efzeleddin R

İntihar, eşidilməyən fəryadlar və silinməyən göz yaşları – 4-cü YAZI

Baxış sayı: 636

Bir insanın öz həyatına son qoyması, artıq son ümid şamının sönməsilə başlayır. Onun yorğun cismi zülmətin soyuq küləyinin ağuşunda əsir düşmüş ruhunu daşımağı istəmir. Halbuki, ətrafında isti nəfəslər, nurlu baxışlar və doğma əllər olsaydı, hər şey əksinə olacaqdı… Keçən üç məqalədən fərqli olaraq bu yazıda intihara cəh edəcək olan şəxsin bir sıra əlamətləri və nişanələri haqda danışmaq istərdim. Unutmayın, intihar səssiz deyil, çığırtı və nalə doludur, sadəcə onu eşitmək üçün ətrafdakı insanların lazımı duyğusal həssaslığı göstərməsi kifayətdir.

1- İntihara meylli insan bu haqda ən yaxınları ilə danışırlar. Onun sözlərini ciddi qəbul etmək lazımdır. Onlar açıq, yaxud qapalı şəkildə intihar etmək istədiyini, buna meylli olduğunu ifadə edirlər. “Həyat yaşamağa dəyməz”, “artıq bezmişəm”, “hər şey bitti”, “özümü öldürəcəm”…  Qeyd edək ki, bunlar əsəbləşərək deyilən sözlər deyil, onun normal vəziyyətdə sizin yanınnızda dilə gətirdiyi sözləridir. Belə şəxslər qeyri-adi formada tez-tez ölümün gözəlliyindən, hüzur əldə edəcəklərindən və dünyanın çirkinliyindən söhbət açırlar. Hətta onu incidən şəxslərə tez-tez qeyri-adi şəkildə “Siz mənsiz daha yaxşı yaşayarsız”, “Mən olmasam hər şey düzələcək”-deyə müraciət edirlər.

2- İntihar qərarı almış şəxs, bunu icra etməyi düşündüyündə yaxınlarına qeyri-adi tərzdə ümidsizlikdən və həyatın dözülməz dərəcədə ağır olmasından, bunun üçün heç bir çıxış yolu olmamasından şikayətlənir. Onlar tez-tez ümidsiz və emossional halda özünə ən yaxın bildiyi şəxsə “Mən ölsən sən nə edərsən?”- kimi suallarla müraciət edir. Bu, tənhalıq, istənməmə, köməksizlik, əlacsızlıq hissinin ortaya çıxardığı sual sayılır və yardım çağırının təzahürüdür.

3- Bəzən onlar, istər canlı şəkildə və istərsə də telefonla yaxınlarına və ən əsası da küsülü qaldığı şəxslərlə əlaqə saxlayaraq, onlarla vidalaşır, onları sevdiyini söyləyir, onu bağışlamalarını xahiş edir və halallıq istəyirlər. Ümumiyyətlə, ən bariz xüsusiyyətləri isə tez-tez qeyri-adi şəkildə vəsiyyət etmələridir.

4- Şəxsi əşyalarını bağışlayır, ən sevdiyi əşyaları hədiyyə verirlər. Bu bir qol saatı, üzük və sair ola bilər.

5- Çətinlikdə olan insanları gördükdə təəccübləndirici şəkildə onun halına ağlayıb-sızlayır.

6- Qəribə formada tənhalığa meyllənirlər. İnsanlardan uzaqlaşır, cəmiyyətə qarışmamağa üstünlük verirlər.

7- Həddindən artıq yorğun, əzgin və qəmgindirlər. Bəzən zahiri görünüşlərinə heç bir əhəmiyyət vermirlər. Yemək, yatmaq, dərs və sair kimi işlərdə nizamı tam pozur, meylsizləşir və fikrini heç nəyə cəmləyə bilmirlər. Yuxusuzluqdan, boşluq və meyilsizlikdən əziyyət çəkirlər.

8- Depressiyada olduğu halda, birdən-birə tam şəkildə qeyri-adi formada dəyişir və şad, xoşhal və xoşbəxt bir şəxsə çevrilir. Hər kəslə deyib-gülürlərsə, bu vəziyyəti ciddi nəzərdə almaq lazımdır. Böyük bir ehtimalla, intihar planlarını artıq hazırladıqları üçün birdən-birə özlərini xoşbəxt hiss edir və “qurtuluş”larını yaxın olmasını güman etdikləri üçün sevinirlər.

9- Daha öncə intihara təşəbbüs etmişlərsə, bu sözlədiklərimiz xüsusilə ciddi nəzərdə alınmalıdır.

10- Depressiyada olan, yaxud şizofreniyalı şəxslərdə, ailəsində intihar etmiş fərdlərin olduğu insanlarda bu ehtimallar gözdən qaçırılmamalıdır.

11- Xüsusilə də, subay şəxslər, ailəsi dağılmış insanlar, yaxınlarını itirənlər, qadınlar, sosial-ekonomik vəziyyəti aşağı olanlar, ağır fiziki və psixoloji şiddətə məruz qalanlara xüsusi diqqət gstərilməlidir.

12-  “Qeybdən göstəriş alanlar”, spritli içkilər aludəçiləri, narkotik maddələr istifadəçiləri, əlacsız xəstəlikləri olanlar, tək yaşayan insanların inrihar edəcəklərini söyləmələri ciddi qəbul edilməlidir.

intihar

 

İntihar etmək istədiyini söyləyən şəxslə davranış qaydaları

1- Unutmayın, sizə intihar etmək istədiyini söyləyən şəxslərlə bu barədə zarafat etmək və yaxud təşviq edərək ələ salmaq olmaz. Çünki istəmədən və bilmədən, belə şəxslərin intiharına təkan və səbəb verə bilərsiniz. Əksinə, onun bu fikrinə məsuliyyətlə yanaşmalı və ona dəyər verdiyinizi söyləməlisiniz.

2- Belə bir məqamda sizin cavabınız təəccüblənmiş formada, ciddi və şəfqət dolu olmalıdır. Onun yoxluğunun sizi nə qədər sarsıdacağını bildirməli və qətiyyətlə bunun olmamasını istədiyinizi ifadə etməlisiniz.

3 – Onlara dinləmək qabiliyyətinə malik olduğunuzu onları tam şəkildə və diqqətlə axıra qədər dinləməklə göstərin. Lütfən, soyuqqanlı olun. Qarşı tərəfi daha da həyəcanlandırıb, qorxutmayın. Onu düşündüyünüz və sevdiyiniz üçün olsa belə, qəzəblənib təhqir etməyin. Kobudluqla, intihar etməməsi üçün təhdid etməyin. Çünki bu əks nəticə verə bilər.

4- Başa salmaq lazımdır ki, intihar etdikləri zaman onu sevənlərin əhval-ruhiyyəsi olduqca pis və dözülməz olacaqdır. Onları düşünməsi lazımdır.

Əgər onu heç kimin sevmədiyini söyləyərsə, sizin ona qarşı sevginizi və dəyər verdiyinizi tam şəffaf formada söyləməlisiniz. Belə şəxslərə başa salmaq lazımdır ki, onların sıxıntı çəkdiyi hər nə isə, olduqca kiçik və keçici, müvəqqəti haldır. Bunun müxtəlif həll yolları mövcuddur və o, bunun öhdəsindən gəlməyə qadirdir.

Belə şəxslərə anlatmaq lazımdır ki, onların olduğu şərait, dünyanın ən pis şəraiti deyil, əksinə bundan daha pis vəziyyətdə olanlar da var. Amma onlar intihar haqda fikirləşmir, yaşamaq üçün möhkəm iradə ilə mübarizə aparır və bir çox hallarda olduqları çətin şəraitə də mənfi yanaşmayaraq şükür edirlər. Başa salmaq lazımdır ki, bəzi insanlar onların şəraitində olmağı arzulayırlar. Bu yolda tək deyil, siz də bacardığınız qədər ona yardım edə bilərsiniz. Əlbəttə, həyatdakı çətinlikləri birbaşa inkar etsəniz, o, sizin onu anlamadığınızı, başa düşmədiyinizi düşünəcək. Buna görə də, mövcud problemlərin bəzi cəhətləri ilə razılaşmalı, amma kiçiltməlisiniz.

Əgər depressiyadadırsa, ona mülayim bir şəkildə depressiyaya düşən insan psixiatra müraciət etməli olduğunu anlatmalı və bu yolda kömək etməyə hazır olduğunuzu bildirməlisiniz. Getməkdən imtina edirsə, özünüz həkimin yanına gedib, intihara meylli şəxslər ilə necə davranmaq lazım olduğunu və onu hansı yollarla fikrindən daşındırmağın mümkün olmasını öyrənin.

5- Onu narahat mühitdən çıxarıb, daha şən mühitə aparmaq məqsədəuyğundur. Bir məsələni də nəzərdən qaçırmayın ki, belə şəxslər aşağı sosial təbəqəyə məxsusdursa, apardığınız mühit olduqca möhtəşəm və bahalı məkanlar olmamalıdır. Çünki bu, həmin şəxsin əhval-ruhiyyəsində daha da pis təsir edə bilər. Onda belə bahalı həyata əl tapa bilmədiyi üçün intihar hissi daha da güclənər. Məqsədimiz onun əhval ruhiyyəsini gücləndirməkdir. Bu gözəl təbiət, səmimi və istiqanlı dostlar, mənəvi hisslərlə inam yaradan, həyata və yaşamağa həvəsləndirən mühit olmalıdır.

 

ARDI VAR…

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir