57015604_280390009570383_2354536170139942912_n

Qış bitdi və məzuniyyətinizin hamısını yayda xərcləməyin – HƏKİM RƏŞAD SULTAN yazır

Baxış sayı: 3. 371

Qış bitdi. Amma yenə gələcək. Adətən qış bitib yaz-yay gələndə sevinirik, tətil mövsümü, gəzmək vaxtı gəldi deyə. Dəniz, təbiət istilərin gəlişi ilə insanlara qucaq açır. Qış gələndə isə insanlarımızın çoxu üçün gəzmək anlayışı qapanır, darıxmaq, depressiya başlayır.
Soyuq mənlik deyil, mən soyuğa dözə bilmirəm deyib bürünürlər şəhərə.
Sizə bir şey deyim – Bakı hər halda dünyanın ən soyuq şəhəridir. Bu, əlbəttə ki, belə deyil. Amma razılaşarsınız ki, belə hiss edilir. Külək rəsmən insanı keyləşdirir. Bir müddər sonra hətta əsəbləşdirir. Avropanın şaxtalı şəhərlərində də, Azərbaycanın soyuq bölgələrində də qış Bakıdakı kimi bezdirici və üşüdücü hiss edilmir.
O zaman nə oturmuşuq qışda Bakıda!
Qışın əyləncələri yaydan daha çoxdur, inanın.
Qarşıdan yay gəlirkən bunları bizə niyə deyirsən ki, deyə soruşsanız, belə cavab verərəm – mən ötən qışın təəsüratlarını sizinlə bölüşüm, siz özünüz qərar verin gələn qışı necə keçirəcəyinizə. Yəni bütün məzuniyyət haqqımı yayda istifadə edib qışda durmadan çalışım, deməyin. Vaxt olaraq da, pul olaraq da, mental olaraq da qışa nəsə saxlayın.
"Bizdə qış olur ki?!" deyənlərə, “bizdə elə qış olmasa yaxşıdır" deyənlər cavab verirlər. Bunlar bəlkə də eyni adamlardır və hardasa, haqlıdırlar da. Şəhərə qar yağsa xizək geyinib sürüşəsi deyilik ki. Qar elə təbiətə – dağlara, meşələrə yaraşır.
Siz hələ çıxın Bakıdan, görək, Bakı daha soyuqdu, yoxsa Qusar, yoxsa Qəbələ, yoxsa Naxçıvan. Termometrin nə göstərdiyini demirəm, insanın nə hiss etdiyini deyirəm.
Bu gün sadəcə bir bölgəmiz haqda təəsüratlarımı bölüşəcəyəm – aludəsi olduğum Qusar və Şahdağ.
Bir şənbə günü günortadan sonra şəhərin küçələri doğru-dürüst yağmayan bir yağışın palçığındaykən, axşamkı toya hazırlıq üçün qadınlar salona tələsirkən, şadlıq evləri ətrafında tıxaclar sıxlaşırkən, Tərişimin, Mətişimin, Aykamın, Günkamın, ya da 80 yaşlı canım atamın-anamın ən son açılan restorandakı qulaqbatıran səs-küylü ad günü qonaqlığı son dərəcə önəm qazanırkən, sən şəhər kənarındakı yolla bu meşşanlıqdan uzaqlaşmanın rahatlığını yaşayırsan.
56656198_864809163859712_5957241152766738432_n
Artıq yolun kənarında açıqlığı, təpələri, ağaclıqları görəndə ötən həftənin mənasız stresini atmağa başlayırsan.
Hər həftə 200 km yolu 3 saat gedib gəlmək ciddi bir əziyyət kimi görünə bilər. Amma şəhərin içində 20 km yolu getməyə bəzən bu qədər vaxtımız gedir tıxacların ucbatından. Yenə də tıxacda dayanmaqdan daha xoşdu dağ yolu, kənd yolu ilə maşın sürmək.
Bir də yolu özün üçün mərhələlərə bölmüsənsə, arada çay-kofe fasiləsi verirsənsə, yol daha da qısalır. Bir də yanında maraqlı həmsöhbət dostların varsa, o yol olmur, əyləncə olur. Siz getdiyiniz qonaqlıqlarda musiqi adlandırdıqları o səs küydə yanınızdakı adamın səsini eşitmirsiz, amma mən yolda dostlarımla bol-bol dedi-qodu edirəm.
Məsələn, Qusar yolunda məsafənin tam ortasında Beşbarmaqda 5-10 dəqiqəlik fasilə verə bilərsiniz. Həm marketlərdən nəsə alıb, həm də kofenizi yanınıza götürüb içə-içə yola davam edə bilərsiniz.
Əgər yola səhər tezdən çıxmısızsa, Dəvəçidən, Şabrandan etibarən yol kənarındakı məkanlarda səhər yeməyi yemək olar. İsti təndir çörəyi və pomidor-yumurta, qoyun pendiri və isti çay içəndən sonra inanmıram deyəsiz ki, Bakı daha isti idi.
Qubaya yaxınlaşdıqca kənd mənzərələri içinizi daha da isidəcək, axşamtərəfi qalınacaq yerə çatmanın həyəcanı daha da artacaq.
Qalınacaq yer haqqında çox danışmaq olar.
Əgər konkret Şahdağa xizək sürməyə gedirsizsə, bu, Şahdağın dəbdəbəli otelləri də ola bilər, Qusarın xudmanı istirahət mərkəzləri də.
Bu barədə seçim edərkən nəyi nəzərə almaq lazımdır – neçə gün qalacaqsız, birincili məqsədiniz nədir və əlbəttə ki, maddi imkan. Şahdağın 5 ulduzlu otelləri çox komfortlu və eyni zamanda çox bahalıdır. Əgər bir günlük xizək sürməyə gedirsizsə, bu otellərdə qalmaq şərt deyil. Deyək ki, bir bazar gününü xizək sürməklə keçirmək istəyirsiniz. Eyni zamanda, bunu səhər maşın sürüb yorularaq etmək istəmirsiniz və gecəni Qusarda keçirməyə qərar vermisiniz. Deməli, şənbə axşamüstü yola çıxıb Şahdağ istiqamətində yola çıxırıq. Nəzərə alaq ki, otellərə giriş saatı 14-00, çıxış saatı ertəsi gün 12-00. Beləliklə, şənbə axşamı çatıb, ertəsi gün saat 9-dan axşam 17-00-acan xizək sürəcək birisinə otelə pul xərcləmək sərf etmir. Belə halda gecələmək üçün xudmanı bir evcik tipli istirahət mərkəzi kifayət edər. Belə evciklərdən Qusar rayon mərkəzi və kəndlərində, Qusarçayın mənzərəli sahili boyu saysız-hesabsız tapmaq olar. Amma qış mövsümündə, həftə sonları öncədən rezervasiya şərtdir, yer tapmaq müşkül məsələdir. Bu yerlərə çatdığınız zaman soyuq havadan isti təmiz otağa girib, dərhal yatmağa tələsməyin. Axı bu havada yerli təamların öz ləzzəti olur. Dışarda sakit qar yağarkən, isti hind toyuğu şorbası və ya quzu buğlama bir az da sarımsaqlı sirkə əlavə etməklə əla gedir. Sonrasını da özünüz bilərsiz, kababdan etibarən hər cür yemək buralarda dadlı olur. Evdə hazırlanan şirin qırmızı şərabın dadına baxmaqdan çəkinməyin, bu təmiz şaxtalı havada tez detoksikasiya olur, maşın da sürmək yoxdu, nuş edin. Bir az antireklam olacaq, amma bu yeməkləri Şahdağın dəbdəbəli otellərində bu ləzzətdə tapmaq çətin məsələdir. Amma bir neçə günlük gəlmisizsə, həmin otellərdə qalmaq rahatlıq baxımından məntiqli ola bilər.
Səhər açılanda dünən gecə görə bilmədiyiniz əzəmətli Şahdağın soyuq qarlı mənzərəsi bir anda yuxuculluğu aradan qaldırır. Şəhərdə il boyu qar görməyən bizlər üçün həyəcan və səbrsizlik bir-birinə qarışır. Səhər yeməyindən sonra Qusardan 20-25 dəqiqəyə Şahdağa çatırıq və….
Bundan sonra xizək götürmək, kanatda gəzinti, xizək sürmək və həyatın yepyeni bir zövqünə yolçuluq başlayır. Bu zövqün incəlikləri barədə bəlkə gələn yazılarımızda. Xizək sürmək, sadəcə, dağın başına qalxıb, ordan üzüaşağı gəlmək deyil. Bu əyləncə özündə şəhərdən kənara çıxmaq, dostlarla işdən kənar vaxt keçirmək, təmiz hava və gözəl təbiətlə qaynaşmaq, eyni zamanda hərəkət, adrenalin və idmanı birləşdirir. Biz bu dəfə təkcə şəhərdən kənara çıxmaq hissəsi barədə danışdıq. Gələn dəfə həm digər həyəcanlı məqamları bölüşməyə çalışarıq, həm də bir az da Qəbələdəki Tufandağ qış mərkəzi barədə yazarıq.
Sağlam həyat arzusu ilə, hələlik.

Həkim Rəşad Sultan

 

56610503_168401504077564_3451263306193436672_n

56649289_2216132068471336_4728990328424497152_n

56673156_2158529591104358_8991819994761265152_n

57034785_418617518686525_8727410641104535552_n

57049182_759010601147907_5434762319693348864_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir