resad sultan

Yaxşı həkim – Bizim kənddən hamı onun yanına gedir

Baxış sayı: 759

Nədir yaxşı həkim? Ümumiyyətlə, nədir yaxşı sənətkar? Əvvəlcə ondan başlayaq ki, nədir sənətkar? Əlini və beynini işlədərək nə isə yaradan, xarab olmuş nəyi isə düzəldən insan. Bir ev ustası, bir avtomobil təmirçisi və hər gün  müraciət etdiyimiz peşə sahiblərindən tutmuş rəssamlara, şairlərə, bəstəkarlaradək hamısını saymaq olar.

Əlbəttə, yaxşı sənətkar deyəndə, ilk növbədə o sənətin məhsulu ağlımıza gəlir. Məhsul keyfiyyətlidirsə, sənətkar da bacarıqlıdır, deməli. Amma məhsulun keyfiyyətini dəyərləndirmək həmişə də asan deyil axı. Necə deyərlər, zər qədrini zərgər bilər, nə bilər hər divanə?! Deməli, sənətdən başımız çıxmırsa, məhsulu və sənətkarı qiymətləndirməyə tələsmək olmaz. Hətta, lazım gəlsə, başı çıxanlardan da soruşmaq olar.

İndi gələk yaxşı həkim məsələsinə. Bəlkə bir dərzinin, xarratın işini gözəyarı qiymətləndirmək olar, amma əmin olun, həkimin işinin keyfiyyətini dəyərləndirmək üçün ən azı həkim olmaq lazımdır. Həkimin işi heç də həmişə “məhsul”a baxmaqla qiymətləndirilmir. Burdan yola çıxaraq, uzun illər cəmiyyətimizdə mövcud olan bir sıra inanсlara toxunmaq istəyirəm.

Ən çox deyilən sözlərdən biri: “həkim birinci növbədə psixoloq olmalıdır. Xəstəni öz sözləri ilə sağaltmalıdır. Yaxşı həkimin yanından çıxanda xəstəliyin yarısı sağalmalıdır“. Əlbəttə ki, həkim mehriban olmalıdır, amma psixologiya ayrı bir sahədir və lazım olanda xəstəliyinə görə psixologiyası pozulanları psixoloq müayinəsinə yönləndirmək olar. O somatik xəstəlik ki, həkimlə söhbət etməklə sağalır, deməli, o xəstəlik heç yox imiş. Üstündə də sizə 2 vərəq dərman yazılırsa, ehtiyatlı olun.

“Filan yerdə bir cərrah var, əlləri qızıldı. Bizim kənddən hamı onun yanına gedir“. Heç soruşan yoxdu, bu cərrahın ixtisası nədir. Qulağı ağrıyan da onun yanına gedir, ayağına tikan batan da. Əgər bir cərrahın əməliyyatından xəstə sağ çıxırsa, ona avtomatik yaxşı həkim kimi baxılır. Heç kimin ağlına bu sual gəlmir: “Görəsən, bu əməliyyata ehtiyac var idi”. Göstərişsiz, lazımsız əməliyyatların nə qədər edildiyini hamı bilir.

Yaxşı həkim olmağın ən önəmli göstəricilərindən biri də qapıda növbədir. Yəni 1 həftə müraciət edən xəstələrin hamısına bir gündə eyni saatda randevu verib, özün  də 1 saat geciksən, avtomatik “yaxşı” həkim olursan.

filan yerdə bir həkim var, bir barmaqla diaqnoz qoyur“. Bu çox da inandırıcı olmadı. Amma sorğu və müayinə ilə klinik diaqnoz qoymaq olar. Bunun tərs variantı daha pisdi. Yəni həkim analiz istəmirsə, ona pis baxılır. Nə qədər çox analiz istəsə, bahalı aparaturayla müayinəyə göndərsə, o qədər sevilir.

Ən “yaxşı həkim” isə telefonla diaqnoz qoyub hər dərdə dərman olan həkimdi. Əgər xəstəyə “gəlin baxaq” deyiriksə, avtomatik pulgir həkim oluruq.

Hələ bu harasıdı?! Həkimi sürdüyü maşına, istifadə etdiyi cib telefonuna görə qiymətləndirənlər də var.

Yaxşı həkim məsələsi niyə bizim cəmiyyətdə bu qədər aktualdır, bir az da bundan danışaq. Mütəxəssisin keyfiyyətindən söhbət gedəndə, əlbəttə ki, onun yetişməsi ağla gəlir. Həkim yetişdirmək bütün dünyada ən problemli mövzulardandır. Dünyanın ən inkişaf etmiş ölkələrində həkim çatışmazlığı problemi var. Niyə? Çünki yetişməmiş həkimi işə buraxmırlar. Həkimi yetişdirmək isə uzun bir sürəcdir. Hər sənətin nəzəri və praktik hissəsi varsa, həkimlikdə bu hissələri bilmək çox-çox daha vacibdir. Yəni “həkiminki əsas praktikadır” sözünü unudaq artıq. İnsanlığın yüzillər ərzində yazıb yaratdığı tibb elmini bir cümlədə öldürməyək. Beləliklə, həkimlik təhsili iki hissədən ibarətdir: tibb universitetindəki baza tibb təhsili və ixtisas təhsili. Mütəxəssisin, sənətkarın keyfiyyəti onun aldığı təhsildən, keçdiyi məktəbdən asılıdır desəm, yəqin ki, yeni bir şey kəşf etmiş olmaram. Əlbəttə, fərdi xüsusiyyətlərin də önəmi var, amma standart bir təhsil sisteminin olduğu yerdə eyni keyfiyyətdə mütəxəssislər görə bilərik. Bax, o zaman “yaxşı həkim, pis həkim” təsnifatı aradan qalxar, bütün həkimlərə eyni dərəcədə güvən yaranar xalqda. Təsadüfi deyil ki, xaricdə, məsələn Türkiyədə yetişmiş həkimlər çoxluğun inamını qazanıb, çünki oradakı həkim yetişdirmə sisteminin standartları və nəticələri çoxdan hamımıza məlumdur.

Beləliklə, yaxşı həkim kriteriyalarından biri alınan təhsil və keçilən məktəbdir. Amma bu da ən vacib meyar deyil. Yaxşı sənətkarın birinci kriteriyası vicdandır. Biliyi və bacarığı ancaq şəxsi mənafeyə yox, insanlara fayda verməyə yönləndirən vicdan.

Bəziləri vicdan deyəndə birbaşa maddiyyat, xidmət xərcinin çoxluğu-azlığını başa düşür, əslində bu, belə deyil. Sənətkar öz sənətinin, işinin müqabilində aldığı zəhmət haqqı ilə dolanır, buna görə onu heç kim günahlandıra bilməz, istəməyən xidmətdən imtina edə bilər. Vicdan xidmətdə yalana, saxtakarlığa yol verməmək deməkdir. Həkim diaqnostikada və müalicədə səhv edə bilər, amma şəxsi marağı üçün ehtiyac olmayan bir analiz, diaqnostik metod, dərman müalicəsi, əməliyyat edə bilməz və etməməlidir. Vicdan bu anda işə qoşulur.

Beləliklə, yaxşı həkimin kriteriyaları: vicdanlı olmaq, səviyyəli təhsil alıb məktəb keçmiş olmaq.

Bunları müəyyənləşdirmək o qədər də çətin deyil.

Bu gün ölkəmizdə hər ixtisasda yaxşı həkimlər var. Sadəcə olaraq, onları tapmaq lazımdır. Seçim kriteriyalarınızı gözdən keçirin.

Sağlam olun!

Ginekoloq Rəşad Sultan




2 şərh “Yaxşı həkim – Bizim kənddən hamı onun yanına gedir

  1. Nushabe

    Rastlashdigim en vicdanli hekimim Reshad Sultan!!Heqiqetende oz shexsi menafeyini dushunmeyerek ilk olaraq xestenin yaninda olan esl peshekar.Kash sizden cox olardi 🙂 Adamin herden bashqa yerleride agriyir ay hekim))Butun xestelere shefa dileyirem her kese hekiminin yanina urekle getmeyi arzu edirem neceki men Reshad doktorun yanina gedirem.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir