Nermine Abbasova

Nərminə Abbasova: “Trombozun damar boşluğunda əmələ gəlməsinin üç əsas səbəbi var”

Baxış sayı: 428

“Tromboz – damar daxilində qan laxtasının formalaşması ilə xarakterizə olunur. Arteriya və ya venalar zədələndikdə qan axınının qarşısının alınması üçün trombosit və fibrindən xüsusi laxta əmələ gəlir. Müəyyən şəraitlərdə tromblar qan damarları zədələnmədən də yaranır. Onlar damar divarından qoparaq, sərbəst şəkildə qanla hərəkət edə bilir. Belə tromblar embol adlanır. Əslində bu çox təhlükəli haldır, embol istənilən an ürək və ya ağciyər arteriyasına keçərək, ölümə səbəb ola bilər”.

Bu sözləri Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova oxucularımızı trombozla bağlı məlumatlandırarkən dedi. Həkim qeyd edir ki, arteriyanın mənfəzinin 75%-i trombla tutulduqda, toxumalara qan, o cümlədən oksigen axını o qədər azalır ki, hipoksiya əlamətləri meydana çıxır.

Nərminə xanım bildirdi ki, Obstruksiya 90%-dən yuxarı qalxdıqda, hüceyrə oksigendən tamamilə məhrum olur, bu isə onun ölümünə gətirib çıxarır:

 

 

“Trombozun ən ağır fəsadı agciyər arteriyasının tromboemboliyasıdır. Trombozun damar boşluğunda əmələ gəlməsinin üç əsas səbəbi var. Birinci səbəb qanın tərkibinin pozulmasıdır, yəni qanın laxtalanma faktorlarının artmasıdır. İkinci səbəb damar divarının zədələnməsidir. Üçüncü səbəb isə qan dövranındakı dəyişikliklərdir. Bu üçlüyün əsasında tromb yaranır. Varikoz damarlarında üçüncü bənd qeyd olunur ki, bu zaman venoz divarın zəifləməsi səbəbindən qanın axını çətinləşir. Buna görə də potensial varikoz xəstəliyi ayaq damarlarında trombozun inkişafı üçün başlıca amil sayılır”.

Trapevt qeyd etdi ki, ağ və qırmızı olmaqla trombozun iki növü var. Onların fərqləri tərkiblərində və şərtlərindədir:

“Ağ tromb əsasən leykositlərdən, yəni ağ qan hüceyrələrindən, trombosit və digər formalı elementlərdən ibarətdir. Ağ trombozlar arteriyaların boşluğunda daha tez-tez yaranır, damarların boşluğunda isə qırmızı qan trombozları daha çox rast gəlinir. Qırmızı trombozların tərkibi trombositlərdən əlavə eritrositlərdən,yəni qırmızı qan hüceyrələrindən və fibrindən ibarətdir”.

Həkim deyir ki, normal şəraitdə maneəsiz qan axını ilə toxumaların qan tədarükü və orqanların arasında qan dövranı fasiləsiz şəkildə baş verir. Lakin damar boşluğunda trombozun meydana gəlməsi ilə, orqan və toxumlarda qan axını kəskin şəkildə pisləşir və təsirlənmiş nahiyənin qan dövranında çətinliklər yaranır. Beləliklə, qan damarının tromboz ilə tıxanması ciddi nəticələrə səbəb ola bilir. Bu vəziyyət ayaq damarlarında trombozun formasıdır:

“Ağciyər arteriyasının tromboembolizmi potensial həyat təhlükəsi yaradır. Ağciyər arteriyasının tromboembolizminin simptomları nəfəs çatışmazlığı, öskürək, qanlı öskürək, hərarət artımı ola bilər. Trombozun hansı arteriyada yerləşməsindən asılı olaraq klinik şəkli müxtəlif cür dəyişə bilər. Ən çətin vəziyyət, ağciyər arteriyasının əsas şöbəsinin trombozu ilə baş verir və bu vəziyyət ölümcül formada nəticələnə bilər”.

Tromboz və onun formalarına gəlincə, Nərminə xanım bildirdi ki, xəstəliyin iki forması ayırd edilir. Bunlar venoz və arterialdır. Həkimin sözlərinə görə, onların hər biri də öz növbəsində bir neçə qrupa bölünür:

Dərin venaların trombozu adından göründüyü kimi dərin venaların daxilində trombların yaranmasıdır. Əksər hallarda proses ayaqda, xüsusilə də bud venasında aşkarlanır. Onun formalaşmasında qan axınının sürəti, damar divarının vəziyyəti və qanın özlülüyü mühüm rol oynayır. Patologiyanın klassik əlamətlərinə zədələnmiş nahiyədə ağrı, şişkinlik və qızartı aiddir”.

Öncə qapı venasından danışan həkim terapevt bildirdi ki, xəstəlik qaraciyərin qapı venasında baş verir. Nəticədə qaraciyərə qan axını zəifləyir, təzyiq yüksəlir. Proses adətən pankreatit, sirroz və ya xolangiokarsinoma fonunda baş verir:

“Böyrək venasının trombozu prosesi isə böyrək venasının trombla tutulmasından ibarətdir. Belə hallarda antikoaqulyant terapiya aparılır. Qeyd edim ki, Anticoaqulant terapiya ən məşhur yanaşmalardan biridir. Artan qan qatılıq qabiliyyəti ilə bağlı xəstəliklərin müalicəsində istifadə olunur. Müalicə, tromboz və tromboemboliyanın inkişafına mane olan dərmanlar qəbul etməsinə əsaslanır. Antikoaqulyant preparatlar pıhtılaşmanı yavaşlatır və sulandırır.

Arterial tromboz isə arteriyalarda trombun yaranması ilə gedir. Çox zaman arterial tromboz aterosklerotik lövhəciklərlə müşayiət olunur və aterotromboz adlanır. Hər bir halda arterial tromboz təhlükəli vəziyyət hesab olunur. Çünki belə xəstələrdə istənilən orqanın infarkt ehtimalı yüksək olur”.

Həkim deyir ki, tromboz nahiyəsində bakterial infeksiya olduqda, tromb dağıla və onun hissəcikləri qanla yayılaraq, metastatik abseslər törədə bilər. Onun sözlərinə görə, prosesə infeksiyanın qoşulmadığı hallarda isə tromb qoparaq, qan damarını tuta və insult, infarkt yarada bilər.

Terapevt bildirdi ki, müalicədə xolesterini azaltmaqla pəhriz rejimi və aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini endirən preparatlar: statinlər, nikotin turşusu, fibratlar, antikoaqulyantlar məsləhət görülür:

“Bir çox hallarda əməliyyata gedən pasiyentlərdə tromboz riskini azaltmaq üçün damar corabları təyin olunur. Yataq rejiminə məhkum olan xəstələrdə, ortopedik cərrahiyyədə aşağı molekullu heparinə, baldırın mexaniki kompressiyasına üstünlük verilir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir