normal çərçivədə, dostyana edilən virtual söhbətlər ailəyə zərər verməz. Əslində, sosial şəbəkələri bunu bəhanə edərək ayrılan insanların illərlə üst-üstə yığılmış problemlərinin pik nöqtəsi hesab etmək olar. Bir şeyi də qeyd edim ki, internetdə “darıxıram”, “kim var, kim yox?”, “mən yenə də təkəm “ və s. bu kimi statuslar real həyatda gücsüzlüyün, özündən narazılığın, özünü sevdirə bilməməyin nəticəsidir ki, onlar özlərini virtual aləmdə təsdiqləmək istəyirlər.

Bəzi insanlar sosial şəbəkənin xeyrini görür, çünki informasiya tələbatını ödəyir, intellekti, dünyagörüşü gücləndirir, biliyi təkmilləşdirir, yeni tanışlıqlar yaradır. Xüsusilə, fiziki imkanları məhdud insanlar üçün sosial şəbəkələr ən optimal ünsiyyət vasitəsidir, fiziki məhdud imkanlarına görə evdən çölə çıxa bilməyən bu insanlar sosial şəbəkələr vasitəsi ilə dünyanın bütün ölkələrindən özünə dost tapır, ünsiyyət qurur. Evdə oturur, amma dünyanı gəzir. Təbii ki, virtual imkanlar sayəsində.

Bəziləri isə sosial şəbəkələrin ancaq zərərini görür, virtual aləmin köləsinə çevrilir, sosial şəbəkələrdə “yaşayır”, psixologiyasına, səhhətinə zərərli vərdişlər qazanır. Amma ümumən sosial şəbəkələr bizə çox şey verir, münasibətlərimiz genişlənir, yoldaşlığımız sərhəd tanımır. Onun sayəsində fəaliyyətimiz genişlənir, fikirlərimizi daha geniş auditoriyaya çatdıra bilirik. Əsas olan odur ki, sən bu imkanı hansı yöndə istifadə etməyə meyillisən. Yəni, mütləq yaxşı, mütləq pis olan yoxdur, hər şeyin öz funksiyası, təyinatı var.

sosial sebeke

Ər-arvad “votsap” vasitəsi ilə söhbətləşir

Biz əvvəl sosiallaşmaq üçün canlı ünsiyyətdə olurduq, qohumla, qonşuyla münasibət yaradırdıq, indi sosial şəbəkədən hal-əhval tuturuq. Ər arvadına sözünü bu otaqdan o birinə keçib demir, şəbəkədən yazır. Hər nə qədər gizli qalsa da, sosial şəbəkələr ucbatından bizim ölkəmizdə də ailələr dağılır. Düzdür, çoxları heç bilmir ki, bu ailə nə səbəbdən dağıldı, çünki məhkəmə onları “yola getməmək”, “davamlı mübahisə” kimi səbəblərlə boşayır. Əslində, ailələrin bəzilərində boşanma səbəbi belədir: “qadın və ya kişi davamlı olaraq sosial şəbəkədə, messencerdə olduğuna və bir-biri ilə ünsiyyət saxlamadığına görə ailədaxili söz-söhbət yaranıb və tərəflər boşanmağa qərar veriblər”.

Ailəsində problem olan, həyat yoldaşı ilə münasibətində anlaşılmazlıqlar yaşayan, virtual məkanda “vaxtını öldürən” kifayət qədər evli qadın var. Bəlkə də ilk baxışda bütün qadınlar düşünürlər ki, mən özümü bilirəm, iradəmə hakiməm, yetkin insanam, kimsə məni “yoldan çıxara” bilməz. Buna şübhəmiz yoxdur, amma çox qadın etiraf edir ki, ona gələn səmimi mesajlara cavab yazmaya bilmir, yazır, yazır və beləcə münasibət yaranır. Bunun sonu ya xəyanət, ya da şantajla nəticələnir.

Evli kişilərin sosial şəbəkə macərasına gəlincə isə, bir çox kişi oradan maraq, tanışlıq və yeni münasibətlər qurmaq üçün istifadə edir. Düzdür, onların arasında, sadəcə, işgüzar əlaqələr, səmimi dostluq quranlar da az deyil, amma sosial şəbəkələrdə “qadın ovu”na çıxan kişilər daha çoxdur. Xüsusilə, ailəlik və orta yaşlı kişilərin əksəriyyəti profilində qadın şəkli olan bütün səhifələrə qonub “bal çəkir”, tərif yağdırır, nömrə istəyir, görüş təyin edir. Onun səmimi yazışmalarından xəbər tutan xanımı isə nəfəsini məhkəmədə dərir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir