29

Fevral niyə dörd ildən bir 29 olur?

Baxış sayı: 388

Bu il fevral ayında təqvim günlərinin sayı 29-u göstərir. Bu da o deməkdir ki, 2024-cü il 365 deyil, 366 günlə yekunlaşacaq. Dörd ildən bir 29 gün hesab olunan fevral isə ilin ən qısa ayıdır. Üç il ardıcıl olaraq 28 günlə bitən bu ayın digər aylardan qısa olmasının isə tarixçəsi var.

Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Əminə Hümbətova İqtisadiyyat.az-a deyib ki, təqvim hazırlanarkən müəyyən etalonlara görə tərtib edilir.

Onun sözlərinə görə, bu, gün, sinodik ay və tropik ildir: “Tropik il və sinodik ay tam günlərdən ibarət deyil. Tropik il 365 gün 5 saat 48 deq 46 saniyədən ibarətdir. Həmin bu kəsir hissə yığılaraq bizə 1 gün verir. Bu da məhz fevral ayına əlavə olunub. 4 illik periodda 3 il adi il, 1 il isə uzun il hesab edilir”.

Tanınmış astroloq Səbuhi Rəhimli isə İqtisadiyyat.az-a açıqlamasında mövcud olan müxtəlif təqvimlərə (Hicri-Qəməri, Qriqoriyan, eləcə də provaslavların və zərdüştiliklərin təqvimi və s.) toxunub.

Onun sözlərinə görə, əslində ilkin vaxtlarda fevral ayı 30 gündən ibarət olub: “Təqvimin yarandığı ilk vaxtlarda 12 ay olduğu bildiriləndə ayların adları yox idi. Birinci ay, ikinci ay, üçüncü ay və s. deyilib. Zaman keçdikcə ayların bəzilərinə adlar qoyulub. Məsələn, yanvar, fevral, mart və s. Yalnız 7 və 8-ci aylar adsız olub. Roma imperatoru Yuli Sezar dünyasını dəyişəndə saray əyanları yığışıb onun şərəfinə 7-ci ayın adını Yuli qoyublar. Onlar deyiblər ki, daha şərəfli olmaq üçün gəlin bu ayı 30 gündən 31 günə dəyişək. Əslində, yay ayları qısa olmalıdır. Çünki gün uzun olduğuna görə uzun görünür. Fevral ayı adətən çox yerdə ən soyuq aydır. Onlar fevraldan bir gün götürüb iyula əlavə etməyə başlayıblar. Onlar hesab edirdilər ki, bir gün fevraldan götürməklə soyuq azalır. Bu da absurd bir şeydir. Beləliklə, iyul 31 gün oldu, fevral 29 gün qalıb. Yuli Sezardan sonra Oktavian Avqust hakimiyyətə gəlib və onun ilk fərmanlarından biri 8-ci aya öz adının verilməsi ilə bağlı olub. O da adını daşıyan avqust ayının 30 gün deyil, 31 gün olmasının vacibliyini qeyd edib. Alimlər yenə də fevraldan bir gün götürüb avqusta əlavə ediblər. Beləliklə, fevralda cəmi 28 gün qalıb. Alimlər hesablamalar aparıb, Günəşin trayektoriyası ilə müşahidələrdən sonra görüblər ki, bu da uyğun gəlmir. Ona görə də boşluğu doldurmaq üçün 4 ildən bir fevral ayının 29 gün olması qərarına gəlinib. Fevral məhz buna görə qısa aydır. İyul və avqust ayları isə ard-arda 31 gündən ibarətdir”.

Qeyd edək ki, bu il fevralın 29-da doğulanlar dörd ildən sonra ilk dəfə doğum günlərini dəqiq gündə qeyd edə biləcəklər. Fevralın 29-da dünyada təxminən 4,1 milyon insan doğulur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir