efzeleddin R

İntihar, sevilməyən ölüm, yaxud sevilməyənin ölümü – 2-Cİ YAZI

Baxış sayı: 536

Keçən məqaləmizdə, yəni “intihar, yaxud saralmamış yarpaq budaqdan qopmaz” adlı yazımızda, intihara səbəb olan amillərdən söz açdıq. İlk öncə psixoloji amillərə toxunduq. Qeyd etdik ki, Freidin baxışında intihar, fərdin öz aqressiv impulsunu ən ifrat formasında daxilə yönəldərək özünü məhvə çevirməsidir. Depressiya, şəxsin özünə yönəlmiş qəzəbi ilə birləşərsə, insan intihara cəhd edər. Bunu Karl Menengerin üç komponent şəklində izah verdiyinə işarə etdik. Həmçinin, Adler və sairin də fikirlərini ortaya qoyduq.

İntiharın ikinci növ səbəbi olaraq, sosial faktorları da unutmaq olmaz. Bir cəmiyyətin mentalitetinə əsaslanan dəyər mühakimələri, hadisələrə baxış aspekti, insanların cəmiyyətdə sahib olduqları mövqeyi və statusu intihara cəhd etmələrində olduqca təsirli olur. 1897-ci ildə Emil Durkheim deyirdi ki, intihar fərdi məsuliyyətindən daha çox cəmiyyətin məsuliyyətidir. Durkheimə görə, intihar şəxsi və əxlaqi məsələ olmaqla yanaşı, insanın cəmiyyətdə xoşbəxt hiss edib-etmədiyi ilə də əlaqədardır.  Buna əsasən, o, intiharı üç əsas kateqoriyaya ayırmışdı: eqoist (xudbin) intihar, altrustik (fədakar) intihar və anomik (üsyan) intiharı.

Eqoist (xudbin) intihar, bir insanın cəmiyyətə inteqrasiya edə bilməməsi zaman baş verir. Özünü cəmiyyətdən təcrid etməyə məcbur olan və onun bir parçası ola bilməyən insan intihara meyillənir. Bu məhz onun yaşadığı cəmiyyətin dəyərləri ilə əlaqədardır. Yaşadığı cəmiyyətlə mənəvi bağ qura bilməyən insanlarda bu daha çox rastlanır. Bu ailədən başlayır. İnsanı ilk öncə ailəsi sevməli, ona qayğı və diqqət göstərməli, onu hər bir halda dəstəklədiklərini hiss etdirməlidir. Ailə cəmiyyətin kiçik bir modelidir. Ailə qırıcı, dağıdıcı, inkişafdan saxlayan və ümidlərini məhv edən bir quruluşa və təsir qüvvəsinə malik olmamalıdır. Ailədə onun üzvləri şərtli sevilməməlidir. Valideyn övladını yersiz müqayisələrlə, danlaqlarla, sözlü və fiziki təhqir və təziqlərlə yormamalıdır. Buna məruz qalan övladlar ağır travmalar ala bilirlər. “Bizim dövrümüzdə heç belə deyildi. Ata-analarımız bizi döyür və təhqir edirdilər, heç biz intihar etmirdik”-deyə mənasız və puç ittihamlarla özlərinə haqq qazandırmaq istəyən bəzi “filosof valideynlər” ən azından bunu anlamalıdırlar ki, özləri də söylədikləri kimi, indi “keşmiş zaman” deyil. Keçmiş zamanın şərtləri artıq köhnəlib və hal-hazırda cavab vermir. Bunu anlamaq o qədər də çətin deyil. Texnologiyanın sürətlə inkişaf etdiyi və hər bir şeyi əldə etməyin asanlaşdığı müasir dövrdə, insanların səbrinin də keyfiyyəti də keçmiş zamanla fərqlidir. Qədim zamanlarda araba ilə 1 günlük yolu indi 3 saata avtomobillə gedə bilirsənsə, artıq dəyişimi hiss etməlisən. Texnologiyanın insanları səbirsizləşdirdiyi aydın məsələdir. Həmçinin, keçmişdə bizə dəyər deyə sırıdılan şiddət və zorakılıq, güc və qüdrətin dəyər sayılması kimi etik olmayan davranış və rəftarların, artıq qəbul edilmədiyini anlamaq bu qədər də çətin olmamalıdır.

Hər bir məsələdə müasirlik və yeniliyə əl çalan, yeni telefon markası və yaxud geyim modu çıxdığında az qala sevincindən qəşş edən bəzi fərdlərin nədənsə insan psixolojiyası, əxlaqi dəyərlər, övlad tərbiyəsi, ailə mədəniyyəti, davranış qaydaları kimi lazımlı və əsas mövzularda “keşmiş sevgisi” işə düşür. Öyrənmək, əməl etmək və inkişaf etmək istəmirlər.

Bəzi ailələrin övladlarına hansısa bir firma markası, əşya və məhsul kimi davranması doğurdan da narahat edicidir. “Universitetə, yaxud instituta daxil olmağı” bir marka və etiket halına salan bəzi valideynlər, övladlarına yersiz stress və təziq edərək, uğur əldə edə bilmədiyi zaman ağır və dözülməz təhqir və alçaltmalarla reaksiya verirlər. Hətta verməsələr belə, “Universitetə, yaxud instituta daxil olmağı” övladının gözündə bütləşdirdikləri üçün, bu sahədə uğur əldə edə bilməyən övladı “xəcalət”,  “dəyərsizlik, bacarıqsızlıq”, “valideynə haqsızlıq” və sair kimi daxili hislərinin altında əzilir və özünə qəsdi fikirləşir. Bu cəmiyyətin kiçik bir modeli olan ailəyə aid sadə bir misaldır. Amma ümumiyyətlə, bir cəmiyyəti təşkil verən fərdlərin arasında uçurumlar olmamalıdır. Onları birləşdirən amillər daim diqqət mərkəzində saxlanılmalıdır. Çünki insan fərd olaraq tək yaşamır və yaşaya bilməz. Onun aid olma duyğusu onun yaşamasına təkan verən amillərdən biridir. Məhz buna görə də,  Durkheim, protestant cəmiyyətlərində intiharların katolik cəmiyyətlərinə nisbətən daha çox olmasını, katolikliyin protestantlıqdan daha çox kollektivlik və birliyi dəstəəkləyən xüsusiyyətlərə malik olması ilə əlaqələndirir. Cəmiyyətin vətən, milli  birlik, mənəvi dəyərlər və sair üzərində birləşməsi də insanlara onalrın bu cəmiyyətə aid olmasını və tənha olmadığını xatırladır.

Altruist (fədakar) intihar, insanın aid olduğu sosial, siyasi, dini və sair qruplar uğrunda etdiyi fədakarlıqdan qaynaqlanır. Onun lideri və hədəfləri üçün özünü qurban verir. Bu əslində doğru amallar üçün edilən fədakarlıqlarda bəyənilmiş sayılır. Əyilməzlik, vüqar, xalqını qorumaq və sair kimi məsələlərdə şəhid olmaq ali mənəvi addımdır və daim alqışlanmalıdır. Amma bundan sui-istifadə edən qruplar da olur. Məsələn, intiharçı fədailər yetişdirən radikal dini cərəyanlar kimi.

Anomik (üsyan) intihar, bir insanın sosial vəziyyətindəki qəfil və gözlənilməz böhranlar və dəyişikliklərlə ayaqlaşa bilməməsi nəticəsində yaranır. Bunlar ani partlayışlar şəklində ortaya çıxır. Məsələn, borcunu verə bilməyən, yaxud xəyanət edilən şəxslərin etdiyi intiharlar kimi.

İntiharın üçüncü növ səbəblərinin bioloji amillər olduğunu da unutmaq olmaz. Şeldon kimi bəzi tədqiqatçıların nəzərinə əsasən, bəzən intihar insanın bioloji quruluşundan qaynaqlana da bilər. Onunla həmfikir olan alimlər bu qənaətdədirlər ki, insanın bədən quruluşu, irsiyyət və orqanizmdə baş verən kimyəvi dəyişikliklər, hormonların fəaliyəti birbaşa və ya dolayı yolla intihara səbəb ola bilər.

ARDI VAR…

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir