Balanced Scale With a Man and Woman

Həm məhdud miqdar, həm də cinsi ayrı-seçkilik…

Baxış sayı: 464

“Statistika göstərir ki, qadınların ipoteka kreditlərinə çıxışı da məhduddur. 2022-2023-cü ilə qədər ipoteka krediti əldə edən hər beş nəfərdən dördü kişi olub və ötən ilə qədər verilən cəmi ipoteka kreditlərinin təxminən 21 faizi qadınların payına düşüb. İpoteka kreditləşməsində yüksək dərəcədə gender bərabərsizliyi ölkədə qadınlarla kişilər arasındakı gəlir bərabərsizliyinin səviyyəsinin yüksək olduğunu bir daha təsdiq edir”.

Bu barədə iqtisadçı, əmlak məsələləri üzrə ekspert Abbas Məmmədov danışdı. İqtisadçı bildirir ki, 2023-cü ilin sonuna olan rəqəmləri analiz etdikdə görürük ki, bu illər ərzində güzəştli ipoteka kreditlərindən ən çox faydalanan qrup hərbçilərdir (təxminən 53 %). Digər qruplar, məsələn, elmi (elmlər doktoru/namizədi) və pedoqoji fəaliyyətlə məşğul olan şəxslərin (müəllim) güzəştli ipotekalara çıxışı müvafiq olaraq 3 və 9 faiz civarında olub. Güzəştli ipoteka kreditlərindən daha çox hərb, güc strukturları işçilərinin, o cümlədən dövlət qulluqçularının yararlanma imkanları, nisbətən aşağı təminatlı peşə qruplarının bu kreditlərə çıxış imkanlarının məhdudlaşdırmaqla yanaşı, müxtəlif peşə sahələri arasındakı gəlir fərqlərinə də işarə edir.

Abbas Məmmədov

“Bundan əlavə, ipoteka ilə alınan evlərin dəyər bölgüsünün təxminən 65 faizinin 90 min manata qədər evlərin təşkil etməsi, o cümlədən ipoteka verilən hər 10 adamdan təxminən 7-nin 80 kvadratmetrə qədər evlər alması onu göstərir ki, ipotekaya çıxışı olan əhalinin də gəlirlərinin səviyyəsi ipoteka kreditləşməsi vasitəsilə öz mənzil təminatlarını yetəri qədər yaxşılaşdırmağa imkan vermir”-deyən Abbas Məmmədov vurğulayıb ki, bu analiz əhalinin ipoteka kreditlərinə əlçatanlığının real mənzərəsini bu və ya digər şəkildə əks etdirir.

“Ölkədə ipoteka kredit faizlərinin və ilkin ödənişlərin dünya təcrübəsi ilə müqayisədə nisbətən yüksək olması, digər kredit şərtlərinin çoxluğu və ya çətinliyi, yaş məhdudiyyətləri, habelə əhalinin rəsmi gəlirlərinin həcmi və qeyri-rəsmi gəlirlərinin kredit rəsmiləşdirilməsi zamanı nəzərə alınmaması, o cümlədən Fondun maliyyələşmə mexanizmi və s. problemlər ölkə vətəndaşlarının ipoteka kreditlərinə çıxışını məhdudlaşdırmaqla yanaşı, marağının da azalmasına gətirib çıxarır”-deyə iqtisadçı qeyd edir.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir