aile

Övlad tərbiyəsində hansı məqamlara diqqət yetirilməlidir?

Baxış sayı: 607

Ailə insanın bir şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. O cümlədən uşaq şəxsiyyətinin formalaşmasında da ailənin rolu əvəzsizdir. Hər bir şəxsin sonrakı taleyi, həyatda tutacağı mövqe ailə tərbiyəsi ilə bilavasitə bağlıdır. Müasir dövrdə isə yaxşı övlad tərbiyə etmək bir qədər də çətinləşib. Mütəxəssislərin fikrincə, ailədə uşaqları yaxşı tərbiyə etmək üçün birinci şərt valideynlərin övladlarla ədalətli rəftarı, birini o birindən üstün tutmamasıdır. Əgər valideyn övladlarından biri ilə o biri arasında fərq qoyursa, o biri övladda bu övlada qarşı qısqanclıq və ya nifrət meydana gələ bilər. Bundan başqa, uşaqlar ailənin güzgüsü sayıldığından valideynin şəxsi nümunəsi tərbiyə işində son dərərcə böyük rol oynayır. Uşaqlar ata və analarının timsalında sosial təcrübələri mənimsəyirlər. Belə ki, valideynlər özlərinin zahiri görkəmləri, dünyagörüşləri, maraq və meyilləri ilə gənc nəslə mühüm təsir göstərirlər. Üstəlik, uşağın yaşı nə qədər azdırsa, valideynin şəxsi nümunəsi o qədər əhəmiyyətlidir.

Maraqlıdır, müasir dövrdə övlad tərbiyəsində hansı məqamlara daha çox diqqət yetirilməlidir? Valideyn-övlad arasında münasibətləri necə sağlamlaşdırmaq olar?

valideyn

Fərqli ölkələrdə övlad tərbiyəsi ilə bağlı maraqlı faktlar

Əvvəlcə ondan başlayaq ki, hər bir ölkədə uşaqların tərbiyəsinə baxış və yanaşma fərqlidir. Hər millət öz gələcək nəslini ənənəvi mental dəyərlərə və zehniyyətə söykənərək böyüdür. Məsələn, İngiltərədə uşaqlara ilk yaşlarından özünəinam hissi aşılanır. Onları hər bir uğuruna görə alqışlayırlar. İngilislər uşaqlarda özünəinam hissinin olmasına fikir verirlər və yalnız bu halda onun müstəqil şəxsiyyət kimi yetişəcəyini, çətin məqamlarda qərar verə biləcəyini deyirlər. İngilis qadınları özgə uşaqlarına heç zaman acıqlanmırlar. Bağçalardakı tərbiyəçilər belə nadinc uşaqları vurmaq, yaxud məzəmmət etmək yerinə, başqa vasitələrlə sakitləşdirməyə çalışırlar. Nisbətən yuxarı yaşdan olan uşaqlarla isə uzunmüddətli söhbətlər aparılır, hərəkətlərinin məsuliyyəti sözlə başa salınır. Məktəblərdə də şagirdlərin müstəqilliyi, fərdi xarakteri alqışlanır. İngilis uşaqları hansı dərslərə gedib-getməyəcəklərini də özləri seçir. Azyaşlı vaxtından onlara ayrıca otaq ayrılır. Valideynlər qapını döymədən heç vaxt övladlarının otağına daxil olmurlar.

Yaponiyada uşaqlara verilən təhsil öz mürəkkəbliyi ilə seçilir. Belə ki, yaşından asılı olaraq uşaqlara müxtəlif cür yanaşılır. Belə ki, 5 yaşına qədər uşaqlara bütün hərəkətlər icazə verilir. Uşaq yolda uzansa və evin divarlarını yazsa da, valideynlər təmkinlərini itirmirlər. 6-14 yaş arasında uşaqlar artıq əsl yapon sərtliyi ilə üzləşirlər. Bu dövrdə valideyn sözü uşaq üçün qanun olur. Həmin yaşlarda uşaqlardan gözləntilər çox yüksək olur. Məşhur  yapon işgüzarlığı, ictimai qaydalara və qanunlara hörmət, tapşırığı sözsüz icra etmək vərdişi də bu yaşda formalaşır.

Mühafizəkar yapon cəmiyyəti oğlanların yemək bişirəməyə məcbur olmadığını, lakin maksimum sağlam və bilikli olmasını istəyir. Buna görə, yeniyetməlik yaşlarından övladlarını müxtəlif idman dərnəklərinə yazdırırlar. Qızlar isə daha çox evdə qalır və ev təsərrüfatını idarəetməyə öyrədilir. On beş yaş yapon cəmiyyətin bərabərhüquqlu üzvü sayılır və ona böyüklər kimi yanaşılır.

Alman valideynlər övladlarının vaxt itirməməsi və mümkün qədər intizamlı böyüməsi üçün hər şeyi etməyə çalışırlar. Rejimin pozulmasına, uşaqlara televiziya baxmasına icazə vermir və uşaqlar boş vaxtlarını öz inkişafları ilə keçirirlər: rəsm çəkir, heykəltəraşlıq edir, oxuyur və oxuyurlar. Valideynlər övladlarına zaman idarəçiliyinin əsaslarını öyrətməlidirlər: işlərini bir gün və ya hətta bir həftə yazmalı olduqları gözəl gündəliklər verirlər. Planlaşdırma həm də büdcəyə aiddir. Alman xalqı xüsusi qənaətcilliyi, dəqiqliyi ilə seçilir. Almanlar, ilk növbədə, övladlarında formalaşdırmaq istədikləri bu xüsusiyyət keyfiyyətləridir.

Danimarkada uşaqları vurmağı qadağan edən qanun 1968-ci ildə qəbul edilib. Bu ölkədə uzun illərdir ki, fiziki cəzanın nə olduğunu bilməyən birdən çox nəsil böyüb. Uşaqlar 18 yaşına çatdıqda valideynlərin evini tərk edirlər.  Danimarka qanunları 15 yaşından kiçik uşaqların belə mənzil problemləri ilə məşğul olmasına imkan verərək, gənclərin öz mənzillərini tez bir zamanda əldə etmələrini təmin edir. Yeri gəlmişkən, psixoloqlar da Danimarkanın dünyanın ən xoşbəxt ölkələrindən biri olduğunu söyləyirlər.

Norveç İsveçdə isə valideynlər övladlarına tam sərbəstlik verirlər. Uşaq nə oynayacağına və ya nə edəcəyinə özü qərar verir. Bu ölkələrdə sərt bir gün rejimi yoxdur və uşaq böyütmək üçün səy göstərdikləri əsas şey onların inkişafıdır. Uşaq bağçalarında təhsil fəaliyyətləri və ibtidai məktəb əsasən oynaq bir şəkildə həyata keçirilir. Səsini körpəyə qaldırmaq, daha da şillələmək qətiyyən mümkün deyil. Sosial xidmətlər bu valideyn davranışını görsələr, uşaq ailədən çıxarılacaqdır.

Skandinaviya uşaqları öz hüquqlarını kiçik yaşlarından bilir və onlarla kobud davrandıqlarına görə məhkəməyə müraciət edə bilərlər.

valideyn

Valideynlər uşaqların inadkarlığından tez-tez şikayət edirlər

Uşaqlarla düzgün davranmağın yollarına toxunan psixoloq Vəfa Əkbər bildirir ki, uşaqlar ağ səhifə kimidir: “Təbii ki, ora nə yazsan, gələcəkdə də onunla rastlaşacaqsan. Başqa bir deyimdə isə bildirilir ki, uşaq evin güzgüsüdür. Yəni evdə valideynlər necə davranırlarsa, uşaqlar da onları eynilə əks etdirir. Uşaqlara tərbiyə vermək, onları düzgün qaydada böyütmək isə elə də asan iş deyil. Həmçinin valideynlər onlarla necə davranmaq lazım olduğunu, onların nələri sevəcəyini və onları necə sevindirmək mümkün olduğunu bilsələr, çox yaxşı olar. Validenynlər uşaqları sevindirməyin o qədər də çətin olmadığını anlamalıdırlar. Düzgün üsul seçməniz, övladınızın fərdi xüsusiyyətlərini nəzərə almanız bu işdə sizə yardımçı olar. Övladlarınız eyni tərbiyədə, eyni ailə mühitində böyüsə də, hər birinin özünəməxsus xüsusiyyətləri olduğunu unutmayın. Onların fərdi xüsusiyyətlərini nəzərə almanız yalnız bu işdə deyil, tərbiyə zamanı, onlarla davranarkən, qaydalar qoyarkən, dərs tapşırıqlarını yerinə yetirərkən və digər nüanslarda sizin lazımınız olacaq. Məsələn, birlikdə ev işləri görün. Bu işləri əyləncəli vəziyyətə gətirə bilərsiniz. İşlərinizi planlayaraq, onunla birgə ev işləri görməniz marağına və sizə yardım edə bildiyi, ona güvəndiyiniz üçün xoş hiss yaşamasına səbəb olar. Avtomobilinizi təmir edərkən, evdə təmir işləri apararkən balaca oğlunuzun köməyindən yararlanın. Bu zaman siz həmçinin şəxsi davranışınızla ona nümunə olduğunuzu unutmayın. Ona kitab hədiyyə edin. Kitab hədiyyə etmək üçün xüsusi bir günün olmasını gözləməyin. Yaşına uyğun və maraqlı hekayələrdən ibarət kitablar övladınızın sevincinə səbəb olar. Birlikdə film izləyin. Film maraqlı olduğu qədər övladınızın yaşına uyğunluğuna da diqqət edin. Film izləmə zamanını övladınız üçün əyləncəli edin. Gəzintilər təşkil edin. Onun sevdiyi yerlərə getməniz övladınız üçün daha xoş olar. Bu zamanı ona həsr etməyə çalışın. Telefonla məşğul olmanız və digər işlərinizi gəzinti zamanına saxlamanız övladınıza xoş olmayan hisslər bəxş edər. Birlikdə oyunlar oynamanız onun xüsusi sevincinə səbəb olmaqla yanaşı, ona olan qayğınızın, sevginizin və diqqətinizin də göstəricisi olar. Domino, dama, şahmat, puzzle yığmaq kimi oyunlardan istifadə edə bilərsiniz”.

Vefa Ekber

Psixoloq vurğulayır ki, müasir dövrdə valideynlər uşaqların inadkarlığından tez-tez şikayət edirlər: “Bu halda onlarla necə davranacaqları barədə məlumatsız olurlar. Əslində “xeyr”, “lazım deyil”, “istəmirəm” deyən uşaqla inadlaşmaq, onu cəza ilə qorxutmaq, kimin dediyi olacaq deyə yarışa girmək olmaz. Bəzən uşaq məhəbbətinizi, səbrinizi, onu nə qədər sevdiyinizi bilmək üçün “yox” deyib inad edə bilər. Əgər qəzəblənib üstünə qışqırsanız, “Mən haqlıyam, məni sevmirlər”, –  deyə düşünər. Uşaq inad edərsə, bunun səbəbini soruşun: “Göstərilən səbəbin nə qədər gülməli və əsassız olmasına baxmayaraq, səbirlə onu dinləyin. Özünüzü uşağın yerinə qoyun. Narahatlıq və qorxularını anlamağa çalışın. Ona səbirlə, əsəbiləşmədən qulaq asdığınızı görəndə uşaq duyğularını ifadə etməyi öyrənir. Uşaq istəklərinin yerinə yetirilmədiyini görəndə o, daha da inad göstərə bilər. Anasından, atasından inciyən uşaq intiqam hissi ilə də inadkar ola bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir