Zumrud Haqverdiyeva 1

Zəlzələ insan psixologiyasına necə təsir edir? – “SEANS VAXTI”

Baxış sayı: 463

Zəlzələ nədir? Zəlzələ – baş verdiyi ərazilərdə dağıntılara səbəb olan, eyni zamanda insan psixologiyasını çox böyük mənfi təsir edən təbii fəlakətdir.  Zəlzələlər də digər təbii fəlakətlər kimi insanda travmaya səbəb ola bilir və insanlar duyğu, düşüncə və davranışlarına görə müxtəlif reaksiyalar  verə bilirlər. Ancaq hər bir insanın travmaya məruz qalma dərəcəsi də  fərqlidir.

Məsələn, zəlzələni yaşayan şəxs zəlzələnin təsirinə məruz qalsa da, həmin şəxsdə travma sonrası stress pozuntusu olmaya bilər. Buna baxmayaraq, zəlzələni hiss etməyən, ancaq sosial şəbəkə vasitələri ilə izləyən bir çox insanda travma sonrası stress pozuntusu müşahidə oluna bilər. Ona görə də zəlzələ ehtimalı belə psixologiyamıza zərər  gətirə bilər.

Zəlzələdən sonra insan psixologiyası üç mərhələdən keçir: şok, passivləşmə və bərpa mərhələsi.

Zəlzələyə məruz qalan şəxs psixoloji sarsıntı keçirir. Şok reaksiyası orqanizm tərəfindən cavab verilən psixoloji müdafiə mexanizmidir.

Zəlzələdən dərhal sonra insanda həddindən artıq qorxu hissi, nə etdiyini bilməmək, duyğularını hiss edə bilməmək, reaksiya verə bilməmək, ətrafı və hadisələri tam qavramaq kimi əlamətlər ola bilər. Birdən insana təsir edən ölüm qorxusu insandapanikaya gətirib çıxarır.

Hadisə yerində  bəzi insanlar zəlzələdən sağ çıxmaq üçün şüursuzca risk edə bilərlər. Məsələn, özlərini hündür mərtəbədən ataraq yaralana və ya ölə bilərlər.

Zəlzələdən zərər çəkən insanlar passiv mərhələdə ola bilirlər. Bu mərhələdə insanlar travmanın  təsirindən qurtulmaq üçün göstərdikləri səylərə baxmayaraq, özlərini gücsüz və yorğun hiss edirlər. Ətrafdan edilən köməklə onlar şüurlu şəkildə davranmağa başlayırlar.

Zəlzələnin psixoloji yaralarının sağalmağa başladığı mərhələ bərpa mərhələsidir. Sağalma vəziyyəti müsbət görünsə də, vəziyyət o qədər də asan deyil.

Bu, insanın ən yüksək narahatlıq səviyyəsində olduğu mərhələdir. Yuxusuzluq, zəlzələ ilə bağlı kabuslar görmək, hadisəni narahatlıq edəcək səviyyədətez-tez xatırlamaq, davamlı zəlzələ qorxusu,  gələcək üçün plan qura bilməmək, yadlaşma, hadisəni xatırladan vəziyyətlərdən qaçma kimi hallar müşahidə edilir. Bu simptomlar insandan insana dəyişə bilər. İnsan həyatının əvvəlki vəziyyətinə qayıdacağına ümidini itirərsə, bu zaman özünə zərər verə bilər. Psixoloji gücünü qoruyub saxlaya bilən insan qısa zamanda bu vəziyyətin öhdəsindən gələ bilər.

ZELZELE

Zəlzələdən sonra psixologiyamızı qorumaq üçün nələr edə  bilərik;

1) Zəlzələ zamanı başınıza gələnlər  haqqında danışmaqdan qorxmayın.

2) Hisslərinizi, düşüncələrinizi, kədərinizi basdırmağa çalışmayın.

3) Zəlzələ ilə bağlı hiss və düşüncələrinizi yaxınlarınızla bölüşün.

4) Həyatınızla bağlı düşünməyə başlayın və gələcək planlar qurmağa çalışın.

Yaşadıqlarınızdan dolayı özünüzü aciz hiss edə bilərsiniz. Bu təbii haldır.

Ancaq bu şikayətlər azalmazsa, həyatınızı çətinləşdirirsə, öhdəsindən gəlməkdə çətinlik çəkirsinizsə, mütəxəssisdən psixoloji dəstək ala bilərsiniz.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya, Nitq və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir